“Elektron hökumət”dən zəif görənlər üçün yenilik

26 Noyabr 2013 15:18 (UTC+04:00)

"Elektron hökumət" portalına yeni funksiya əlavə edilib.

Aznews.az xəbər verir ki, mətnin səsləndirilməsi sistemi portala inteqrasiya edilib.

Bu sistem vasitəsilə artıq saytın bütün bölmələrində hər bir mətnin altında yerləşdirilən "Bütün mətni səsləndir" və ya "Seçilmiş mətni səsləndir" düymələrini sıxmaqla həmin mətni tam, yaxud hissə-hissə dinləmək imkanı yaradılıb.

Bununla yanaşı, mətnləri "mp3" formatında kompüterə yükləmək də mümkündür.

MHM-in direktoru Nail Mərdanov açıqlamasında bildirib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin internet səhifəsi olan www.mincom.gov.az -da tətbiq olunan layihəsi "Elektron hökumət" portalına inteqrasiya olunub: "Məqsədimiz zəif görən insanların portaldan istifadəsini asanlaşdırmaq, xəbərlərdən – yeniliklərimizdən onların da xəbərdar olmasını təmin etməkdir".
Bəs, elektron xidmətlərdən zəif görən insanların istifadəsi də mümkündürmü?

N.Mərdanovun sözlərinə dörə, bunun da üzərində iş gedir. İndi olmasa da, 1-2 ilə mümkündür: "Reqlamentlər, təlimatlar, xidmətlərin istifadəsi üçün digər texnologiyalar öyrənilməlidir. Burda səsin tanınması istifadə olunmalıdır. İndi onun üzərində işləyirik. Səsin tanınması üçün baza formalaşmalıdır. Yəni biz onlarla birlikdə bunu işləməyə başlamışıq artıq".

Ruhiyyə
Aznews.az