Şamaxıda gənclərlə bağlı tədbir - Foto

27 Noyabr 2013 15:10 (UTC+04:00)

Şamaxıda bölgə gənclərinin asudə vaxtının təşkili ilə bağlı dəyirmi masa keçirilib. Tədbirin əsas məqsədi turizm bölgələrində yaşayan fəal gənclərin yerli mədəniyyət abidələrinin qorunması, təbliği işinə cəlb edilməsi, onların bu istiqamətdə göstərdikləri təşəbbüs və təklifləri dəstəkləmək olub.

AzNews.az xəbər verir ki, Şamaxı Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azad Gənclər İctimai Birliyinin və Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Dəyirmi masada Gənclər və İdman, həmçinin Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə bölgələrdə yaşayan gənclərin asudə vaxtının səmərəli təşkili müzakirə olunub.

Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsinin aparıcı məsləhətçisi Rafael Tağızadə Şamaxıda 1 dünya, 24 ölkə, 47 yerli əhəmiyyətli abidənin olduğunu deyib. Daha 12 abidənin yeni aşkar olunduğunu, onların tədqiqi istiqamətində işlərin görüldüyünü diqqətə çatdırıb.

Şamaxı Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Məleykə Kamilova rayon ərazisində yerləşən bütün tarixi və memarlıq abidələrinin təbliğindən danışıb. Tədbirdə abidələrin təbliğində sosial şəbəkələrin də rolundan danışılıb.


Hər bir istifadəçisinin öz profilində rayonunun bir abidəsinin şəklini və onun haqqında qısa informasiya paylaşması vaxt və enerji sərfi baxımından kiçik, təbliğat baxımından isə olduqca böyük iş kimi xarakterizə olunub.

Şamaxılı aktiv gənclərə rayonun tarixi abidələrinin, turizm imkanlarının təbliği ilə bağlı sosial şəbəkələrdə fan klublar yaratmaq, digər bölgələrdən olan həmyaşıdlarını da təbliğat işinə cəlb etmək məsləhət görülüb.

Sonda tədbir iştirakçıları Şamaxı "Cümə" məscidində olub.

Qeyd edək ki, analoji tədbirlər İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarında da baş tutub. Şamaxıda təşkil edilən müzakirələrlə layihəyə yekun vurulub.

Sadiq Musa
AzNews.az