Həkim terroru ilə bağlı millət vəkilinə müraciət edildi

28 Noyabr 2013 11:29 (UTC+04:00)
Jurnalist Anar Niftəliyev həyat yoldaşı Elnarə Tofiqqızının (Niftəliyeva) "Medi Sina" klinikasında həkim terroru nəticəsində öldürülməsindən sonra Nəsimi Rayon Prokurorluğunda başlayan cinayət işi istintaqının gedişindən narahatlığını növbəti dəfə gündəmə gətirib. Istintaqın gedişini ictimai nəzarətdə saxlamaq üçün jurnalist bu gün millət vəkili Çingiz Qənizadəyə müraciət edib.

Müraciətdə bildirilir:



"Hörmətli Çingiz müəllim!


Sizə müraciətimin səbəbi bu il sentyabrın 20-də həyat yoldaşım, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, ədəbi tənqidçi Elnarə Tofiqqızının (Niftəliyeva) "Medi Sina" klinikasında əməliyyat zamanı həkim terroru nəticəsində dünyasını dəyişməsinə hüquq-mühafizə və səhiyyə strukturlarının qeyri-adekvat münasibətidir.

İctimaiyyətin diqqətində olan və gündəmdə saxlanan bu məsələ haqqında yəqin ki, məlumatınız var. Əlavə olaraq bildirim ki, "Medi Sina" klinikasında baş verən qətldən sonra yoldaşımın nəşi ekspertizadan keçirilib, ilkin və yekun rəylər açıqlanıb. Hər iki rəydə E.Tofiqqızının "nəfəs çatışmazlığı" səbəbindən dünyasını dəyişdiyi təsdiqlənib. Hazırda Tibbi Komissiya rəyi hazırlanır və həkimlərin məsuliyyətsizliyi aydınlaşdırılır.

Ancaq məsələ bundadır ki, Nəsimi Rayon Prokurorluğunda sentyabrın 25-də cinayət işi qaldırılsa və faktiki olaraq həkim səhlənkarlığı ilə bağlı ekspertizanın yekun rəyi ortada olsa da, istintaq qrupu demək olar ki, heç bir fəaliyyət göstərmir. İstintaq qrupu yalnız ilk günlər həkimlərin və zərərçəkmiş kimi mənim ifadəmi aldıqdan sonra, "komisyon rəyi gözləməklə" məşğuldur. Halbuki bu işdə həkim məsuliyyətsizliyi və səhlənkarlığından əlavə, daha böyük cinayət gizlənir.

Əvvəla, cərrahiyyə əməliyyatını həyata keçirən həkimlər – Mahir Məmmədov, Fərəcullah İdrisov və Firuz İbrahimov – heç biri "Medi Sina" klinikasının həkimləri deyillər. Onkoloq Mahir Məmmədov 1 saylı Hərbi Hospitalın onkologiya şöbəsinin müdiri, Fərəcullah İdrisov Topçubaşov adına Klinik Cərrahiyyə Elmi Tədqiqat İnstitutunun cərrahı, Feruz İbrahimov isə 1 saylı Şəhər Klinik Xəstəxanasının (Semaşko) anestezioloqudur. İndiyə qədər aydınlaşdırılmayıb ki, bu insanlar öz əsas iş yerlərindən sentyabrın 20-də, 5-ci gün necə ayrılıblar.

İkincisi, Səhiyyə Nazirliyinin daxili qərarı ilə, onkoloji əməliyyatlar özəl klinikalarda aparıla bilməz, qadağandır. Mən bu qərardan xəbərsiz olmuşam, amma bu daxili qərarı həkimlər yaxşı bilirlər. Onlar bu faktı məndən gizlətməklə, əslində, tamah məqsədilə əvvəlcədən cinayətə əl qoyublar.

Üçüncüsü, əməliyyat üçün niyə "Medi Sina"nın seçilməsi və məndə nə qədər pul alınması yönündə heç bir araşdırma aparılmayıb. Məlumat üçün deyim ki, məndə əməliyyat üçün 1000 (min) manat pul alan Fərəcullah İdrisovun əslində əməliyyatı kimlərlə və necə danışdığı, "Medi Sina"da əməliyyat otağını necə götürdüyü hələ də aydınlaşmayıb.

Mən əməliyyata gedənə qədər "Medi Sina" adlı klinikanın mövcudluğundan xəbərsiz olmuşam. Əməliyyata məni məcbur edən şəxs ailəmizə yaxın hesab etdiyim Fərəculla İdrisovdur. Məhz o, tamah məqsədilə mənim ona inamımdan sui-istifadə edərək, məni əməliyyatın vaciblyinə inandırmış, digər iki həkimlə razılaşmış və bu üçlük əvvəlcədən düşünülmüş surətdə qeyri-qanuni əməliyyat aparmışlar.

Bu barədə Nəsimi Rayon Prokurorluğunda ifadəmdə ətraflı göstərsəm də, istintaq qrupu heç bir araşdırma aparmayıb. Əksinə, bu üç həkimdən yalnız biri – Firuz İbrahimov özünə vəkil tutub və o vəkil qeyri-rəsmi söhbətlərdə artıq digər iki həkimin istintaqla anlaşdığını, məsuliyyətdən yaxa qurtarmaq üçün razılaşdırlarını bildirib.

Dördüncü, istintaq hələ də aydınlaşdırmayıb ki, bu əməliyyata heç
bir ehtiyac olmadığı halda niyə biz əməliyyatın vacibliyinə inandırıblar.

Beşinci, bu əməliyyat üçün narkozun verilməsinə ehtiyac olmadığı halda, əməliyyat öncəsi bizim israrlarımıza baxmayaraq, hər üç həkim niyə israrla narkozdan istifadəni vacib saydı?

Altıncı, tamah məqsədi ilə bu cinayətə qol qoyan hər üç həkim hazırda da iş başındadırlar və onların növbəti qurbanlarının kim və ya kimlər olduğu (və ya olacağı) məlum deyil. İstintaq müddətində bu həkimlərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı Səhiyyə Nazirliyi heç bir addım atmayıb və bu cinayəti görməzdən gəlməklə məşğuldur. Bu qədər ictimailəşmiş və xüsusi narahatlıq yaradan qətllərlə bağlı Səhiyyə Nazirliyi niyə önləyici addımlar atmır?


Hörmətli Çingiz müəllim!


Son aylar həkim terrorundan nə qədər ailənin bədbəxt olduğunu, necə faciələrin yaşandığını və bunun ictimaiyyət arasında necə narahatlıq yaratdığını yəqin ki, müşahidə edirsiniz. Cinayətin cəzasızlığı, həkim terroruna qarşı loyal münasibət faktiki olaraq bəzi mənfəətpərəst, pasientə qazanc mənbəyi kimi baxan həkimlərin sırasını genişləndirir və onların əl-qolunu açır.
Nə qədər ki, bu tip həkimlər öz layiq olduqları cəzanı almırlar, onlar yenə də xəstələri aldadıb, yalançı əməliyyatlara inandırmaq və qətllər seriyasını davam etdirməklə məşğul olacaqlar – necə ki, məşğuldurlar. Ona görə də bu həkim terrorundan heç kim sığortalanmayıb; bu terror artıq şəxsi müstəvidən çıxıb, ictimai əhəmiyyət kəsb edir və ciddi ölçü götürülməlidir.

Bu müraciətlə bir hüquq müdafiəçisi və millət vəkili kimi, həyat yoldaşım Elnarə Tofiqqızının qətlə yetirilməsi ilə bağlı başlanmış cinayət işiylə maraqlanmağınızı, Baş prokurorun və Səhiyyə nazirinin diqqətinin bu cinayətə cəlb edilməsi üçün lazım olan addımları atmağınızı, həmçinin Milli Məclisdə həkim terroru məsələsini müzakirəyə çıxarmağınızı Sizdən xahiş edirəm.

Əvvəlcədən təşəkkür edirəm".

AzNews.az