Təhsil Nazirliyi “Dəyirmi masa”lar keçirir

29 Noyabr 2013 14:59 (UTC+04:00)
Təhsil Nazirliyində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilin müxtəlif sahələrinə dair əksini tapmış məsələlərin, nəzərdə tutulan hədəflərin müzakirəsinə həsr olunmuş "Dəyirmi masa"ların keçirilməsinə başlanılıb.

AzNews.az Nazirliyin saytına istinadən xəbər verir ki, qeyd olunan "Dəyirmi masa"larda nazirliyin müvafiq struktur bölmə rəhbərləri, təhsil mütəxəssisləri, müəllimlər, elm adamları, ictimaiyyətin nümayəndələri və digər əlaqədar şəxslər iştirak edirlər.

İlk belə tədbir "İlk peşə-ixtisas təhsilinin gələcək inkişaf strategiyasının əsas istiqamətləri" mövzusuna həsr olunub. "Dəyirmi masa"da iştirak edən Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri və təhsil mütəxəssisləri Dövlət Strategiyası çərçivəsində ilk peşə-ixtisas təhsilinin inkişaf prioritetləri və ictimai statusunun yüksəldilməsi üsulları, "Müasir Azərbaycan peşəkarları layihəsi" çərçivəsində görülmüş işlərin əhəmiyyəti, əmək bazarının tələblərinin nəzərə alınmasının zəruriliyi və ümumilikdə, bu sahədə keyfiyyətin təmin edilməsi barədə fikirlərini nəzərə çatdırıblar. Müzakirələrdə ilk peşə-ixtisas təhsili ilə bağlı müxtəlif yanaşmalar təqdim olunub, nəzərdə tutulmuş islahatların məzmunu və uğurla həyata keçirilməsinin əsas yolları araşdırılıb. Həmçinin, Dövlət Strategiyasının məqsədi, seçilmiş prioritetlərin reallaşdırılması üçün qəbul olunmalı hüquqi-normativ sənədlər və effektiv icra mexanizminin formalaşdırılması, bu sahədə məzmunun yeniləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az