20 qəpiklik kişi

2 Dekabr 2013 09:55 (UTC+04:00)
Bu TV-lər işə adam götürəndə görən hansı meyarı əsas götürürlər?

ATV-nin Türkiyədəki müxbiri deyir ki, tezliklə İstanbuldan Bakıya birbaşa dəmiryolu çəkiləcək və sərnişinlərin bir ölkədən digərinə gəliş-gediş vaxtı dəqiqələrlə ölçüləcək.

Təkrar edim: dəqiqələrlə...

Bu görən hansı növ dəmiryolu qatarıdır? İşıq sürətiylə gedir?

O gün "Azərbaycan Dəmiryoları" QSC-nin rəsmi saytındakı fotonu da uşaqlar face-də masqaraya qoymuşdular. Haqlıdırlar, məgər QSC-nin o tip qatarları var?

Sizi bilmirəm, mənimçün qatar uzaq yol getmək baxımından ən rahat nəqliyyat vasitəsidir. Nəzəri baxımdan, əlbəttə. Çünki dəmiryollarındakı durumu və xidmət səviyyəsini bilmək, ən azı haqqında hansısa təsəvvürə malik olmaqdan ötrü vağzala elə uzaqdan baxmaq kifayətdir.

Bəli, Vağzal bizim utanc yerimizdir. Ondan da utandırıcı qatarlardır. Və əlbəttə, qatarların tualeti.

Mixail Bulqakovun məşhur "İt ürəyi" romanında professor Preobrejenskinin yaxşı bir sözü var. Deyir ki, iqtisadi tənəzzül bilirsinizmi nədir? Adamın tualetə girib pisuarı deyil, onun ətrafını islatması...

Qatarların hamısında bu mənzərəni görmüşəm: üfunət, iyrənclik, kəsəsi, mədəniyyətsizlik!

Desəm ki, şəhər avtovağzallarında durum bundan yaxşıdır, – yanlışlıq olar. Bütün rayonların deyil, əksərinin vağzal binasındakı tualetə girməkdənsə kol dibinə çəkilmək daha məsləhətlidir.

Bu sətirlərdən sonra yəqin məni qınayanlar olacaq ki, bəyəm Bakıda vəziyyət bundan yaxşıdır?...

Dəfələrlə əcnəbi turistlər mənə yaxınlaşıb təbii ehtiyaclarını harda ödəyə biləcəklərini soruşduğu hallar olub? Həm də paytaxtın elə bir yerində ki...

Yarıingilis, yarırus, yarı Azərbaycanca demişəm: "İt is... "Akademi" metrosu... ponimayeş, qağa... metro, metro... yes, yes... tam znaçit... ili... ya da..." İstəyirsiz inanın, istəyirsiniz inanmayın, xəcalətimdən yerə girməyə hazır olmuşam. Axı mən bu binəvaya necə deyim ki, qardaş, yoldaş, baba, bura Bakıdı eee, nəyi qoyub nəyi axtarırsan, ay evi tikilmiş...

Bundan da betəri kişi ədəbxanalarında elə qapıdaca sənə əl uzadıb 20 qəpiyə "möhtac" qadınları varlığıdır. İnan ki, o 20 qəpiyi verməsən, səni doğulmağınsa peşman edərlər.

"A bajı, imkan ver keçək də!.." – deməyini gözləyirmiş kimi cavabı əlüstü verir: "Elə hamınız belə deyirsiz... İşinizi görüb rahatlanan kimi bajı yaddan çıxır... 20 köpüyü ver, yoxsa şalvarını isladassan..."

Mənim nəzərdə tutduğum kişi cibindən bir ovuc qəpiyi arvada uzadıb qaça-qaça içəriyə girdi...

Çölə çıxanda üzündən o qədər məsudluq, bəxtiyarlıq duyğusu yağırdı ki, elə bil dünyanı ona vermişdin...

"Allah səni çox görməsin, bajı", – dedi çiyninin üstündən geri baxaraq. Qadın onu heç eşitmədi. Növbəti "20 qəpiklərlər"lə dilləşirdi...

AzNews.az