YAP: “Azərbaycana üçqat artıq təzyiq var”

2 Dekabr 2013 11:52 (UTC+04:00)
"Vilnüs sammitində Azərbaycanın yeganə ölkə olaraq Avropa İttifaqı ilə yalnız tərəf müqabili kimi razılaşmaya şərtsiz imza atması dövlətimizin, Prezdentimizin güclü iradəsindən xəbər verir". Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında 5 dövlətin birgə malik olduğu ticarət dövriyyəsindən artıq ticarət dövriyyəsi var:

"Halbuki Azərbaycan nə assosiativ, nə də digər formada üzvdür. Bu gün Azərbaycanın Avropa İttifaqı ilə 30 milyarddan artıq dəyəri olan müxtəlif layihələri var. Bu layihələr ilə əlaqədar olaraq Azərbaycan Avropa İttifaqı ilə ancaq tərəf müqabili kimi çıxış edir".

Millət vəkili qeyd edib ki, Avropa İttifaqı vahid dövlət sisteminə çevrilməyə doğru gedir, ona görə də bəzi dövlətlər müstəqilliyinin bir hissəsindən keçərək bu qurumun tərkibinə daxil olurlar ki, bunun da öz səbəbi var:

"Azərbaycan isə istər NATO, istərsə də Avropa İttifaqı kimi qurumlarla üzv kimi yox, tərəfdaş kimi müstəqil fəaliyyət göstərmək xəttini götürüb. Bu balanslaşdırılmış siyasətin də əsası Heydər Əliyev tərəfindən qoyulub, indi də İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bizim kimi kiçik dövlətlərə nəzər salsanız görərsiniz ki, bizim bu cür məqamlarda belə müstəqil siyasət yürütməyimiz Azərbaycan prezidentinin qətiyyətinin nəticəsidir. Fikir verin, bizim kimi ölkələrin çoxu açıq şəkildə bəyan edirlər ki, onlara qarşı təzyiqlər var və bu təzyiqlərə dözə bilmirlər. Amma bu təzyiqlərin iki, hətta üç dəfə artığı bizə var, amma nə qorxuruq, nə də çəkinirik. Bərabər tərəfdaşlıq əsasında öz xalqımızın, dövlətimizin maraqlarını təmsil edirik".

Vilnüs sammitindən sonra Azərbaycanın Rusiya meyilli yol tutması ilə bağlı xəbərlərə toxunan S.Novruzov bildirib ki, qətiyyən belə deyil: "Rusiya yolu tutan Ermənistandır, Azərbaycan deyil. Bizim Ermənistanı çıxmaq şərti ilə digər dövlətlərlə olduğu kimi Rusiya ilə də hərtərəfli, gözəl münasibətlərimiz var. Azərbaycanın heç bir iri dövlətlə diktə qəbul edəcək xarakterdə münasibəti yoxdur. Biz tam müstəqilik".

AzNews.az