Toyuq əti alarkən diqqətli olun!

10 Avqust 2012 09:38 (UTC+04:00)


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsankənd ərazisində qeyri-qanuni fəaliyyət göstərən və toyuq kəsimi ilə məşğul olan fərdi təsərrüfat obyektləri barədə məlumat daxil olub.

AzNews.az-a verilən məlumata görə, Xidmətin əməkdaşları Məktəbli küçəsi,16 və Məktəbli küçəsində üzərində mənzilin nömrəsi qeyd olunmayan bir neçə ünvanda və Köhnə Kolxoz küçəsində yerləşən toyuq kəsimi ilə məşğul olan təsərrüfat obyektlərində reydlər aparıb. Həmin obyektlərdə antisanitar vəziyyətin mövcud olduğu, heç bir gigiyenik norma və qaydalara əməl olunmadığı, mənşəyi bilinməyən süni boyaq maddələrindən istifadə edilərək toyuq ətinin rənginin saraldılması faktları aşkar edilib.

Bununla da istehlakçılar aldadılaraq həmin məhsulların kənd toyuğu olması fikri yaradılıb və istehlakçı hüquqları kobud şəkildə pozulub. Məhsullardan və boyaq maddəsindən nümunələr götürülüb, Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib.

"Aşkar edilmiş faktlar insan həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə ziyan vurma təhlükəsi yaratdığına görə, həmin fərdi təsərrüfat obyektlərinə qarşı qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə Suraxanı rayon İcra Hakimiyyətinə və Suraxanı rayon Prokurorluğuna müraciət edilib. Araşdırmalar davam etdirilir", - deyə məlumatda bildirilir.

Mirvari

AzNews.az