17 il cəbhədə xidmət edən hərbçinin mənzilini əlindən aldılar

4 Dekabr 2013 09:59 (UTC+04:00)
Bakıda tikinti şirkəti tərəfindən bir mənzilin müxtəlif zamanlarda ayrı-ayrı şəxslərə satılmasına dair daha bir faktla bağlı AzNews.az-a müraciət daxil olub.

Bakı şəhəri, M. Hadi küçəsi ev 11, mənzil 44-də yaşayan İlqar Abdullayevin müraciətində bildirilir ki, 3 il əvvəl aldıqları mənzil başqa bir şəxsə satılıb:

"14 sentyabr 2010-cu il tarixdə mən tikinti fəaliyyəti ilə məşğul olan "Əzizbəy KM" MMC-dən Bakı şəhəri, Xocalı küçəsi, məhəllə 2347-48, mənzil 117 ünvanında birotaqlı mənzil almışam. Müqavilə imzalanan vaxt "Əzizbəy KM" MMC tərəfindən həmin mənzilin açarları mənə təqdim olunub və 3 il ərzində mütəmadi olaraq gedib baş çəkmişik. Təqribən 1 il bundan əvvəl mənzilin qapısını dəyişdirdik və açarların bütün nüsxələrini özümüzdə saxladıq. 2013-cü ilin 29 iyun tarixində mənim mobil telefonuma "Əzizbəy KM" MMC-nin işçiləri tərəfindən zəng edildi və bildirdilər ki, mənzillərə qaz çəkiləcək. Buna görə də açarın birini təcili onlara verməyimi istədilər. 2 iyulda açarın bir nüsxəsini onlara göndərdim".

Ərizəçinin sözlərinə görə, oktyabrın 15-də mənzilə baş çəkdikləri zaman içəridə ustaların işlədiyini görüb:

"Xeyli təmir işləri görülmüşdü. Məlum oldu ki, məndən açarı alan kimi 09 iyul 2013-cü il tarixli müqavilə ilə mənzilimi başqa şəxsə satıblar. "Əzizbəy KM" MMC-nin hazırki direktoru Azad Həsənov ilə görüşdük və məsələyə aydınlıq gətirməsini istədik. O, müxtəlif bəhanələr gətirərək 1-2 gün vaxt istədi. Növbəti gün mən vəkilim Lətif Ağayev ilə Azad Həsənovun yanına getdik. O bildirdi ki, guya şirkətin əvvəlki rəhbərliyi mənzili mənə qeyri-qanuni satıb. Buna görə də Azad Həsənov həmin mənzili mənə heç bir xəbərdarlıq etmədən başqa şəxsə 2-ci dəfə satıb. Vəkilim ona bütün sənədlərin tamamilə qanuna uyğun olduğunu və ən azından şirkətin mənə xəbərdarlıq etməli olduğunu bildirdi.

Azad Həsənov isə dələduzluq yolu ilə məndən açarı alıb, mənzili tamamilə qeyri-qanuni olaraq 09 iyul 2013-cü il tarixli müqavilə ilə 2-ci şəxsə satıb və hal-hazırda qapının qıfılı dəyişdirilib. Biz hüquqi dövlətdə yaşadığımızı, baş verənlərin açıq-aşkar korrupsiya və dələduzluq faktları olduğunu Azad Həsənova bildirəndə o, heç kimdən qorxmadığını deyərək "gedin hara istəyirsiz şikayət edin" dedi".

İ.Abdullayevin sözlərinə görə, həmin mənzil onun adına sənədləşdirilsə də, hərbçi olan qardaşı Abdullayev Cavid Binyət oğluna məxsusdur:

"Hərbiçilərin şəxsiyyət vəsiqəsi olmadığından mənim adıma sənədləşmə aparılıb. Qardaşım 17 ildir cəbhə bölgələrində xidmət edir və ailəsi hələ də kirayədə yaşayır".

Qeyd edək ki, İ.Abdullayev məsələ ilə bağlı oktyabrın 18-də ərizə ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edib:

"Lakin indiyə qədər heç bir tədbir görülməyib və mənzilin mübahisəli olduğuna, 2 nəfərə satıldığına baxmayaraq, orada 2-ci şəxs tərəfindən aparılan təmir işləri belə dayandırılmayıb. Mən mənzili 2010-cu ildə, ikinci şəxs isə 2013-cü ildə, yəni məndən 3 il sonra aldığına görə, həmin mənzil istənilən halda mənə verilməlidir. Mənə bildirilib ki, "Əzizbəy KM" MMC ilə bağlı 20-dən çox şikayət araşdırılır.

Maraqlıdır ki, Azad Həsənov bu qədər qanun pozuntusuna yol verdiyi halda bu gün də tam arxayındır. Hətta ondan mənim mənzilimdə aparılan qanunsuz təmir işlərinin istintaqın bitməsinə qədər dayandırılmasını xahiş edəndə o bildirdi ki, dayandırmayacaq. İndi isə təmir işləri sürətlə aparılır və məlumdur ki, ikinci şəxs tez bir zamanda mənzilə köçməyə tələsir.

Hüquq-mühafizə orqanları tərəfindən korrupsiya və dələduzluq hallarına qarşı ciddi mübarizə aparıldığı, korrupsiyaya qarşı aparılan tədbirlərin şəxsən ölkə Prezidentinin nəzarətində olduğu bir vaxtda Azad Həsənovun kimlər tərəfindən himayə olunduğu və onun kimə bu qədər arxayın olması çox təəccüb və təəssüf doğurur".

Elnarə
AzNews.az