Milli Şura üzvündən Müsavata İbrahimbəyov ismarışı

4 Dekabr 2013 10:04 (UTC+04:00)
"Müsavat Partiyasından olan Milli Şura üzvləri fəxri sədr seçimlərinə qatılmadılar və başqanlarının mövqeyini dəstəklədilər. Lakin Milli Şurada əksəriyyət Rüstəm İbrahimbəyovun tərəfindədir və onun qalmasında israrlıdır."

Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın üzvü, vəkil Namizəd Səfərov deyib. O bildirib ki, sessiyada da çıxış edənlərin böyük hissəsi R. İbrahimbəyova olan rəğbətlərini açıq şəkildə ifadə ediblər:

"Milli Şuranın yaradılmasında, fəaliyyətində, əldə etdiyi müvəffəqiyyətlərdə Rüstəm İbrahimbəyovun rolu həddindən artıq çoxdur. Bu fakt olaraq qalır. Əlbəttə, Rüstəm İbrahimbəyov Azərbaycan gəlmək imkanlarından məhrumdur. Bu səbəbdən də o, öz istəyinə uyğun olaraq Şuranın sədrliyindən istefa verdi".

N. Səfərov sessiyada Müsavat Partiyasının R. İbrahimbəyovun şuranın rəhbərliyində saxlanılmasına etiraz etmələrinə də münasibətini bildirib:

"Onların bununla bağlı mövqeyi hiss olunurdu. Şuranın bütün üzvlərinin rəyinə hörmətlə yanaşırıq. Məncə, Müsavat Partiyasının üzvləri də ümumi rəylə razılaşacaqlar. Çünki bundan sonra Milli Şurada ciddi narazılığın yaradılması mümkün deyil".

Elnur
AzNews.az