Gülər Əhmədovanın məhkəmədəki son sözü- Tam mətn

4 Dekabr 2013 15:30 (UTC+04:00)
Dekabrın ikisində 3 illik həbs cəzası alan sabiq deputat Gülər Əhmədovanın məhkəmədə dediyi son sözünün tam mətni

Həcmi böyük olmağına baxmayaraq, heç bir şərh vermədən Gülər Əhmədovanın söz sözünün mətnini təqdim edirik:

Hörmətli Məhkəmə!

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin 25 sentyabr 2012 - ci il tarixdə internet saytlarında mənimlə və S.Babayeva ilə özünün söhbətinin gizli videoçəkilişini yayımlaması mənim üçün çox ağır zərbə oldu. Mən həmin video çəkilişə baxmışam. Qeyd etmək istəyirəm ki, həmin videoyazı tamamilə saxtadır və reallığı əks etdirmir.

Abdullayev Elşad İslam oğlunun Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə göndərdiyi "tam versiya" adı ilə olan videomateriala öz münasibətimi bildirmək istəyirəm.

İlk öncə Abdullayev Elşad İslam oğlunun gizli çəkiliş apardığı Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 9 nömrəli ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi haqqında məlumat vermək istəyirəm.

1. Həmin qeyri-yaşayış sahəsi Abdullayev Elşad İslam oğluna deyil, mülkiyyət hüququ ilə Əhmədov Hüseyn Mustafa oğluna məxsusdur ki, bunu da Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyi Dövlət Əmlakının idarə olunması və Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında reyestr kitabı ilə №5, qeydiyyat nömrəsi 003247 saylı, 04.08.2004-cü ildə verilmiş şəhadətnamə təsdiq edir.

2. Həmin ofisdə fəaliyyət göstərən "ERA" hüquq firması ilə mülkiyyətçi Əhmədov Hüseyn Mustafa oğlu arasında icarə müqaviləsi bağlanılmayıb. (qanunsuzdur)

Hörmətli məhkəmə!

Necə olur ki, 2. 000 manat qiyməti olan maşının etibarnamə ilə sürülməsinə icazə verilmir, Elşad Abdullayev isə 200.000 manat qiyməti olan qeyri-yaşayış sahəsindən qanunsuz istifadə edir.

İstintaq isə mənə elan edilmiş ittihamda həmin ofisdən Elşad Abdullayevin hansı məqsədlə və necə istifadə etməsinə qiymət vermir.

3. "ERA" firması Hüseynov Şamil Sabir oğluna məxsusdur və Elşad Abdullayevin həmin firmaya heç bir aidiyyatı yoxdur. Elşad Abdullayevin həmin firmada işləməsini təsdiq edən arayış və onun məvacib alması haqqında cinayət işinin materiallarında heç bir sənəd yoxdur. Həmin firmanın rəhbəri Şamil Hüseynov isə işçilərinin adını belə bilmir. Firmanın faktiki olaraq hansı fəliyyətlə məşğul olmasından xəbərsizdir.

4. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən ofisdən Elşad Abdullayev qeyri-qanuni istifadə edib. Qanunsuz olaraq həmin ofisdə bir otağı zəbt edərək istifadəsinə götürüb və orada şantaj məqsədilə gizli çəkiliş aparıb. Həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Əhmədov Hüseyn Mustafa oğlunun isə Elşad Abdullayevin orada hansı fəaliyyətlə məşğul olmasından və orada hər hansı bir müşahidə kamerasının quraşdırılmasından xəbəri olmayıb.

5. Həmin ofisdə guya təhlükəsizliyini qorumaq üçün gizli kamera yerləşdirib. Müşahidə kamerası ancaq onun qeyri-qanuni istifadə etdiyi otaqda olub, ofisin başqa otaqlarında, o cümlədən dəhlizdə və ofisin girəcəyində olmamışdır.

6. Müşahidə kamerası adi gözlə görünməli olduğu halda, kamera Elşad Abdullayevin qeyri-qanuni istifadəsində olan ofisin divarında gizlədilmişdir. Ofisdəki müşahidə kamerasının adi gözlə görünməsi qeyri-mümkündür. Hərçənd ki, müşahidə kamerası gözlə görünməlidir. Əks halda bu gizli çəkilişdir.

7. Müşahidə kamerasının səs yazması qanunla qadağandır. Qanuna əsasən hər hansı bir şəxsin səsini yazmaq üçün xüsusi icazə lazımdır. Elşad Abdullayevin bu əməli tamamilə qanunsuzdur.

8. Bundan da belə nəticəyə gəlmək olur ki, Elşad Abdullayev qanunsuz olaraq istifadə etdiyi ofisdən müxtəlif adamları ancaq şantaj etmək və onlara şər-böhtan atmaq məqsədilə gizli çəkiliş aparmaq üçün istifadə etmişdir.

Hörmətli məhkəmə!

Ofisdən sırf şantaj məqsədilə istifadə olunmasına dair sualınız varsa, buyurun verin. Yoxdursa həmin ofisdən şantaj məqsədilə istifadə olunduğunu hökmdə göstərməyinizi xahiş edirəm.

9. Ümumiyyətlə videomüşahidə 24 saat işləməli və ən azı 10 gün, və yaxud bir ay yaddaşda saxlanılmalıdır. Belə ki, bu hal da öz təsdiqini tapmır.

10. Qanunsuz olaraq quraşdırılmış kamera Elşad Abdullayevin istəyi ilə xəttə qoşulur və onun istədiyi vaxtda söndürülür. Belə ki, videogörüntüdə "Şamil söndürmə, indi qayıdacaq" ifadəsi ilə öz təsdiqini tapır.

11. Videokameranın Elşad Abdullayevin qanunsuz olaraq istifadə etdiyi otaqda yerləşdirməsini o özü və bir də Şamil Hüseynov bilirmiş, digər işçilərin isə bundan xəbəri olmamışdır. Bu da öz təsdiqini məhkəmədə Əfəndiyev Ruslan Mahmud oğlunun verdiyi ifadədə tapır.

12. Qeyd olunan bəndlərdən belə məlum olur ki, Elşad Abdullayevin müşahidə kamerasından təhlükəsizlik üçün deyil, öz çirkin əməllərini, şər və böhtanlarını həyata keçirmək üçün gizli çəkilişdən istifadə etmişdir. Bu da qanuna tam ziddir və qanunla qadağandır. Elşad Abdullayev özü də dəfələrlə təsdiq etmişdir ki, o, 50-dən çox gizli çəkilişlər aparıb və internet vasitəsilə yayımlamışdır.

Hörmətli məhkəmə!

Elşad Abdullayevin həmin videogörüntüləri gizli yolla çəkməsi ilə bağlı şübhəniz varsa, buyurun sualınızı verin, aydınlıq gətirim. Yoxdursa, Elşad Abdullayevin qanuna zidd gizli çəkiliş aparmasına hökmdə qiymət verin.

İndi isə DVD üzrə məhkəmə ekspertizasının rəyinə öz münasibətimi bildirmək istəyirəm.

13. Ekpertiza təsdiq edir ki, təqdim edilmiş DVD orginal deyil. Heç bir dövlət və özəl müəssisə isə əsli olmayan sənədi qəbul etmir. Həmin sənəd isə heç bir hüquqi- əhəmiyyət kəsb etmir.

14. Prokurorluğa göndərilmiş DVD notariat qaydada təsdiq olunmamış kserosurətdir. Nəzərinizə çatdırım ki, heç bir dövlət müəsisəsi notarial qaydada təsdiq olunmayan montaj olunmuş kserosurəti qəbul etmir.

15. Ekspertiza təyin edib ki, həmin DVD bir formatdan digər formata dəyişdirilmişdir;

16. Rəydə bildirilir ki, DVD-də texniki qüsurlar mövcuddur;

17. Sinxronluq itmişdir;

18. Diskə səs və görüntü ayrı – ayrılıqda yazılıb. Daha sonra video görüntünün üzərinə səs montajı edilib. Ekspertizanın rəyindəki "sinxronluq pozulub" ifadəsi bu halı təsdiq edir. Elşad Abdullayevin bu əməli də tamamilə qanunsuzdur.

19. Kəsilmələr mövcuddur;

20. Cümlələr arası və sözlər arası məntiqi rabitə pozulmuşdur;

21. Akustik fon dəyişmişdir;

22. Keçid siqnalları qeydə alınmışdır;

23. Videofonoqramın ilkin olmadığı qeyd edilmişdir;

24. Videonun yazılış keyfiyyəti orta aşağıdır;

25. Ekspertiza çəkilişin aparıldığı vaxtı yəni saat, gün, həftə, ay, fəsil və ilini təyin edə bilməmişdir;

26. Elşad Abdullayevin sözçüsü Elnur Məcidlinin təbirincə desək, video KİV-ə ötürülməmişdən öncə "üzərində tamamlama işləri aparılıb" bu da bir daha sübut edir ki, videogörüntüdə dəyişikliklər edilib.

27. Elşad Abdullayev prokurorluğa göndərdiyi ərizəsinə əlavə olunmuş diskdə pozuntuların olduğunu etiraf edir.

28. Lakin məhkəmə ekspertizasının rəyi ilə sübut olunur ki, onun tam versiya kimi göndərdiyi DVD əsl deyil.

29. Elşad Abdullayev KİV-ə verdiyi müsahibələrində qeyd edir ki, Gülər Əhmədova ilə bağlı sırf 5 saatlıq videogörüntüm var. Lakin 1 il 2 aydan artıq müddətdə mənimlə bağlı 30 dəqiqəlik videogörüntü göndərib.

30. Elşad Abdullayev həmçinin KİV - ə verdiyi müsahibəsində qeyd edir ki, 50 – dən artıq gizli çəkilmiş video yayımlamışam. Bir daha qeyd etmək istəyirəm ki, E.Abdullayev videoları gizli çəkdiyini etiraf edir, bu da Azərbaycan Respublikasının Konstitusiyasının, Cinayət Prosessual Qanunvericiliyin tələblərinə ziddir.

31. Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyev 9 noyabr 2013-cü il tarixdə verdiyi müsahibəsində də bildirir ki, "Videoda kəsik, çatışmamazlıq varsa, bu sırf təhqiramiz ifadələrlə bağlıdır" Yəni onun sözündən belə çıxır ki, videonun 4 saat 30 dəqiqəsi ancaq söyüşlərdən və təhqiramiz ifadələrdən ibarətdir. Əgər söhbət Elşad Abdullayevin dediyi kimi sırf "mandat alveri"ndən gedirsə biz niyə bir-birimizi 4 saat 30 dəqiqə təhqir etməli idik.

32. İstintaq orqanı tərəfindən Elşad Abdullayevin gizli çəkiliş etdiyi Hüseyn Əhmədova məxsus olan ofisdə axtarış aparılarkən cinayət işi üzrə sübut növü kimi qəbul etdiyi video kameranın da məhkəmənin qərarı olmadan götürməsi özü də ciddi qanun pozuntusudur.

Hörmətli Məhkəmə!

Elşad Abdullayevin birinci dəfə göndərdiyi DVD-nin ekspertizasında göstərilir ki, sinxronluq bəzi hissələrdə pozulmuşdur. Lakin tam versiya adı altında göndərilən DVD-də isə sinxronluq pozulmayıb kimi ifadə yer alıb. Belə bir sual yaranır?

Hansı rəy doğrudur? Buradan belə qənaətə gəlmək olar ki, ya ekspertiza düz rəy verməyib, ya da Elşad Abdullayev yenidən video materiala əl gəzdirərək əvvəl buraxdığı səhvi düzəldib. Bu məntiqlə videonun yenidən montaj olunduğu sübut olunur.

İstintaq iddia edir ki, video mötəbər sübutdur. Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının fərmanı bu çəkilişi qanunsuz elan edir. Söhbət məhz gizli çəkilişdən gedir. Bununla da həmin videogörüntülər gizli yolla çəkildiyindən qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində işlədilmiş "qanunla müəyyən edilmiş hallar istisna olmaqla" ifadəsi məhz şərh edilən prosessual qaydaları nəzərdə tutur. Video və səsyazmaların sübut kimi başqa bir formada, o cümlədən qeyri-qanuni yolla əldə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Hətta qanunları pozaraq əldə edilmiş sübutlara görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 293., Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.1 və 302.2-ci maddələri göstərilən əməllərə görə cəza növü nəzərdə tutur.

Hörmətli məhkəmə!

1. Elşad Abdullayevin qeyri-qanuni zəbt etdiyi ofisdən şantaj məqsədilə istifadəsi;

2. Həmin videgörüntünun gizli olaraq çəkilməsi;

3. Videonun ilkin variant olmaması sübut olunur.

Bu 3 haldan birinin olması isə kifayətdir ki, mənə Azırbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihama xitam verilsin.

Belə ki, mənə 2005 - ci ildə E.Abdullayevin tələbələrin təhsil haqlarını mənimsəməsi hərəkətləri barədə müxtəlif vətəndaşlar müraciət etmişdilər. Mənə E.Abdullayev barədə şikayət edənlər 2005 - ci ilin ayrı - ayrı vaxtlarında müraciət ediblər. Mən dəqiq tarix xatırlaya bilmirəm. Üstündən 7 il keçib, ona görə də xatırlaya bilmirəm. Müraciətlər əsasən Elşad Abdullayevlə birgə işləyən müəllimlər və tələbələrdən idi. Onlar E.Abdullayevdən külli miqdarda pul tələb edirdilər. Çünki vətəndaşlar həmin müəllimləri çox incidirdilər. Bəziləri onlardan 4 illik Elşad Abdullayevə verilən təhsil haqlarını və ya diplomlarını tələb edirdilər. Bu barədə də mənə müraciət etmişdilər. Mən isə dəqiq tarix yadımda deyil 2005 - ci ildə Sevinc Babayeva məndən xahiş etdi ki, mən E.Abdullayevlə görüşüm. Və əvəzində o da Yasamalda seçicilərlə iş aparacağını və mənə səs toplayacağını vəd etmişdi. Mən onun başqa bir deputatın vəkili olduğunu və bu işdə səriştəsi olduğunu bilirdim. Həmin vaxt Sevinc Babayeva Azərbaycan Beynəlxalq Universitetində işləyirdi. Sevinc Babayeva məni 2005 - ci ildə Nərimanov heykəlində yuxarı qalxdıqda hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşən E.Abdullayevin ofisinə apardı. Həmin günü, tarixi xatırlamıram.

Ancaq bilirəm ki, həmin vaxtlar payız ayları idi. Günün hansı saatında ofisə getdiyimi xatırlamıram. Həmin ofisin qarşısında avtoyuma yerinin olduğunu xatırlayıram. Ofisə giriş binanın arxası tərəfdən idi. Dəmir qapıdan mən içəri daxil oldum. Sağ tərəfdə olan otağa daxil olduq. Orada E.Abdullayev bizi gözləyirdi. Orada onunla ancaq vətəndaşlara qaytarmalı olan pullar barədə danışmışam. Mən bir daha deyirəm ki, həmin videoçəkiliş montajdır. 2005 - ci ildə Yasamaldan millət vəkili seçilmişəm. Həmin vaxtlar onlarla insan mənə müraciət edərək pullarının qaytarılmasında onlara kömək etməyimi xahiş edirdilər.Ümumi borc təxminən yüzminlərlə idi. Hazırda konkret rəqəm deyə bilmirəm. Mənim məqsədim E.Abdullayevdən vətəndaşların təhsil haqlarını qaytarılmasını tələb etmək idi. Bizdən başqa həmin vaxt ofisdə kənar şəxslər də var idi. Ancaq onlar ofisin digər otaqlarında idilər.

Ofisdə həmin vaxt digər otaqlarda olan şəxsləri tanımıram. Mən E.Abdullayev və S.Babayeva ilə çox söhbət etməmişəm. Çünki həmin vaxt mənim ərim onkoloji xəstə idi, südəmər uşağım var idi. Özüm isə seçicilərlə görüşməli idim. Elşad Abdullayev isə özünə sərf edən hissələrdə montaj işləri apararaq danışığın məzmununu dəyişmişdir. Bütün bunlar mənə qarşı şər və böhtandır. Bir daha qeyd edirəm ki, Mən Elşad Abdullayevin ofisində bir dəfə olmuşam. Orada E.Abdullayevdən şikayət edən vətəndaşların pulları barədə danışmışam.

Son sözümdə bildirirəm ki, mənə elan edilən hər iki ittiham üzrə özümü təqsirli bilmirəm!

Belə ki,

1. Qərarda göstərilən Sevinc Babayevanın mənim yaxın rəfiqəm Elşad Abdullayev isə tanışı olduğu məsələsinə qəti etirazımı bildirirəm.

Çünki – "Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun, həm də Sevinc Babayevanın özünün sözlərindən məlum olur ki, onlar ailəvi dost olublar, çox yaxın münasibətləri olub, tələbə qəbulunda birgə biznes fəaliyyətləri olub. Elşad Abdullayev dəfələrlə onların evinə gedib – gəlib, qohumları onların evində olub. Bütün qohumları ilə şəxsi və telefon danışıqları var. Hətta sonuncu dəfə mənim yanımda olarkən o, Hüseyn Əhmədovun və Elşad Abdullayevin anasının yanına gedəcəyini demişdir. Bu da şahid ifadələri ilə öz təsdiqini tapır. O ki, qaldı Sevinc Babayeva ilə mənimlə münasibətlərinə əgər o, mənim yaxın adamım olsa idi mən onun atasının yasında iştirak edərdim və Hökümət evindəki ofisimə gələndə onu qəbul edərdim, qovmazdım. Sevinc Babayeva kimi yüzlərlə qadın şəxsi, ailəvi, maddi, ictimai problemləri ilə bağlı mənə mütaciətlər ediblər. Qarşılıqlı olaraq mən bu qadınların müxtəlif dövlət idarələrində olan pensiya, aliment, ünvanlı sosial yardım, boşanma, məhkəmədə iştirak, hüquqlarının qorunması, xəstə uşaqlarının müalicəyə göndərilməsi, hətta bəzilərinin öz evimə apararaq sığınacaq tapana kimi saxlanılmasını belə təşkil etmişəm. Çünki mən bir millət vəkili idim, uzun illər uşaq və qadın hüquqlarının müdafiəsi ilə məşğul olmuşam.

2 il AŞPA – nın qadınlara qarşı zorakılğa son qoyaq kompaniyasının Azərbaycan üzrə milli koordinatoru olmuşam, qadın, uşaq həbsxanasına, penitensiar xidmətin nümayəndələri ilə birgə ziyarət etmişəm. Həmin qadın və uşaqların cəzalarının azaldılması, ailə üzvləri ilə görüşlərin alınması ilə bağlı bütün hüquq – mühafizə orqanlarına müraciətlər və xahişlər etmişəm. O səbəbdən ittihamda qeyd olunan bu ifadələrin dəyişdirilməsini təkidlə xahiş edirəm. Çünki ilk baxışda əhəmiyyətsiz görünsə də bu işin mahiyyətini dəyişdirən məqamdır.

2. Daha bir iradım qulluq mövqeyindən istifadə edərək, guya müxtəlif vəzifəli şəxslərlə münasibətlərimin olmasıdır. Bu xüsusda qeyd etmək istəyirəm ki, mənim müxtəlif vəzifəli şəxslərlə münasibətlərimin olması çox normaldır. Lakin qulluq mövqeyim heç bir halda kiməsə rüşvət vermək və ya almaq üçün əsas kimi göstərilə bilməz və bu hal da sübut olunmadı.

3. Elşad Abdullayevin etibarından sui – istifadə edərək onu aldatmağım absurd məsələdir. Elşad Abdullayev mənə etibar edə bilməzdi. Belə ki o, Kürdəmirdə, mən isə Bakıda doğulmuşam. O orta məktəbi Kürdəmirdə, mən Bakıda bitirmişəm, mən APİ – nin, Elşad Abdullayev isə BDU – nu bitirmişdir. Mən ixtisasca riyaziyyatçı, Elşad Abdullayev isə hüquqşünasdır. Mənim nəsil-nəcabətimin Elşad Abdullayevlə qohumluq münasibəti olmayıb. Biz bir yerdə işləməmişik, onunla hər hansı bir dostluq, işgüzar və biznes əlaqələrim olmayıb. Yaş fərqinə görə də tay-tuş deyilik. Hətta Elşad Abdullayevin qaynatası Əhmədov Hüseyn məhkəmə istintaqında ifadə verdi ki, Elşad Abdullayev mənə etibar etmirdi, fikirləşirdi ki, universiteti onun əlindən almaq istəyirəm, o, yaramazdır. Belə olan halda məni bir dəfə görmüş Elşad Abdullayev necə mənə etibar edib, iki dəfəyə 1 milyon pul verərdi. Bütün bunlar öz təsdiqini onda tapır ki, Elşad Abdullayev mənə etibar edə bilməzdi və mən də onun etibarından sui-istifadə etməmişəm.

E.Abdullayev ali təhsilli hüquqşünasdır və özünün dediyi kimi hüquq professorudur, 4 000-dən artıq tələbəni və onların valideynlərini aldadan, saxta diplom satdığı və hərbi xidmətdən yayınmaq üçün saxta arayışları verən, hətta xarici pasporta malik olmayan gənclərə başqa dövlətlərdə təhsil aldığını iddia edərək qanunsuz köçürmələr aparan bir maşenniki mən necə aldada bilərdim. Hər halda mən onun kimi dələduz olsaydım, istintaq digər insanları da aldatdığımı üzə çıxarardı. Halbuki, onun qardaşları, qohumları da hüquqşünasdırlar. Hətta onun qardaşı Elsevər Abdullayev Respublika Prokurorluğunda məsul vəzifədədir. Onu kim aldada bilərdi, gördüyü bütün işləri notariat qaydada rəsmiləşdirən şəxsdir. Bu səbəbdən onun mənim tərəfimdən aldadılması qeyri-mümkündür. Eyni zamanda Elşad Abdullayev rəhbərlik etdiyi universitetdə və BDU – da xeyli sayda millət vəkilləri ilə birgə işləyib. Xoş münasibətləri olub və mənim kim olduğumu həmin adamlardan istədiyi vaxtda öyrənə bilərdi.

Eyni zamanda mənə elan edilmiş ittihamda göstərilir ki, Elşad Abdullayevin gizli çəkiliş apardığı ünvandan istifadəsi guya ki, qanunidir. Çünki qaynatasına məxsusdur. Sual olunur? Əgər həmin ünvanda qətl hadisəsi baş versə idi, silah sursat saxlansa idi yenə də həmin iddia ilə, yəni qaynatasının ofisindən istifadəsi bu qədər rahatlıqla qanuni istifadə kimi qələmə verilə bilərdimi? Adicə həyatı bir misal göstərmək istəyirəm.Kimsə qaynatasının avtomobilini etibarnamə olmadan idarə edibsə istənilən yol polisi bunu qanuni hal kimi qəbul edə bilərmi?

Hörmətli məhkəmə!

Bununla da mən istintaqın dediyi kimi Elşad Abdullayevin etibarından sui-sitifadə etmək və onu aldatmaq ittihamına aydınlıq gətirdim. Əgər şübhəniz varsa, sual verin, mən də buna aydınlıq gətirim. Əgər şübhəniz yoxdursa, çıxarcağınız hökmdə etibardan sui-istifadəyə və aldatmaya düzgün qiymət verin. Əks halda Sizin çıxarcağınız hökm də ittiham aktına bənzər ədalətsiz hökm olacaq. Halbuki, istintaq mənim Elşad Abdullayevin etibarından sui-istifadə etməyim və onu aldatmağımı sübuta yetirə bilməmişdir.

İstintaq iddia edir ki, video mötəbər sübutdur. Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının fərmanı bu çəkilişi qanunsuz elan edir. Söhbət məhz gizli çəkilişdən gedir. Bununla da həmin videogörüntülər gizli yolla çəkildiyindən qanunsuz hesab edilməlidir. Qanunsuz yolla əldə olunan videogörüntülər isə Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin 3-cü bəndinə tam ziddir. Belə ki, həmin maddənin tələblərinə görə "öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlanmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişdə səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz". Həmin maddənin 4- cü bəndinin tələblərinə görə isə "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır".

Hörmətli məhkəmə kollegiyası!

Azərbaycan Respublikası Konstitusiyanın 63-cü maddəsinin 4-cü bəndinin tələblərinə görə isə "Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz." Bu müddəalar ölkəmizin Ali qanununda təsbit olunmuş hər bir şəxsin o cümlədən mənim də ayrılmaz konstitusion hüququmdur.

Azərbaycan Respublikası Konstitusiyasının bu əsas müddəaları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsində konkretləşdirilib. Həmin maddənin tələblərinə görə isə "insan və vətəndaşların konsitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda " əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qanun şəxsin konsitusiya ilə təmin edilmiş hüquqlarının pozulması ilə əldə edilmiş "sübutları" hər hansı formada yolverilməz elan edib. Digər tərəfdən mənim həbsimə səbəb olan bu video görüntülərin sübut kimi qəbul edilməsini prosessual qanunvericilik də qadağan edir. Belə ki, qanunvericiliyin tələblərinə görə video və audio çəkilişlər yalnız o halda sübut kimi qəbul edilə bilər ki, onlar prosessual qanunvericiliklə müəyyən edilmiş formada və qanunlara müvafiq sürətdə əldə edilmiş olsun. Qanunları pozaraq əldə edilmiş sübutlar isə yolverilməzdir. Qanunvericiliyin tələblərinə görə video və səsyazmalar aid əməliyyat, istintaq hərəkətləri müvafiq səlahiyyətli şəxs(təhqiqatçı, müstəntiq və s..) tərəfindən, məhkəmənin qərarı əsasında aparılmalı və nəticələri protokola əlavə edilməlidir ki, yalnız bu qayda ilə əldə edilmiş video və səsyazmaların sübut kimi qəbul edilə bilər.

Həmin məcəllənin 125.3-cü maddəsinin tələblərinə görə "bu məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz".

Cinayət Prosessual Məcəlləsinin 126.3-cü maddəsinin məzmunundan da görünür ki, "şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz". Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində işlədilmiş " qanunla müəyyən edilmiş hallar istisna olmaqla" ifadəsi məhz şərh edilən prosessual qaydaları nəzərdə tutur.

Video və səsyazmaların sübut kimi başqa bir formada, o cümlədən qeyri-qanuni yolla əldə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. E. Abdullayev isə həmin videogörüntüləri və səsyazmaları müvafiq icra hakimiyyəti orqanından icazə almadan və məhkəmə qərarı olmadan gizli çəkiliş və montaj edərək dövriyyəyə buraxmışdır.

"Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında " Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il, 292 nömrəli fərmanı ilə təsdiq edilmiş əlavə 2-də "Mülki dövriyyənin müəyyən iştirakçılarına məxsus ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının siyahısı verilmişdir ki, həmin siyahının 12. Sirasında "Gizli qaydada informasiya alması üçün nəzərdə tutulmuş texniki vasitələrin" əldə edilməsinə, istifadəsinə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi icazə verir. Elşad Abdullayev həmin texniki vasitələri əldə edərkən həmin dövlət orqanından xüsusi icazə almamışdır.

Belə ki, tərəfimizdən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Abdullayev Elşad islam oğlunun 2005-ci ilin oktyabr-noyabr aylarına qədər dövriyyəsinə xüsusi icazə verilməsi nəzərdə tutulan "Gizli qaydada informasiya alınması üçün texniki vasitələrin" alınması, istifadəsi üçün müraciət etməsi yoxlanılmış, və Azərbaycan Respublikası MTN-dən 21.05.2013-cü il tarixli, 244 saylı məktubundan görünür ki, sorğu edilən məsələ ilə bağlı vətəndaş Abdullayev Elşad İslam oğlu tərəfindən müraciət olunmamışdır.

Bakı şəhəri Yasamal rayon məhkəməsindən daxil olan məktubdan isə görünür ki, "Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinə əsasən texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması əməliyyat-axtarış tədbiri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-in 445.1 və 445.1.3-cü maddələrinə əsasən əməliyyat axtarış tədbiri olan texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatların çıxarılması, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə mənzilin müşahidə edilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir.

Odur ki, ərizədə göstərilən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məhkəmə qərarının mövcudluğu halda yalnız əməliyyat axtarış subyektləri tərəfindən həyata keçirilə bilər.

"Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 1-ci bəndinə görə isə əməliyyat-axtarış fəaliyyətinin Azərbaycan Respublikasının Cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları həyata keçirirlər.

Azərbaycan Respublikası CPM-nin 214.2.1-ci maddəsinə görə isə həmin təhqiqat orqanları Azərbaycan Respublikası Daxili işlər, Milli Təhlükəsizlik, Sərhəd Xidməti, Fövqəladə halları, vergi və gömrük orqanlarıdır.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302-ci maddəsinin tələblərinə görə Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda cəza növü nəzərdə tutur. Abdullayev Elşad İslam oğlunun isə belə fəaliyyəti həyata keçirməsinə heç bir səlahiyyəti olmamışdır.

Video və səsyazmaların sübut kimi başqa bir formada, o cümlədən qeyri-qanuni yolla əldə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Hörmətli məhkəmə!

Azərbaycan Respublikası qanunlarının aliliyini rəhbər tutub Abdullayev Elşad İslam oğlunun gizli yolla çəkib yayımladığı videonu sübutlar siyahısından çıxarılmasını tələb edirəm.

Hətta qanunları pozaraq əldə edilmiş sübutlara görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 293., Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.1 və 302.2-ci maddələri göstərilən əməllərə görə cəza növü nəzərdə tutur.

Həm istintaqda, həm də məhkəmədə ifadə verən şahidlər isə ölmüş şəxs Babayeva Sevinc Telman qızının adından ifadə vermişlər ki, bu da Azərbaycan Respublikası CPM – nin 126.3 – cü maddəsinin tələblərinin kobud surətdə pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikası CPM – nin 126.3 – cü maddəsinin tələblərinə görə "şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə oluna bilməz.

Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər".

İstintaq orqanı tərəfindən isə bu maddənin tələblərinə riayət olunmayaraq məhkəmə qərarı alınmadan ölmüş şəxsin adından danışan şahidlərin ifadələrini sübut növü kimi qəbul etməklə, qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur.

Hörmətli məhkəmə!

Əminəm ki, çıxaracağınız hökmdə Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinin tələblərinə riayət edib, ölmüş şəxsin adından danışan şahidlərin ifadələrini sübut kimi qəbul etməyəcəksiniz.

Məhkəmə istintaqı zamanı ifadə verən Elşad Abdullayevin qohumları – Əhmədov Hüseyn Mustafa oğlu, Hüseynov Şamil Sabir oğlu, Mursaliyev Azad Oktay oğlu və işçisi Əfəndiyev Ruslan Mahmud oğlu mənim əleyhimə ifadə vermədilər və hətta "Allah qapınızı açsın dedilər".

Elşad Abdullayevin qaynatası Əhmədov Hüseyn Mustafa oğlu Elşadı yaramaz adlandırdı.

Abdullayev Elşad İslam oğlu isə barəmdə olan videogörüntüləri məqsədyönlü şəkildə montaj etməklə mənim konstitusion hüquqlarımı kobud surətdə pozmuşdur.

Çünki əgər bu videoqurğu doğurdan da təhlükəsizlik kamerası kimi istifadə olunsa idi o, zaman 24 saat ərzində xəttə qoşulu qalmalı idi. Halbuki videodan da göründüyü kimi E.Abdullayev Hüseynov Şamil Sabir oğluna göstəriş verir ki, "Şamil söndürmə indi qayıdacaq" və videonun əvvəlində özü şəxsən mən otağa daxil olmamışdan qurğunu xəttə qoşur, çıxdıqdan sonra isə söndürür. Hörmətli məhkəmənin nəzərinə çatdırıram ki, hər bir dükanda mətbəx bıçağı satılır. Lakin əgər bu bıçağı kimsə üstündə gəzdirsə və ya bu bıçaqla kiməsə xəsarət yetirsə və ya öldürsə bu zaman mətbəz bıçağı funksiyasını dəyişir. Adi məişət əşyasından cınayət alətinə çevrilir. Belə olan halda təhlükəsizlik üçün nəzərdə tutulmuş kamera şantaj vasitəsi kimi qəbul edilməli deyilmi? Bununla təhlükəsizlik kamerasının funksiyası dəyişmirmi? Əvvəl qeyd etdiyim ana qanunumuz Konstitisiya, CPM –nin müvafiq maddələrinin tələbləri pozulmurmu və nəticədə videoçəkiliş qeyri – qanuni sayılmırmı? Bütün bunlardan sonra ittiham tərəfi bu gizli videoçəkilişi necə qanuni elan edə bilər?

Hörmətli Məhkəmə!

Hətta cinayət qanunvericiliyi də gizli çəkilişin aparıldığına görə, əlbəttə icazəsiz, cinayət məsuliyyəti nəzərdə tutur. Nə səbəbdən müstəntiq istintaq dövründə E.Abdullayevin bu hərəkətlərinə hüquqi qiymət verməmiş və bununla əlaqədar vəkilimin verdiyi yazılı vəsatəti təmin etməmişdir?

Hələ bunlar azmış kimi bu video saxtadır. Çünki ekspertizanın da rəyində qeyd olunur ki, bu video əsl deyil, bir formatdan digər formata köçürülmüşdür. E.Abdullayevin Bakı şəhər prokurorluğuna tam versiya adı ilə göndərdiyi videoda özünün yazdığına görə desək "texniki pozuntular" var. İstintaq orqanı tərəfindən isə bu texniki pozuntuların nədən ibarət olması müəyyən edilməmişdir. E.Abdullayevin sözcüsü E.Məcidlinin təbirincə desək video KİV - ə ötürülməmişdən öncə "üzərində tamamlama işləri gedib". Bu tamamlama işlərinin nədən ibarət olduğu hansı səbəbdən istintaq orqanını maraqlandırmayıb və Elnur Məcidlinin ifadəsi alınmayıb. Mən çox xahiş edərdim ki, hörmətli məhkəmə bu məsələyə öz münasibətini bildirsin.

Ümumiyyətlə heç bir dövlət idarəsi, özəl şirkət, hüquqi və yaxud fiziki şəxs hər hansı bir sənədin notarial qaydada təsdiq olunmamış surətini qəbul etmir. Məsələn: adi kserosurət çıxardan aparat vasitəsi ilə mən doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəmi saxtalaşdıra bilərəm. Kifayətdir ki, şəxsiyyət vəsiqəmdə doğulduğum yer qrafasında adi konselyariya mağazasında satılan ağ mürəkkəblə Bakı şəhəri sözünü pozub, Şəki şəhəri yazım və sonra onun kserosurətini çıxarım və Sizə təqdim edim və yaxud da hər hansı bir Jek-ə, hansı JEK, hansı idarə bu kserosurəti məndən qəbul edər. Hansı idarə notariusda təsdiq olunmamış kserosurəti mötəbər sənəd kimi ortaya çıxara bilər. Çox tragekomik bir vəziyyət alınır. Özünü professional adlandıran ekspertlər bu videonu qəbul edirlər, hələ bir buna rəy də verirlər, həmin rəydə 1. formatın dəyişdirilməsi, 2. texniki qüsurlar, 3. sinxronluğun itdiyini, 4. kəsilmələrin olduğunu, 5. ilkin formatları dəyişdirildiyini, 6. faylların və çəkilişlərin yaranma tarixinin müəyyən olunmadığın, 7. cümlələr arası və sözlər arası məntiqi rabitənin pozulduğunu, 8. akustik fonun dəyişdiyini, 9. keçid siqnallarının qeydə alındığını, 10. video fonoqramın ilkin olmadığını qeyd edir və istintaq da bunu mötəbər sübut kimi məhkəmənin qarşısına çıxarır.

Video qanunsuz olduğundan ondan törəmə də yəni ekspertizanın rəyi də qanunsuz hesab edilməlidir. Halbuki, müasir dövrdə kompyuterdən az – çox başı çıxan hər bir tələbə və şagird bilir ki, bütün bunlar montaj qurğusu vasitəsilə həyata keçirilir. Adi dillə desək montajnı ustroystva ilə toy çəkən hər bir kameraman bu işləri çox rahatlıqla hər gün həyata keçirir.

Eyni zamanda ekspertiza ədəbiyyat siyahısında 8-ci ədəbiyyatı göstərir ki, bu kitab 1995-ci ildə çap olunub və магнитная запись-lə bağlıdır. Məgər bu video maqnit zapisidir, bobin kassetadır, ruslar demiş "Побойтесь Бога". Nə maqnitnaya zapis 2013-cü ildir. Daha sonra göstərilir ki, yazılış keyfiyyəti orta aşağıdır.

Niyə? Ona görə ki, bu videonun başına min oyun gətirilib. Rəydə çox nöqtələr – müəyyən olunmayan söz və ifadələr, /// işarəsi ilə, yarımçıq qalmış söz və ifadələr isə (?) sual işarəsi ilə, dəqiq müəyyən olunmayan söz və ifadələr göstərilib. Təkcə 10-cu səhifədə müəyyən olunmayan söz və ifadələrin sayı 7 dəfə, yarımçıq qalmış söz və ifadələr 5 dəfə

səhifə 11-də - 4 dəfə

səhifə 13-də - 3 dəfə

səhifə 15-də - 8 dəfə

səhifə 16-da – 3 dəfə və s..

Beləliklə, bütün videonun stenoqramı davam edir. Artikulyasiya yoxdur, görünmür.

Hörmətli məhkəmə!


Daha bir kazusa diqqətinizi cəlb etmək istəyirəm. İstintaq orqanının dediyinə görə E.Abdullayev 1.000.000 pulu mənə Bakı şəhərində oktyabr – noyabr aylarında verib. Bu cümlə nə anlamına gəlir. 60 gün ərzində yəni 2 ayda E.Abdullayev mənə hər gün pul verib, yeri, vaxtı, günü göstərilməyib. Bakı şəhəri isə geniş məfhumdur. Onun bu başından o biri başına kimi ərazisi isə 70-80 km-dir.

İnanıram ki, məhkəmə bu qüsurların aradan qaldırılması üçün öz sözünü deyəcək. Və bəri başdan bir daha hörmətli məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, yuxarıda sadaladığım faktlara görə videonun qeyri – qanuni hesab edirəm.

Bununla bağlı bir daha bəyan edirəm E.Abdullayev mənə pul verməyib. Sevinc Babayeva mənə pul verməyib. Heç bir mandat alveri olmayıb, heç kimə qarşı dələduzluq hərəkəti etməmişəm. Elşad Abdullayev yalançıdır. O, məni nəinki bu məsələdə, həmçinin qardaşının oğurlanmasında da ittiham edir. Yazır ki, mənə pul vermişdi ki, əvvəl qardaşını tapım, sonra mənim əlimlə deputat seçilsin. Və ona görə deputat seçilmək istəyirdi ki, qardaşını oğurlayanları ifşa etsin. Bu adam nə danışdığının fərqində deyil. Belə çıxır ki, mən onun qardaşını oğurlamışam, sonra da deputat seçdirəcəyəm ki, oğruları ifşa etsin.

Yəni məni? Mən başa düşə bilmirəm oğruya, onu aldadan adama, ikinci dəfə pul verərlər? Abdullayev Elşad İslam oğlu Bakı şəhər prokurorluğuna göndərdiyi ərizədə mənə deputat seçkiləri ilə bağlı 1.000.000 ABŞ dolları, AŞPA – ya göndərdiyi məktubda 1.300.000 ABŞ dolları, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə göndərdiyi müraciətdə isə 2.000.000 ABŞ dolları verdiyini iddia edir. Bu müraciətlərdən görünür ki, o tamamilə yalan danışır və iddiası da tam əsassızdır. Həm İstintaq orqanı tərəfindən, həm də məhkəmə istintaqı zamanı Elşad Abdullayevdə bu pulların olub-olmaması faktı aydınlaşdırılmadı.

Elşad Abdullayev iddia edir ki, mənə 1.000.000(bir milyon) ABŞ dolları verib. Əgər onda 1.000.000 ABŞ dolları var idisə, onda o, 180.000 ABŞ dolları məbləğində vergi ödəməlidir. və bu haqda istintaqa arayış təqdim etməli idi. Əgər hesab edirsinizsə ki, bu pulları o, qeyri-qanuni yolla qazanıb, xahiş edirəm ilk öncə bunu ona isbat edin. Əgər Sizdə belə bir sübut yoxdursa, mənə yönələn 1 000.000 iddia rədd edilməlidir.

Hörmətli məhkəmə!

Elşad Abdullayevin təqdim etdiyi videoda nə pul görünür, nə də pulun verilmə və alınma səhnəsi göstərilmir. Söhbət mənası anlaşılmayan 500 və 1 rəqəmindən gedir. Əgər mənə videoya görə cinayət işi qaldırılıbsa, videoda nə pul var, nə də ki pulun alınıb-verilmə səhnəsi. Ümumiyyətlə həmin videogörüntüdə puldan söhbət getmir. Yox əgər Elşad Abdullayevin ərizəsi əsasında mənim barəmdə cinayət işi qaldırılıbsa, onda xahiş edirəm Elşad Abdullayevin ifadəsini elan edin.

Əgər söhbət mandat alverindən gedirsə, Elşad Abdullayev məndən soruşmalı idi ki, Gülər, sən məndən başqa daha kimlərdən pul alıb deputat seçdirmisən. Deputat seçkilərinə özün nə qədər pul vermisən. Belə bir danışıq olsa idi, onda söhbətin mandat alverindən getdiyini iddia etmək olardı. Yox əgər KİV-lərdə gedən materiallar əsasında cinayət işi başlanıbsa, 500 rəqəmini 500.000 dollar, 1 rəqəmini isə 1 milyon dollar yazan KİV nümayəndəsinin ifadəsini elan edin.

Çıxaracağınız hökmdə xahiş edirəm bu xüsusatlara qiymət verəsiniz. Belə ki, mənə elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində göstərilən mənim Elşad Abdullayevin etibarından sui-istifadə etməyim və onu aldatmağım bu yolla da ondan 1.000.000 ABŞ dolları almağım sübuta yetirilmədiyindən həmin maddə ilə mənə verilmiş ittiham əsassızdır və xitam olunmalıdır.

Bu adam hüquq professorudur, biznesmendir, dostluq etdiyi, ailəsinə gedib- gəldiyi şəxsə Arzu Kazımova pul verir, notariusa aparır. Məni 1-ci dəfə görür, heç bir əlaqəsi, dostluğu yoxdur, məndən adicə bir qəbz də almır. Halbuki 5000 manat üçün Əli Zəngilanskidən yazılı qəbz alır və bunu videoya çəkir. Abdullayev Elşad İslam oğlu zərərçəkmiş şəxs qismində tanınması və ona mənim tərəfimdən 1.000.000 ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini Sizdən xahiş etdi. Təbii ki, onun iddiası əsassız olduğundan məhkəmənin 2013 - cü il tarixli qərarı ilə rədd edildi.

Hörmətli Məhkəmə!


Məhkəmənin hazırlıq iclasında daha bir məsələ səsləndirildi. İcazənizlə bir daha bu məsələyə qayıtmaq istəyirəm. Fərz edək ki, bu kserosurəti məhkəmə də qəbul etdi. O zaman pulun alınıb – verilmə səhnəsi yoxdursa, hətta E.Abdullayevin qardaşının oğurlanması ilə bağlı Məmmədəli kişinin dediyi kimi eyni qayda ilə E.Abdullayevlə S.Babayevanın ikisinin iştirak etdiyi məqsədli videogörüntüdə E.Abdullayev tərəfindən öyrədilərək guya S.Babayevanın maşınına qoyulan pul dolu çemodanı açıb göstərmək, bu teatrdan "maddi sübut" kimi nümayiş etdirmək bu qədər çətin idimi?

E.Abdullayevin vəkili A.İsmayılov iddia edir ki, pulun G.Əhmədovaya verilməsi səhnəsini çəkmək üçün E.Abdullayevin imkanı olmayıb. Tutaq ki, belədir. Bəs bu iki dostun səhnələşdirdiyi videoda necə? Pulu göstərmək mümkün deyildi? Axı E.Abdullayev həmin videoteatrda sürücüsünə bir cemodan pulu maşına qoymağı tapşırır. Burada ki, bu pul göstərilə bilərdi. Buna A.İsmayılov hansı don geyindirəcək? Buradan çıxan yeganə nəticə ondan ibarətdir ki, heç bir pul alıb – vermə olmayıb. Zatən E.Abdullayevin yaydığı audio yazıda da mən Gülərə pul verməmişəm deyir.

Ən maraqlı suallardan biri də budur ki, qurama videonu "mötəbər sübüt kimi" qəbul edən istintaq həmin audio yazını nə ekspertizaya göndərib, nə də sübut kimi qəbul edib. Burada hansı məntiqdən danışmaq olar, eyni mövzuda bir neçə video və audio yazı KİV – də yayılır, istintaq orqanı isə yalnız bir saxta montaj olunmuş əsli olmayan video ətrafnda öz işini qurur. Burada nə məntiqdən, nə hər hansı sübutların ardıcıllığından danışmaq mümkün deyil. Mən buna nə ad verim, bilmirəm.

Cənab Baş Prokurorun məlum 01 oktyabr 2012 – ci il tarixdə verdiyi müsahibəsində hörmətli Zakir müəllim əslində istintaqa çox düzgün hüquqi yol xəritəsi verir. Bu müsahibədə deyilir ki, "G.Əhmədova ilə bağlı video material yayan E.Abdullayev Azərbaycana gəlməlidir. İlk növbədə E.Abdullayev G.Əhmədova ilə üzləşdirməli, cinayət işi ilə bağlı E.Abdullayev və müxtəlif suallar ünvanlanmalıdır.

Bu suallardan biri budur ki, E.Abdullayev hansı səbəbə görə bu görüntüləri 7 il saxlayıb, yalnız Azərbaycanı tərk etdikdən sonra ictimaiyyətə açıqlayıb. Əgər o, korrupsiya ilə mübarizə aparan şəxsdirsə, deputatlığa namizədliyini verdiyi dövrdə ona qarşı olan əməlləri istintaq orqanına bildirməli idi. Belə bir müraciət isə olmayıb". İndi mən bir daha soruşmaq istəyirəm ki, niyə 7 ildən sonra, niyə məhz prezident seçkiləri dövründə? Bəlkə ona görə ki, E.Abdullayev aldatdığı minlərlə tələbənin və onların ailələrinin başına açdığı oyunları bir daha 9 milyonluq Azərbaycan xalqının başına açmaq istəyirdi və inanırdı ki, 9 milyon içərisində ağıllı təkcə özüdür.

Bəlkə ona görə ki, etdiyi cinayətləri ört – basdır etmək üçün ən yaxşı yol bu idi.

Bu 7 il ərzində nə Elşad Abdullayevin, nə də Sevinc Babayevanın mənimlə əlaqədar nə MTN-ə, nə DİN-ə, Prokurorluğa hər hansı şikayət ərizəsi daxil olmamışdır.

Tərəfimizdən təqdim edilən arayışlar da bunu sübut edir.

Əslində E.Abdullayevi gümanlarında o qədər də haqsız saymaq olmaz. O planının bir hissəsini həyata keçirə bildi. Azərbaycan dövlətçiliyinin dünyada real gücə çevrildiyi bir məqamda onun düşmənlərinin dəyirmanına su tökdü. Amma nə qədər və nə vaxta kimi?

İstintaq müddətində istintaq orqanının Elşad Abdullayevin telefonlarını, yaşadığı yeri dəqiq bildikləri halda bizim dəfələrlə təkidlərimizə baxmayaraq o, istintaqa cəlb edilib dindirilmədi. Hətta Elşad Abdullayevin dindirilməsi üçün verdiyimiz vəsatət təmin olunsa da, cavabsız qaldı. Təklif də etdim ki, heç olmasa SKYPE vasitəsilə bizi üzləşdirin. Əfsus ki, istintaq bunu da bacarmadı. Cinayət işi üzrə əsas şahid olan Sevinc Babayevanın yerini prokurorluq orqanları bilə-bilə onu istintaqa cəlb edib dindirmədilər. Sevinc Babayevanın sağlığında yanında olmuş oğlu Ayxan Məmmədov anasının yerini prokurorluq orqanlarına dəqiq bildirmişdi.

Sevinc Babayevanın bacısı Təranə Səfərova və mənim həyat yoldaşım Fikrət Əhmədov isə Sevinc Babayevanın sağlığında dindirilsəydi, yerini bir daha dəqiqləşdirə bilərdilər. Lakin istintaq vəzifə səhlənkarlığı edərək buna biganə yanaşaraq əsas şahidin ifadəsini almamışdır.

İstintaq orqanı tərəfindən mənə elan edilmiş ittihamda göstərilir ki, mənim cinayət əməlim sms-lər vasitəsilə tam sübuta yetirilmişdir. Halbuki, məhkəmə istintaqı zamanı sms-lər tədqiq edilmədi və onlarda olan ziddiyyətlər aydınlaşdırılmadı. Tərəfimizdən təqdim olunan sms-lərə heç bir hüquqi qiymət verilmədi. Əminəm ki, çıxaracağınız hökmdə bu ziddiyyətlərə hüquqi qiymət verəcəksiniz.

Hörmətli məhkəmə!

Mənə elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilən ittihamda məndən şikayət edən Elşad Abdullayev ərizəsi üzrə dindirilməyib, mənimlə üzləşdirilməyib, iş üzrə əsas şəxs Sevinc Babayeva dindirilməyib, mənimlə üzləşdirilməyib, iş üzrə zərərçəkən yoxdur, mülki iddia təmin olunmadığı halda mən kiməm? Hansı əsaslarla istintaq orqanı məni dələduzluqda ittiham edir?

Hörmətli Məhkəmə!

Mənə verilən ikinci ittihamla bağlı bildirmək istəyirəm ki, mənim guya hansısa ağır cinayəti gizlətməyimdən söhbət gedir. Bu ittihamın absurdluğu o dərəcədədir ki, hətta işin halları ilə veriləcək sualları bir cümlə ilə kifayətləndirmək olar. Nəzərinizə çatdırıram ki, S.Babayevaya 2009 – cu ildə AR CM –nin 178.3.2 – ci maddəsi ilə cinayət işi başlanılmış və həmin işə 2 dəfə 16 oktyabr 2009 - cu il və 28 yanvar 2010 - cu ildə Sevinc Bababyevanın əməlində cinayət tərkibi olmadığına görə xitam verilmişdir. İşin ən maraqlı tərəfi ondan ibarətdir ki, həmin maddə ilə mənə 3 dəfə millət vəkilinə cinayət işi başlandıqdan sonra dərhal haqqımda qətimkan tədbiri seçilmiş, əvvəlcə "Polisin nəzarətinə vermək", daha sonra isə "Həbs" növündə qətimkan tədbiri seçilmişdir.

İlkin sübütlar olmadan E.Abdullayev S.Babayeva dindirilmədən mən 10 aydır ki, həbsdəyəm. Lakin həmin maddə ilə cinayət işi qaldırılmış S.Babayeva barəsində olan cinayət işində 2009 – cu ildən 2012 – ci ilədək şahidlər, zərərçəkən olduğu halda cinayət işi üzrə bütün istintaq hərəkətləri həyata keçirildiyinə baxmayaraq heç bir qətimkan tədbiri seçilməmiş ölkədən çıxışına məhdudiyyət qoyulmamışdır. Hələ azmış kimi bu cinayət işinə 2 dəfə xitam verilmiş, hətta Sevinc Babayeva vəzifəyə getmiş, kitabxana direktoru təyin edilmişdir. Onu necə cinayətkar adlandırmaq olardı? Bundan sonra 26 sentyabr 2012 – ci il tarixdə S.Babayeva rahatlıqla ölkədən çıxmışdır. Həmin tarixdən 10 gün sonra cinayət işi təzələnmişdir.

Onun haqqında heç bir məhkəmə qərarı olmamışdır və cinayəti sübuta yetirilməmişdir. Əgər S.Babayeva qanun tərəfindən ədalət məhkəməsi ilə cinayətkar elan olunmamışdırsa hansı cinayətdən söhbət gedir və mən hansı cinayəti bilib, hansı cinayəti gizlətmişəm?

Hörmətli Məhkəmə!


Mənə 13 fevral 2013 - cü il tarixdə müstəntiq Emzar Qocayev tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2 və 307.2 - ci maddələri ilə ittiham elan edilmiş və həmin ittihamda göstərilmişdir ki, guya mən 26 sentyabr 2012 - ci il tarixdə Sevinc Babayevaya 03 oktyabr 2012 – ci il tarixində müqəssirçilik elan ediləcəyini və 05 oktyabr 2012 – ci il tarixində onun barəsində Həbs növündə qətimkan tədbiri seçildiyini bilərək Türkiyə Respublikasına yola salmışam.

Hörmətli məhkəmə!


İstintaqın gəldiyi qərəzli nəticə ondan ibarət olmuşdur ki, mən 10 gündən sonra olacaq hadisələri bilə bilməzdim. Bu mümkün olan iş deyil, heç kim gələcəyi görə bilməz. Bu hal mənim barəmdə 2013 – cü ilin may və avqust aylarında Həbs növündə qətimkan tədbirinin uzadılması haqqında qərarlarda da öz əksini tapır. 14 avqust 2013 - cü il tarixdə isə Emzar Qocayev tərəfindən mənə həmin maddələrlə yenidən ittiham elan edilmiş və təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda mənim Sevinc Babayevanı Türkiyə Respublikasına yola salmam təsdiq olunmadığından bu fakt qərarda göstərilməmişdir.

Sevinc Babayeva Türkiyə Respublikasında olduğu müddətdə istədiyi insanlarla telefon əlaqəsi saxlayıb, həmin insanlar arasında dostu, qonşusu, oğlu, bacıları, anası, dayısı, xalası, o cümlədən də mənimlə əlaqə saxlayıb. Sevinc Babayeva türkiyədə azad yaşayıb. Onu zorla heç kim orada saxlamayıb. Oteldə isə zorla kimisə saxlamaq ümumiyyətlə mümkün deyil. Otel xidmətçisi hər gün onun yaşadığı nömrəni yığışdırıb, o hər gün otelin restoranında yemək yeyib, otelin bütün xidmətlərindən istifadə edib. Bunlar isə otelin təhlükəsizlik kameralarında öz əksini tapır. O, yaşadığı mənzildə də azad yaşayıb.

Mənzilin açarı onda olub, istədiyi vaxt daxili telefonla securitilərlə əlaqə saxlayıb,, istədiyi vaxt taksi sifarişi verərək ona lazım olan ünvanlara gedib. Türkiyədə restoranlarda olub ki, bunu şahidlər də təsdiq edir. (Ayxan, Fikrət, Təranə, Səlçuk). Bərbərxana, kosmetoloq xidmətindən istofadə edib. Brend mağazalardan alış – veriş edib, aldığı paltarlar da bunu bir daha sübut edir ki, o orada müstəqil olub, heç kim onu orada zorla saxlamayıb. Dükanlara, bazara, aptekə və s. gedib. Yaşadığı binada qonşuları ilə əlaqə saxlayıb. Təcili yardım xidmətindən, o cümlədən xəstəxanalardan istifadə edib. Belə ki, mərhumənin oğlu və bacısı 2012-ci ilin noyabr ayının 10-da İstanbula onun yanına gediblər və onunla bir neçə gün birlikdə yaşayıblar.

Hətta Ayxan Məmmədov bildirir ki, anamın pasportu və yaşadığı mənzilin açarı özündə olub və anam son dəfə (ölümündən 6 gün əvvəl) dekabrın 19-da faksla Azərbaycana etibarnamə də göndərib. Belə ki, cinayət işinin materiallarından məlum olur ki, 19 dekabr 2012-ci il tarixdə Babayeva Sevinc Telman qızı Türkiyə Respublikasından Bakı şəhərində avtoservisdə işləyən Anar Quliyevin adına vəkalətnamə göndərərək ona məxsus olan "Jeep" markalı avtomaşının satılmasını xahiş etmişdir. /cild 9, səh. 140, cild 19, səh. 71-73/.

Onu da qeyd edək ki, Məryəm Solmaz adı altında Türkiyədə yaşayan S.Babayevaya bu adı nə mən vermişəm, nə də ona Meryem Solmaz adı ilə pasport və ya şəxsiyyət vəsiqəsi almamışam. S.Babayevanın ölümündən bir neçə gün öncə onun dəqiq yerini bildikləri halda prokurorluq İnterpola S.Babayevanı axtarışa verir.

Sevinc Babayevanın oğlu Ayxan Məmmədov 28 dekabr 2012 – ci il tarixdə Türkiyədə verdiyi ifadəsində göstərir ki, "Anam Azərbaycanda Səlçuk adlı şəxslə tanış olmuşdu və ona kömək etmişdi. Anamın Türkiyədə yeganə tanıdığı şəxs Səlçuk adlı şəxs idi. Səlçuk anama bacı deyirdi ". "Anam getdikdən təxminən 15 gün sonra mənə zəng edərək, mənə görə narahat olmayın, mən yaxşıyam" demişdi. Ayxan Məmmədov onu İstanbulda qarşılayan adam haqqında "Çox güman ki, anam göndərmişdi" deyir. Daha sonra "Mən anamın yanında 2 gün qaldım, xalam isə bir neçə gün.

Anamın yanında qalarkən bir gün anam özünü pis hiss etdi və təhlükəsizlik nəzarətçilərinin vasitəsi ilə təcili yardım maşını çağırdıq". Daha sonra Ayxan Məmmədov ifadəsində "Video çıxmazdan əvvəl 1 gün axşam anam bizə ürəyinin ağrıdığını və müalicə olunmaq üçün Türkiyəyə gedəcəyini söylədi. Gecə tələm - tələsik təyyarə ilə Türkiyəyə getdi. Həmin günün səhərisi gedən videoda anamın 2008 - ci (?) il millət vəkilləri seçkisində namizəd olan Elşad Abdullayev adlı şəxsin namizədlərin arasından irəli çıxa bilmək üçün Gülər Əhmədova adlı şəxs arasında vasitəçi olduğu deyilirdi.

Ayxan Məmmədov özünü bu işdə məlumatlı adam kimi göstərməyə cəhd edir, halbuki baş vermiş hadisə haqqında 3 il səhv edərək məlumat verir. Şəxsən mən təəccüblənmirəm. Böyük bir ehtimalla anam bu xəbərlərin çıxacağını öyrəndiyi üçün tələm - tələsik Türkiyəyə getmişdi. Biz anamla bu barədə danışmadıq. Anamın gizli sirlərini bilən bir qohumum və ya dostu yox idi".

Hörmətli Məhkəmə!

Bu ifadəsində anasının ölümündən sonra Ayxan Məmmədov ilə bağlı anası ilə heç bir söz danışmadığını, anasının sirrlərinin heç kimin bilmədiyini yazır. Halbuki Türkiyədə anasının yanında 2 gün özü qalıb. Lakin Bakıya qayıdandan sonra birdən - birə E.Abdullayevin bu video ilə bağlı camur atdığı bütün şəxslər haqqında palaz - palaz intervyular verir, E.Abdullayevin müdafiəsinə qalxır E.Abdullayev və Sevinc Babayevanın ikilikdə çəkdirdiyi bütün videolara haqq qazandırır, ölkənin yüksək vəzifəli şəxslərinə böhtan ataraq bu videoların həqiqiliyini sübuta yetirməyə çalışır və anasının əlbəəl kimlərəsə pul verdiyini deyir. Bu gənci bu qədər yalan danışdıran kimdir?

Ayxan Məmmədovun iddia etdikləri, yalancı, xəstə təxəyyülün məhsulu olan video teatrların həqiqiliyini KİV - ə dönə - dönə deyən bu gəncdən istintaq soruşubmu ki, niyə yalan danışır. Zatən əminəm ki, istintaq onun yalan danışdığını və Elşad Abdullayevin təhriki ilə Azadlıq radiosuna və digər KİV - lərə yalan informasiya ötürdüyünün fərqindədir. Əgər belə olmasaydı, müstəntiq vəkilim Əfsər Talıbovun 06 iyun 2013 - cü il tarixli 324 saylı vəsatətində tələb etdiyi mənim barəmdə bilə - bilə yalan xəbərçilik etməklə məni ağır cinayət törətməkdə ittiham edən və yalan olduğunu bilə - bilə şərəf və ləyaqətimi ləkələyən ağır cinayətdə ittiham etməklə böhtan xarakterli məlumatları KİV - də yayan Ayxan Məmmədovun hərəkətlərinə hüquqi qiymət verməklə, onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini xahiş etmiş və müstəntiqin 13 iyun 2013 - cü il tarixli vəsatətin təmin edilməsi qərarı ilə vəsatət əsaslı olduğundan təmin edilmişdir.

Amma istintaq bitdiyinə baxmayaraq, istintaq orqanı tərəfindən həmin qərar icra edilməmişdir. Bu isə istintaqın təkcə qərəzli aparılması demək deyildir. Bu həm də o deməkdir ki, Ayxan Məmmədov Azərbaycanın dövlətçiliyinə xələl gətirən, nüfuzunu ləkələyən, məni və digərlərini mandat alverində suclayan müsahibələri hələ də cavabsız qalmışdır. Təklif edərdm ki, istintaq bir daha Ayxan Məmmədovun müsahibələrindəki ("Azərbaycan saatı", "Azadlıq radiosu", "Yeni Müsavat" və s.) dövlətçiliyə yönəlmiş şər və böhtanlarının hesabını sorsun. Cünki, bütün yalanların üstü açılmalıdır. Həqiqət və ədalət üzə çıxmalıdır. E.Abdullayev və Ayxan Məmmədovun KİV - lərə verdikləri müsahibələrdəki yalanları sübut etməlidirlər. E.Abdullayev siyasi sığıncaq alaraq istintaqdan gizlənməsini səbəb kimi göstərən istintaqa nə mane olur ki, eyni fikirləri cəmiyyətə və dünyaya sırımağa çalışan, dövlətin imicinə zərbə vuran Ayxan Məmmədovdan dediklərinin sübutunu tələb etsin.

Ya Ayxan Məmmədov dövlətimizdən və xalqımızdan üzr istəyərək yalan dediyini etiraf etməlidir, ya da istintaqda dediklərini sübut etməlidir. Nə səbəbə istintaq bu məsələyə göz yumur?

Mənim isə ümumiyyətlə bu cinayətdə heç bir təqsirim yoxdur. Mən bir millət vəkili olaraq Sevinc Babayevanın xahişi ilə onu vəkil ilə təmin etmişəm. Bu mənim 16 il ərzində gündəlik işlərimdən biri olub. Mən 1000 - lə qadının və uşaqlarının hüquqlarının müdafiəsi onları vəkillə, hüquq müdafiəçiləri ilə hər zaman həm təmin etmişəm, həm də şəxsən müdafiə etmişəm. Məgər bu iş millət vəkilinin statusuna uyğun deyilmi?

Mən Sevinc Babayevanı Azərbaycana qayıdacağı halda həmin iş üzrə həbs olunacağı barədə xəbərdar etməmişəm, onu Meryem Solmaz adı ilə 26 dekabr 2012 - ci il tarixə kimi qeyri - leqal yaşamasını təşkil etməyib və onu istintaqdan gizlətməmişəm.

Belə ki, Babayeva Sevinc Telman qızının oğlu Ayxan Məmmədov 2012 – ci il noyabr ayının 28 – də istintaqa verdiyi ifadəsində (cild 4, səh. 4 - 8) bildirir ki, 2012 – ci ilin noyabr ayının 10 – da xalamla birlikdə Türkiyəyə gəldim. Səhər saat 07 radələrində İstanbul Hava Limanından çıxanda bir nəfər türkün əlində mənim ad və soyadım yazılmış plakatı gördüm və ona yaxınlaşdım. Oteli xatırlamıram.

Ancaq xatırlayıram ki, otelin yaxınlığında "Miqros", "Marmaramarket" Ticarət mərkəzləri var idi. Anam özünü pis hiss etdiyi üçün ondan video barədə soruşmadım. 2 gün anamın yanında qaldım. Vəziyyət nisbətən yaxşılaşdığı üçün mən onu özümlə Bakıya gətirmək istədim. Anam isə hələ bir müddət burada qalmasını, yaxın vaxtlarda müalicəsini bitirib Bakıya qayıdacağını dedi". Daha sonra 02 yanvar 2013 – cü il tarixdə istintaqa verdiyi ifadəsində (cild 5, səh 131 - 134) göstərmişdir ki, anam İstanbula "Bəylik düzü ay işığı" adlanan yerdə qaldığını deyirdi və onunla tez – tez əlaqə saxlayırdı. Mən 0776006969 mobil telefonumdan Gülərin 0502116283 saylı mobil nömrəsinə zəng edib, Gülərdən anamın harada olduğunu və məlum video ilə bağlı sorğu – sual etdim.

Sonuncu dəfə danışanda isə Gülər xanım mənə "anan istəyir gəlsin, istəyir gəlməsin öz işidi" deyirdi. Mən Türkiyədə olduğum müddətdə 2 – 3 dəfə Səlçukla görüşmüşəm. Hətta bir dəfə mən, anam, xalam və Səlçuk xatırlamadığım restoranda yemək yemişik". 05 yanvar 2013-cü il tarixdə isə "Azadlıq" qəzetinə verdiyi müsahibəsində bildirmişdir ki, 2012-cil noyabr ayının 10-da xalamla İstanbula anamın yanına getdim. Gördüm ki, vəziyyəti yaxşı deyil. Bir neçə gündən sonra geri qayıtdım. Düşünürdüm ki, maşınımı satıb anamı gətirim. Əvvəlcə prokurorluğa getdim və orada bildirdim ki, anamı gətirmək istəyirəm. Dedilər heç bir problem yoxdur, get gətir.

Ayxan Məmmədov həmçinin müsahibəsində bildirmişdir ki, prokurorluq orqanları anamın Türkiyədəki yerini dəqiq bilirdilər və bunu onlara mən demişəm. Ananız İnterpolun axtarışına verilmişdi? Sualına Ayxan Məmmədov belə cavab vermişdir ki, bunlar hamısı yalandan idi. Onlar istəsəydilər (prokurorluq orqanları) anamı bir dəqiqəyə tapardılar.

Həmçinin ittihama məni Sevinc Babayevanı Türkiyə Respublikasında maliyyələşdirməkdə təqsirləndirirlər. İşin məğzi ondan ibarətdir ki, Ayxan Məmmədovun dediyi kimi Sevinc Babayeva xəstə olduğu və burada müalicə oluna bilmədiyi üçün Türkiyəyə getməyə hazırlaşırdı. Eyni zamanda E.Abdullayevin Respublika Prokurorluğunda işləyən qardaşından və digər ailə üzvlərindən çox qorxurdu. Video çıxandan sonra isə mənim ofisimdə durmadan Elsever məni tutduracaq, mən xəstəyəm, həbsə düşsəm dözə bilmərəm, mütləq Elşadla danışmalıyam" deyirdi. Mən ona həmin günün sabahı Prokurorluğa getməyi və ifadə verməyi tələb etdim.

Dedim ki, "arada mənim nüfuzum, adım ləkələnir, get olduğu kimi danış". O isə "Başa düş, mən xəstəyəm, ifadə verə bilməyəcəyəm, ölsəm özünü bağışlamarsan. Qoy gedim Türkiyədə müalicə alım, özümə gəlim. Sənə söz verirəm ki, biraz düzələn kimi Elşadın vayına oturacağam. Və hər kəs də biləcək ki, sənlik burda heçnə yoxdur". Çox ağladı, ürəyi tutdu. Dərman verdim, içdi. Ona çox yazığım gəldi. Soruşdum ki, "hara gedirsən, kimin yanına, kimi tanıyırsan? Cavab verdi ki, dostum var. Dostunun kimliyini araşdırdım. Bunu həm onun xəstə olduğu üçün narahat olduğumdan, həm də E.Abdullayev kimi ölkədən qaçıb çıxıb getməsindən və mənim şahidsiz qalacağımdan ehtiyat etdiyim üçün etdim.

Onu Türkiyədə olarkən xəstəliyinin sağalması üçün əlimdən gələni etdim. Özüm 24 saatlıq insult, psixi pozğunluğum və isterik vəziyyətimə baxmayaraq əlimi üstündən çəkmədim. Çünki, bu həm bir insanlıq aktı, həm də mənim xilas nöqtəm idi. E.Abdullayevi ifşa edə biləcək yeganə adam S.Babayeva idi. Nə bacardımsa etdim. Təəssüf ki,əcəl aman vermədi ".

Həm də unutmayın ki, Türkiyəyə getməmişdən öncə Sevinc Babayeva məndən halallıq istədi, bütün günahlarını etiraf etdi. Və mənə göndərdiyi mesajlarda da məndən üzr istəyir və onu tək qoymamağımı xahiş edirdi.

Bəli o qorxurdu, Elşad Abdullayevin prokurorluqda istintaqa nəzarət şöbəsində işləyən qardaşı Elsevər Abdullayevdən qorxurdu. Çünki, bu ailə çox adamları həbs etdirmişdi. Hələ bu günə kimi onlardan çox adam qorxur. İntihar edən, həbsə düşən qadınların hamısı onlardan qorxurdu. Sevinc tək deyildi.

Mən başa düşürdüm ki, Sevinc haqlıdır. Çünki əgər Elsevər olmasaydı, Elşad Abdullayev üzərində 3 cinayət işi ola-ola sərhədi necə keçə bilərdi? Onun özü ilə qaçan bacısının əri olmasaydı, Elşad bu işləri necə görə bilərdi? 4000 tələbəyə necə saxta sənəd verə bilərdi? Təəssüf ki, Elsevər Abdullayevlə bağlı xüsusi qərardad çox gecikdi. Sevinc Babayeva bu qərardadın çıxacağını bilsəydi bu qədər qorxmazdı və ürək xəstəliyinə də düşməzdi.

Daha sonra öyrəndim ki, S.Babayeva E.Abdullayev ilə əlbir imiş və video teatrların çəkilməsində iştirak edibmiş. Bunu həmin gün bilsəydim, onu öz əlimlə gətirib prokurorluğu təhvil verərdim. Nəticə olaraq onu qeyd edirəm ki,

1. S.Babayevanın cinayəti sübut olunmamışdır. Və onu heç kim cinayətkar elan etməmişdi, haqqında məhkəmə qərarı, hər hansı qətimkan tədbiri olmamış, cinayət işi 2 dəfə xitam olunmuşdu. Məhkəmə qərarı olmayan bir işdə cinayətkar yoxdursa,r işdə cinayətkar yoxdursa, hansı cinayəti gizlətmişəm. Kiməsə millət vəkili olaraq vəkil vermişəmsə, məgər bu cinayətdir?

2. S.Babayeva 26 sentyabrda ölkədən çıxıb, yanına qohumları gedib - gəlib, prokurorluğa ifadə veriblər, yaşadığı yer, telefonu məlumm olub, Bakının yarısı ilə telefonla danışıb. Nə səbəbdən, nəyə görə prokurorluq nəinki onun gətirilməsi üçün heç bir addım atmayıb, hətta telefon əlaqəsi belə yaratmayıb. Məgər mən prokurorluğun yerinə onu Bakıya gətirməliydim. Halbuki, mən buna da cəhd eləmişəm.

3. Xəstə bir insana kömək etməsəydim, sağalmağına çalışmasaydım, atasız, ərsiz, oğlu ola - ola tək qalmış qəribçilikdə olan bir qadına kömək etməsəydim, mənə söz verdiyi kimi "müalicə olunub gələcəyinə çalışmasaydım sizcə bu cinayət olmazdımı"?

4. Sevinc məndən heç vaxt pislik görməyib. Görsəydi Əvəz Zeynallının məhkəməsində gəlib, mənə görə özünü "şəhid" etməzdi. Açın, Əvəz Zeynallının xanımının məhkəmədə Sevincin özünü necə aparmasını oxuyun, lütfən. Bu gün Sevincin adından çox yalan danışmaq olar. Lakin həmin yay hadisədən cəmi 1-2 ay öncə onun mənə görə necə canfəşanlq etdiyini məhkəmədə hamı gördü.

O da doğrudur ki, Sevinc mənim xoş münasibətimdən sui-istifadə edib, mənim adımla işlər görüb, işin üstü açılandan sonra yalvar-yaxar edərək bağışlanmasını istəyib.

S.Babayeva bu dünyada yoxdur. Ruslar demişkən "о покойниках нужно говорить либо хорошо, либо ничего". Yəni haqqın dərgahına qovuşmuş bir insan haqqında nəsə demək inanclı bir şəxs olaraq mənə yaraşmaz. Bu gün 1 ildən artıqdır ki, mənim haqqımda onun oğlu olmazın böhtanlar, hədələr danışıb. Mən susmuşam. Çünki S.Babayeva rəhmətə gedib. Mənim mənəviyyatım ölmüş bir insanın ruhunu incitməyə imkan vermir. Hər kəs öz tərbiyəsinə və əxlaqına uyğun hərəkət edir. Hamımız dünyadan gedəcəyik. O zaman Allah - Təalanın hüzurunda Sevinclə üzləşəcəyəm.

Düzdür bu dünyada olanda o məndən halallıq alıb, amma mənə bu qədəri məlum deyildi.

Hörmətli Məhkəmə!


Bakı şəhər prokurorluğunun istintaq idarəsinin müstəntiqi Emzar Qocayev mənə Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə ittiham irəli sürərkən onu əsas gətirmişdir ki, "o, Türkiyə Respublikasının vətəndaşı Selçuk Ağlayanın vasitəsilə İstanbul şəhəri, Beylik düzü rayonunda yerləşən "Beynova" otelində və "Ay işığı" yaşayış kompleksində Sevinc Babayevanı Məryəm Solmaz adı ilə 26 dekabr 2012-ci il tarixə kimi qeyri-leqal yaşamasını təşkil edib həmin müddətdə Sevinc Babayevanın Türkiyə Respublikasında istintaqdan gizlənərək qalmasını maliyyələşdirməklə ağır cinayət törətmiş təqsirləndirilən şəxsin tutulmasına aktiv mane olub qabaqcadan vəd etmədən ağır cinayəti gizləşmişdir."

Hörmətli məhkəmə!

T.C. Böyükçekmece 8-ci instansiya Cinayət Məhkəməsinin 20 noyabr 2013-cü il tarixli məhkəmə iclasının protokoluna əsasən, Səlçuk Ağlayanın Sevinc Babayevanı orada zorla saxlanılması faktı təsdiq olunmadığından və Səlçuk Ağlayanın əməlində cinayət tərkibi olmadığından ona BƏRAƏT qərarı çıxarılmışdır. Belə olan təqdirdə istintaq orqanı tərəfindən mənə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2 – ci maddəsi ilə elan edilmiş ittiham absurddur. Belə ki, 26 sentyabr 2012 – ci il tarixdə Türkiyə Respublikasına gedən və ölən günədək yəni 26 dekabr 2012 – ci il tarixinə kimi Səlçuk Ağlayanın himayəsi altında olan və yaşayan Sevinc Babayevanın orada saxlanılmasında məni günahlandırmaq əsassızdır.

Buna görə də mənə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2 – ci maddəsi ilə irəli sürülmüş ittihamın heç bir hüquqi və faktiki əsası olmadığından həmin maddə ilə cinayət işinə xitam verilməlidir.

KİV – nin yaratdığı isterik vəziyyət bir müddət bəzi insanları çaşdıra bildi. Amma bu dövr artıq keçib. Kütləvi psixoz mərhələsi arxada qaldı. Kütləvi psixozun xarakterik xüsusiyətlərindən biri də ondan ibarətdir ki, belə hallarda həyatından narazı insanlar ailədə, ictimai və siyasi həyatda, karyerasında itirdiklərinin səbəbini adətən hər hansı bir şəxsi tapıb onun üzərinə yıxmaqla təsəlli tapırlar. Bu insan psixologiyasını bilən bütün mütəxəssislərə məlumdur.

Lakin zaman keçdikcə kütlənin özü üçün tapdığı qurban öldürüldükdən, həbs olunduqdan və ya başına gələn digər bədbəxtlikdən sonra daha doğrusu linc edildikdən sonra onların həyatında heç nəyin dəyişmədiyini gördükdən sonra artıq insanların psixologiyasında təəssüf və etiraf dövrü başlayır. Mən psixologiya alimi kimi bu prosesin məhz belə olacağını bilirdim. Bu mənim ixtisasımdır. Onu da bilirəm bu gün də olmasa nə zamansa həqiqət öz yerini tapacaq. Çox böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, həbsdə olduğum zaman öz səhhətimlə bağlı konvoy altında Sabunçu rayon xəstəxanasına aparıldım. Xəstəxanada olan onlarla insan məqam tapıb boynumu qucaqlayıb ağlayır, bəziləri Allah Elşadın evini yıxsın, bəziləri isə Gülər xanım Allah qapını açsın deyirdilər.

Bundan əlavə minlərlə insan Cənab Prezidentə, Mehriban xanıma, Oqtay Əsədova, Eldar Mahmudova, Zakir Qaralova, Ramiz Mehdiyevə müraciət edərək xahiş edirdilər ki: Gülər Əhmədovanı Elşad Abdullayevin şər və böhtanlarından qorumaqla ona yardımçı olsunlar. Bundan əlavə həmin insanlar ölkə başçısı İlham Əliyev cənablarına müraciət edərək xahiş edirdilər ki, "Biz Sizə bir dəfə müraciət etmişik. Bir daha müraciət edərək, Elşad Abdullayevin ölkəmizi və millətimizi dünyada biabır etməsinin qarşısını almağı, etdiyi cinayətlərə görə, 4000 - dən artıq ailənin bədbəxtliyinə səbəb olduğu üçün haqq - ədalət qarşısında cavab verməsini istəyirik.

Nə zamana kimi Elşadlar bu millətin çörəyini yeyib onun namuslu insanlarına şər atmaqda davam edəcəklər? Gülər Əhmədova kimi bir millət vəkili, Azərbaycan qadını, 3 əsgər anası niyə ona görə əziyyət çəkməli, həbsdə çürüməlidir. Siz kağız üzərində deyil bizim ürəyimizdə səs salmış Lider, xalqın Xilaskarısınız. Biz hər zaman Ulu Öndərin, Sizin ardınızca səsləyən Gülər Əhmədovaya kömək etmənizi, ona bəraət verilməsini bir daha xahiş edirik." Fürsətdən istifadə edərək haqqı nahaqa verməyən mənim və ailəmin ağır günlərində mənə və ailəmə dəstək olan, arxa duran bütün xalqıma, secicilərimə, o sırada fədakarlıq göstərmiş Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, yurd – yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkün, din bacı və qardaşlarıma dərin minnətdarlığımı bildirir, mənə verdikləri mənəvi dəstəyə və gücə görə onların qarşısında baş əyirəm. İstəyirəm bilsinlər ki, mənə göndərdikləri bütün şəkilləri, suvenirləri və quran kitablarını ömrümün axırına kimi ən əziz xatirə kimi saxlayacam.

Və söz verirəm ki, öz hüquqlarım, dövlətçiliyimiz və müstəqilliyimiz uğrunda sonuna kimi mübarizə aparacağam.

Elşad Abdullayevin sonsuz fantaziyalarına bir cümlə ilə cavab vermək istəyirəm.

Elşad Abdullayev, məndə heç bir gizli video yoxdur və olmayıb. Çünki mənim nə dövlət, nə də xalq qarşısında heç bir cinayətim olmayıb. Xahiş edirəm qurtar bu komediyanı. Mən 10 aydır ki, həbsdəyəm. Səni gözləyirəm, gözlərinin içinə baxmaq istəyirəm. Sənə verəcək çox suallarım var. Gördüyün kimi də arxamda da heç kim yoxdur. 10 aydır həbsdəyəm, baxmayaraq ki, 8 yaşlı uşağım var və 3 dəfə millət vəkili seçilmişəm. Gəl, gəl üzbəüz oturaq, danışaq. Gəl, Qurana əl bas ki, mənə pul vermisən. Bir də səndən xahiş edirəm. Bəsdir məni şantaj etdin. Mən heç vaxt sənə qarşı nə küçə söyüşü, nə də jarqon ifadələr işlətməmişəm. Ayıbdır. Düşmənçilik edirsən, kişi kimi elə. Olduğunu de, qurtar bu yalanları, qurtar bu şantajları!

Mən Azərbaycanın dövlət müstəqilliyi və nüfuzu uğrunda canımı belə qurban verməyə hazır insanam heç bir dövlət strukturundan şikayətim yoxdur, ən böyük günahım bir qadının, aldadılmış tələbələrin və ailələrinin hüququnu tələb etmək üçün E.Abdullayevlə görüşməyimdir. S.Babayevaya inanmağımdır. Bunun bədəlini 10 ay həbsimlə həm özüm, həm körpəm, həm də ailəm ödəyib. Qanun qarşısında günahsızam.

Hörmətli Məhkəmə!

Sizdən xahiş edirəm ki, çıxaracağınız hökmdə qanunvericiliyin tələblərinə uyğun olaraq Cinayət Prosessual Məcəlləsinin uyğun maddələrinə istinad edərək, hökmünüzü əsaslandırasınız. Nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikası Konstitusiyasının 64 – cü maddəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunları pozmaqla əldə edilmiş sübutlardan istifadə edilə bilməz.

Mənə elan edilmiş hər iki ittiham əsassızdır, mənim əməlimdə heç bir cinayət tərkibi yoxdur, mən cinayət törətməmişəm. Xahiş edirəm mənə Bəraət verəsiniz.

Əhmədova Gülər Mikayıl qızı

qafqazinfo.az