Azərbaycan dəniz quldurluğu ilə bağlı müzakirələrə qatılıb

5 Dekabr 2013 11:50 (UTC+04:00)
Londonda Beynəlxalq Dəniz Təşkilatı (BDT) Assambleyasının 28-ci sessiyası keçirilib.

AzNews.az-ın xəbərinə görə, sessiyada Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Noyabrın 25-dən dekabrın 4-dək keçirilən Assambleyanın 28-ci sessiyasında çıxış edən BDT-nin baş katibi Koji Sekimizu üzv dövlətlərin diqqətini beynəlxalq ictimaiyyəti narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi sahəsində görülmüş işlərə yönəldib.

Nümayəndə heyətləri hazırda dəniz quldurları tərəfindən əsirlikdə saxlanılan dənizçilərin vəziyyəti, onların və gəmilərin azad olunması üçün həyata keçirilən tədbirlərin gücləndirilməsi barədə müzakirələr aparıblar.

Eyni zamanda, sessiyada, görülən işlərin məntiqi nəticəsi olaraq son dövrlərdə əvvəlki illərlə müqayisədə dəniz quldurluğu hallarının azalmasının müsahibə olunması yüksək qiymətləndirilib.

Sessiyada Türkiyənin Azərbaycanda səfiri olmuş, hazırda qardaş ölkənin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Ünal Çeviköz 2 illik (2014-2015-ci illər) BDT-nin ali idarəetmə orqanı olan Assambleyanın sədri vəzifəsinə seçilib.

Sessiyada, həmçinin BDT-nin dəniz təhlükəsizliyi, qanunvericilik, dəniz ətraf mühitinin mühafizəsi, asanlaşdırma və texniki əməkdaşlıq komitələrinin hesabatları dinlənilmiş və "Yük nişanı haqqında Beynəlxalq Konvensiya", "Gəmilərin ölçülməsinə dair Beynəlxalq Konvensiya", "Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair Beynəlxalq Qaydalar"a təklif edilən dəyişikliklər nəzərdən keçirilib.

Tədbirdə BDT-yə üzv dövlətlərin könüllü audit yoxlamasından keçməsi və dəniz nəqliyyatı sahəsinə dair bir sıra digər mühüm normativ sənədlər barədə də ətraflı müzakirələr aparılıb.

Assambleyanın 28-ci sessiyasında BDT-nin ali icra orqanı olan Şura üzvlüyünə seçkilər keçirilib, ümumilikdə 40 dəniz dövləti Şuranın yeni üzvlüyünə seçilib.

Qeyd edək ki, BDT-yə dünyanın 170 dövləti üzvdür.

AzNews.az