Metroda hər ay 120 nəfərə tibbi yardım göstərilir

5 Dekabr 2013 12:00 (UTC+04:00)
Bakı Metropolitenindən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində orta hesabla 3-4, bəzən 5, ay ərzində isə orta hesabla 100-120 çağırış daxil olur.

Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova bildirib.

Metronun hər bir stansiyası ilə birbaşa olaraq əlaqənin olduğunu deyən baş həkimin sözlərinə görə, stansiyaya Bakı Metropolitenindən çoxlu çağırışlar daxil olur:

"Ümumiyyətlə, onlardan bizə çağırış çox olur. Sərnişinlərə də, işçilərə də, hətta polis əməkdaşlarına da yardım edirik. Bizə dəqiq istiqamət verilir, biz də vaxtında gələrək xəstələrə yardım göstəririk. Xəstələr əsasən yaşlı insanlar olur. Xəstəliklərin çoxu ürəktutmalarla bağlı olur. Yerin altına düşdükdən sonra onlarda atmosfer təzyiqi dəyişir. Əsasən də hipertoniya xəstəliyindən əziyyət çəkənlərdə bu hal özünü büruzə verir. Bəzi xəstələri oradan birbaşa xəstəxanaya aparırıq. Xəsarətlərlə bağlı çağırışlara isə çox nadir hallarda rast gəlinir".

AzNews.az