147 ölkə ilə ticarət əməliyyatları həyata keçirilib

5 Dekabr 2013 16:20 (UTC+04:00)

Azərbaycan Respublikasının rezidentləri dünyanın 147 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib. Belə ki, 101 ölkəyə əmtəə ixrac olunub, 138 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 29-u Amerika, 49-u Avropa, 38-i Asiya və s. ölkələridir.

Statistika Komitəsindən AzNews.az-a verilən xəbərə görə, bu ilin 10 ayı ərzində xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 36,2 milyard ABŞ dolları təşkil edib. Bu rəqəm 2012-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. Dövriyyənin 27,3 milyard dolları ixracın, 8,9 milyard dolları idxalın payına düşüb, nəticədə 18,4 milyard dollarlıq müsbət saldo yaranıb.

Ticarət əlaqələrinin 11,6 faizi MDB üzv-iştirakçı dövlətləri ilə, 43,1 faizi Avropa İttifaqı ölkələri ilə, qalan 45,3 faizi isə digər dövlətlərlə qurulub.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 9,5 faiz artaraq 1,4 milyard dollar təşkil edib.

Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 11,8 dollar artaraq 153,5 dollara bərabər olub.

AzNews.az