“Akkord”un 18 milyonluq istiqrazı yerləşdirilib

6 Dekabr 2013 13:06 (UTC+04:00)

"Akkord" Korporasiyasının ikinci dəfə buraxdığı korporativ istiqrazlardan 18 milyon manatlıq istiqraz artıq yerləşdirilib.

"Akkord" Korporasiyası tərəfindən buraxılan 50 milyon manatlıq korporativ istiqrazlardan 15 milyon manat məbləğində istiqraz "AtaBank" Açıq Səhmdar Cəmiyyəti, 3 milyon manat məbləğində istiqraz isə "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən əldə edilib.

Xatırladaq ki, buraxılışı Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi tərəfindən 04 noyabr 2013-cü ildə qeydiyyata alınmış "Akkord" Korporasiyasının korporativ istiqrazlarının ikinci emissiyası çərçivəsində hər birinin nominal dəyəri 1.000 (bir min) manat, məcmu nominal dəyəri 50.000.000 (əlli milyon) manat, gəlirlik dərəcəsi isə 11,75% təşkil edən 50.000 (əlli min) ədəd istiqrazlar dövriyyəyə buraxılıb.

Yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə həyata keçiriləcək istiqrazların dövriyyə müddəti 3 il təşkil edir. "Akkord" Korporasiyasının buraxdığı istiqrazların satışının təşkil edilməsi məqsədilə Market Meyker qismində "Azərbaycan Beynəlxalq Bankı" ASC çıxış edir.

AzNews.az