Hacı İbrahimi qarət edənlər saxlanıldı

7 Dekabr 2013 11:58 (UTC+04:00)
"Avesta" Konsernin xəzinədarını hədələyərək külli miqdarda pul aparılıb.

Daxili İşlər Nazirliyinin saytında bildirilir ki, dekabrın 6-da Nərimanov rayonu Məmməd Araz küçəsində yerləşən "Avesta" Konserninə girmiş Əlizamin və Füzuli adlı şəxslər orada xəzinədar işləyən Bakı şəhər sakini Vüqar Babayevi xəncərlə hədələyərək xəzinədə olan 135.000 manat pulu götürüb "İnfiniti" markalı avtomobildə gediblər.

Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən həmin şirkətin mühafizəçisi Füzuli Nəbiyev və Neftçala rayon sakini Əlizamin Əliyev tutulublar.

Xatırladaq ki, Hacı İbrahim nehrəmlinin ofisinə basqın olunması ilə bağlı məlumatı bu gün səhər "Axar.az" saytı yaymışdı.

AzNews.az