Prezident Kitabxanasında təqdimat keçirildi- FOTO

7 Dekabr 2013 20:01 (UTC+04:00)
Dekabrın 7-də Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarının Heydər Əliyevin xatirəsinə həsr etdikləri "Heydər Əliyev" ikicildlik tədqiqatlar toplusunun və "Heydər Əliyev. Azərbaycan elminin keşiyində. Sənədlər və materiallar" ikicildliyinin təqdimat mərasimi keçirilib.

Heydər Əliyevin vəfatının onuncu ildönümü ərəfəsində təşkil edilmiş tədbirə dahi şəxsiyyətin həyat yolundan bəhs edən fotoslaydların nümayişi ilə başlanılıb.

Layihənin rəhbəri, kitabların elmi redaktoru, giriş məqalələrinin müəllifi Əməkdar Elm Xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, AMEA-nın müxbir üzvi, tarix elmləri doktoru,professor Yaqub Mahmudovdur.

Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıb.

Prezident Kitabxanası ilə AMEA-nın Tarix İnstitutunun sıx əməkdaşlığından danışan direktor vurğulayıb ki, son illər institutun nəşr etdirdiyi bir çox kitabların təqdimat mərasimləri məhz bizim kitabxanada keçirilib. Eyni zamanda, Azərbaycan tarixi ilə bağlı bir çox kitabların elektron versiyalarının hazırlanmasında birgə fəaliyyət göstəririk.

Təqdimat mərasimdə çıxış edən layihənin rəhbəri Yaqub Mahmudov AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilmiş ikicildliklərin yazılma səbəblərindən, Heydər Əliyev irsinin gənc nəsillərə çatdırılmasında rəhbərlik etdiyi institutun həyata keçirdiyi layihələrdən söz açıb.

Diqqətə çatdırılıb ki, institutun əməkdaşlarının böyük zəhməti hesabına başa gələn "Heydər Əliyev" kitabının birinci cildi dahi şəxsiyyətin ömür yolunun müstəqillik illərinə qədərki dövrünü əhatə edir. Bu cildin hazırlanmasında arxiv materiallarından geniş istifadə olunmuşdur. Nəşrin ikinci cildi dahi şəxsiyyətin ömür yolunun müstəqillik dövrünü əhatə edir.

"Heydər Əliyev" ikicildliyinin ikinci cildi nəşrə hazırlanarkən Heydər Əliyevin əsərləri, nitqləri, çıxışları, müxtəlif dövrlərdə nəşr olunmuş ilk mənbələr, o cümlədən arxiv sənədləri və elmi ədəbiyyatdan istifadə edilib.

AzNews.az