İranla Rusiya beynəlxalq aləmi aldadır

11 Avqust 2012 08:35 (UTC+04:00)

Rusiyanın "Kommersant" qəzetinin yazdığına görə, İran S-300 zenit komplekslərinin tədarükü ilə bağlı Münsiflər məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb. Rəsmi Tehranın bu addımı ilə bağlı Rusiyanın İrana xəbərdarlıq etdiyi bildirilən məlumata əsasən Kreml sözügedən iddia geri götürülməzsə, Rusiya rəhbərliyinin nüvə proqramı ilə bağlı tutduğu mövqeni sərtləşdirəcək.

Məlumat üçün bildirək ki, Rusiya ilə İran arasında S-300 raket zenit komplekslərinin tədarükü haqda razılaşma 2007-ci ildə imzalansa da, bunun reallaşması texniki səbəblərə görə ləngiyirdi. Razılaşmanın icrasından imtina etdikdən sonra isə Rusiya Tehrandan aldığı 167 milyon dolları geri qaytarıb.

Sözügedən məlumatı AzNews.az-a şərh edən siyasi ekspert Qabil Huseynli deyib ki, İran Rusiyadan aldığı bütün silahların "kopyaları"nı çıxarır. Yəni pis-yaxşı həmin silahların istehsalını təşkil edə bilir: "Çünki Rusiya İrana silah verərkən həm də həmin silahların texniki sənədlərini də ona verir. Bir növ silahı deyil, silahın istehsalını da satır. Baxmayaraq ki, İran "S-300"zenit kompleksinin istehsal etdiyini bəyan edir, amma bu gün ona "S-300"lər və onun daha mükəmməli-S-400" favoritlər çox vacib lazımdır. Ona görə ki, İran bu gün müharibəyə hazırlaşır. Bu müharibədə də həmin silah növü təyyarələrə, hətta raketlərə qarşı kifayət qədər səmərəli silahdır. İndi isə İran bu imkandan mərhum olub. İranı da narahat edən odur. Çünki müqavilə imzalanmışdı, amma göndərilmədi. İranı yandıran həm də təkcə silah deyil, İranı yandıran Rusiyanın qərbin bu ölkəyə qarşı sanksiyalarına qoşulmasıdır. Buna görə də o belə hərəkət edir".

Məsələnin digər tərəfinin olduğunu vurğulayan Q.Hüseyinlinin sözlərinə görə, bu, dünyanı aldatmaq cəhdidir: "Yəni burada dünya ictimai rəyi qarşısında bir oyun oynamaq cəhdi də özünü göstərir. İran dünyaya mesaj verir ki, onlar heç də bütün məsələlərdə Rusiya ilə birgə hərəkət etmirlər. Yeri gələndə biz bir-birimizə qarşı bu cür hərəkətlər də edirik. Bu mənada bu silah oyunu zənnimcə, oyuna bənzəyir və bu heç də Rusiya-İran münasibətlərinə xələl gətirmir. Ola bilsin bu oyun həm də ona görə lazımdır ki, Rusiya hansı yollasa "S-300"ləri İrana ötürüb. İran isə bu yaxinlarda "S-300"ləri özü istehsal etdiyini bildirib ki, bu da sadəcə olaraq silah oyununun üstünü örtməyə xidmət edir. Bunun üçün belə bir məhkəmə oyunu ilə beynəlxalq ictimai rəyi aldatmaq planlaşdırılıb".


Gültən

AzNews.az