Həbs edilən dəstə üzvünün ittiham olunduğu maddələr

10 Dekabr 2013 11:37 (UTC+04:00)
Zaqatalada üç nəfərin ölümündə şübhəli bilinərək saxlanılan dəstənin digər üzvü 4 maddə üzrə ittiham edilib.

AzNews.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Raqib Bədəlov tutulub.

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 221-ci (xuliqanlıq) və 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə axtarışda olub.

Qeyd edək ki, noyabrın 24-də saat 16.00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində "VAZ-2107" markalı avtomobildə olan naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi "Hyundai" markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb.

V. Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb.

Baş vermiş hadisə ilə bağlı 9 nəfər saxlanılıb.

AzNews.az