“Mənə dua edin!” – Əməliyyat öncəsi

10 Dekabr 2013 13:44 (UTC+04:00)
"Çox həyəcanlıyam. Bir azdan cərrahi əməliyyata girəcəyəm. Dualarınız əskik olmasın. Mənə dua edin!"

Bunu AzNews.az-a xalq artisti, tanınmış televiziya diktoru Rafiq Hüseynov deyib. Onun sözlərinə görə, dekabrın 9-da müayinədən keçib: "Cavablar gələnə kimi çox narahat oldun. Dünən özümü çox pis hiss edirdim. Şükür Allaha ki, müayinənin nəticələri müsbət gəldi. Bunu biləndən sonra bir az rahatladım".

R. Hüseynov narahatlığının davam etdiyini, əməliyyatın nə qədər ağır olduğunu bildiyini də bildirib: "İnsan əməliyyata girəndə əlbəttə ki, narahatlıq keçirməlidir. Bu gün sizinlə danışa bilirəm. Amma sabah nə olacaq onu daha sizə dostum və həyat yoldaşım deyəcək. Çünki əməliyyat olunan insan yəqin ki, bir müddət danışa bilməz".

Xatırladaq ki, R. Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, əməliyyat üçün Türkiyənin "Florens Naytngel Hospital" klinikasına müraciət edib.

Bahar Rüstəmli
AzNews.az