Sürüşkən yollarda 9 avtoqəza qeydə alındı

12 Dekabr 2013 13:51 (UTC+04:00)
Dekabrın 12-də saat 14:00-a olan məlumata görə, gün ərzində paytaxt yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib.

Baş vermiş hadisələrin hamısı maddi ziyan dəyməsi ilə nəticələnib, ölən və xəsarət alan olmayıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəsinin sözlərinə görə, hadisələrin əksəriyyəti avtomobillərin sürüşüb digər maşına dəyməsi nəticəsində yaranıb. Hazırda paytaxtın enişli-yoxuşlu sərt döngələri nəzarətə götürülüb, hərəkət tənzimlənir:

"Hazırda paytaxtın Yasamal rayonu ərazisində yağan qar yollarda hərəkəti nisbətən çətinləşdirib. Nəzarət müşahidə kameralarından görünür ki, yollarda nəqliyyat vasitələri az olduğundan hərəkətin intensivliyi aşağı düşüb.

Hər halda avtomobil sahibləri və sürücülərindən xahiş edir və bildiririk ki, belə hava şəraitində bacardıqca şəxsi avtomobillərdən yox, ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilsin və avtomobillərdə faizlə rezin məmulatının üstünlük təşkil etdiyi təkərlərdən istifadə edilsin. Şüşəsilənlərin və əyləc sisteminin sazlığına diqqət yetirilsin. Əgər avtomobil texniki cəhətdən saz vəziyyətdə deyilsə, ondan istifadə etmək olmaz".

AzNews.az