Xırdalanda dəhşətli yanğın - YENİLƏNİB - FOTO

12 Dekabr 2013 18:07 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində 13 mərtəbəli yaşayış binasının çardağında yanğın baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları hadisə yerinə cəlb edilib. Hazırda binanın çardağının yanar konstruksiyaları yanmaqda davam edir. Nazirliyin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə təxliyə edir və təhlükəsizlik tədbirləri görürlər. Xəsarət alanlar barəsində məlumat yoxdur.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.



***

Saat 18.05

Xırdalanda baş verən yanğının miqyası böyüyür.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb edilib. Güclü külək nəticəsində yanğın binanın dam örtüyünə keçib. Hazırda binada yaşayan sakinlər evakuasiya edilir. Yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.



***

Saat 17:52

Xırdalanda yaşayış binası yanır.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllədə çoxmərtəbəli yaşayış binasının şaxtasında meydana gəlib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb olunublar.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


AzNews.az