Prezident Dədə Qorqud parkının açılışında

13 Dekabr 2013 12:20 (UTC+04:00)
Dekabrın 13-də Bakıda Dədə Qorqud parkının açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Mərhum prezident Heydər Əliyev 2000-ci ilin aprelində parkın yerləşdiyi bu ərazidə "Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında" Fərman imzalamışdı. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında" 2007-ci il 2 aprel tarixli Sərəncamı ilə Nazirlər Kabinetinə həmin Fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görmək tapşırılıb.

Geniş tikinti və abadlıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınıb. Parkın mərkəzində "Kitabi-Dədə Qorqud" abidəsi ucaldılıb. Abidənin müəllifi Əməkdar Rəssam, heykəltəraş Görüş Babayevdir.

Dövlətimizin başçısı əvvəlcə Azərbaycanın elm, təhsil və mədəniyyət ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev mərasimdə çıxış edib.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kamal Abdullayev və Xalq Rəssamı Görüş Babayev çıxış edərək dövlət başçısına minnətdarlıqlarını çatdırıblar.

Azərbaycan Prezidenti abidənin üzərindəki örtüyü götürüb.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra dövlət başçısı və tədbir iştirakçıları parkda yaradılmış şəraitlə tanış olublar.

Parkın 6 hektarlıq ərazisinin yarısında göl yaradılmışdır. Bu nadir gölün inşasında ən son yeniliklərdən istifadə edilib.

Quraşdırılan texnologiyaların müasirliyinə və mürəkkəbliyinə görə belə bir göl ilk dəfə Azərbaycanda istifadəyə verilir. Parkda müasir şəlalə yaradılmış, gəzinti üçün körpülər inşa edilib.

Dövlətimizin başçısı parkda yaradılmış şəraitdən razılığını bildirib.