Amerikalı konqresmen: “Bundan sonra ancaq “Azərbaycan türkləri” deyəcəyəm”

13 Dekabr 2013 13:59 (UTC+04:00)
Amerikada səfərdə olan Güney Azərbaycan İttifaqının nümayəndələri -Güney Azərbaycan Demokrat Partiyasının sözcüsü Mahmud Bilgin və Güney Azərbaycan siyasi fəalı Ayda xanım Kərimli Vaşinqtonda tanınmış konqresmen Dana Rohrabacherlə görüşüb.

AzNews.az xəbər verir ki, Rohrabacherlə birlikdə görüşdə Pol Berquitz də iştirak edib.

Görüşdə güneyli fəallar Dana Rohrabacherə Güney Azərbaycanla bağlı fəaliyyətinə görə təşəkkür edib.

Konqresmen öz növbəsində bəyan edib ki, hər bir millətin öz müqəddəratını təyin etmək hüququ var və Güney Azərbaycan da bu haqqa sahibdir: "Bu cür problemlərin əsas səbəbi ölkələrin sərhədlərin millətlərin haqları nəzərə alınmadan qərb siyasətçiləri tərəfindən çəkilməsidir".

Görüşdə amerikalı konqresmenə 21 Azər (12 dekabr) günü ilə bağlı məlumat verilib. Konqresmen Güney Azərbaycanda yaradılan ilk milli hökumətin süqutu ilə bağlı məlumatının olmadığını təəssüflə qeyd edib.

Görüşdə nümayəndə heyəti amerikalı konqresmenin Azərbaycan türkləri barədə "azəri" deyə bəhs etməsinə də münasibət bildirib. Güneyli fəallar "azəri" kəlməsinin İranda şah rejimi tərəfindən ortaya atıldığını və Güney Azərbaycan türklərini Türkiyə və Quzey Azərbaycandan ayırmaq məqsədi daşıdığını vurğulayıblar.

Amerikalı konqresmen bundan sonra ancaq "Azərbaycan türkləri" ifadəsini işlədəcəyini deyib.

Amerikalı konqresmen görüşdə Güney Azərbaycanın tezliklə müstəqilliyinə qovuşacağına inandığını vurğulayıb.

Elnarə
AzNews.az