Deputatlarımız xaricə gedir

13 Dekabr 2013 16:02 (UTC+04:00)

Milli Məclisin deputatları beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Milli Məclisin deputatları Asəf Hacıyev, Jalə Əliyeva, Musa Quliyev, Mübariz Qurbanlı və Ayaz Orucov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 42-ci Baş Assambleyasının iclasında iştirak etmək üçün dekabrın 16-dan 20-dək Gürcüstana səfər edəcəklər.

Tiflisdə keçiriləcək toplantıda quruma üzv olan ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, regionda kənd təsərrüfatının inkişafı, qlobal iqlim dəyişkənliyinin səbəbləri, bu prosesin zərərli təsirlərinin aradan qaldırılması üçün mümkün variantların nəzərdən keçirilməsi və digər cari məsələlər müzakirə ediləcək.

Qurumda nümayəndə heyətimizin başçısı, QDİƏT Parlament Məclisinin sədr müavini Asəf Hacıyevin "Qara Dəniz regionunda kənd təsərrüfatının inkişaf perspektivləri" mövzusunda çıxışı nəzərdə tutulur.

Milli Məclisin deputatı Azər Kərimli isə dekabrın 16-17-də Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq. Deputat bu ölkəyə Avropa Parlamentində "Yəhudi-müsəlman birgə yaşayışı. Avropada antisemitizmə cavab: Azərbaycan nümunəsi" adlı tədbirdə iştirak etmək məqsədi ilə gedir. Azər Kərimli mövzu ilə əlaqədar keçirilən müzakirələrdə Azərbaycanın tolerant ölkə olduğunu bildirəcək, ölkəmizdə ən müxtəlif xalqların nümayəndələrinin birgə yaşamaq hüquqlarından söhbət açacaq.

Sonra Azər Kərimli İtaliya-Azərbaycan Assosiasiyasının illik hesabat konfransında iştirak etmək üçün dekabrın 18-dən 21-dək Roma şəhərinə səfər edəcək.

AzNews.az