“Vəhhabilər Azərbaycanda sabitliyi pozmaq istəyirlər” - Axund

14 Dekabr 2013 09:25 (UTC+04:00)
"Xəvariclər, sələfilərdir, yəni vəhhabilər ənənəvi təriqət mənsublarına ciddi təsir göstərə bilmədiklərindən öz aralarında qarşıdurma yaradaraq, gündəmə gəlməyə çalışırlar. Bunu açıq demək lazımdır".

Bunu AzNews.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub zonası üzrə səlahiyyətli nümayəndəsi, axund Hacı Sədi Axundzadə deyib. O, bildirib ki, din insanlara dözümlülük öyrədir. Hər bir insanın qarşı tərəfə hörmətlə yanaşması ilahi dinlərdə ehtiva olunur:

"İnsanlar başqa birinin qıldığı namaza - ibadətinə, fikirlərinə, dəyərlərinə, məzhəbinə hörmətlə yanaşmalıdır. Bu İslamın vacibatlarındandır. İslamda isə radikalizm qəbul olunmur. Münaqişə yaratmaq və tərəflər arasında qarşıdurma toxumu səpmək, dözümsüzlük təbliğ etmək İslamın və ümumiyyətlə, dinlərin əleyhinə olan bir hərəkətlərdir". Axund qeyd edib ki, buna baxmayaraq son illərdə qeyri-ənənəvi cərəyanlar narahatlıq yaradır:

"Azərbaycan tarixində heç bir zaman məzhəb qarşıdurması baş verməyib. Ümumiyyətlə isə güclə nəyəsə nail olmaq mümkün deyil. Bu siyasi oyunbazların gündəmə çıxmaları üçün təfriqədir. Hər bir şeyə əl atıblar. Bu məzhəblərarası dialoqu pozmaq cəhdidir. Təbii ki, sünni ilə şiə qarşıdurma yaratmayacaq və provakasiyalara getməyəcəklər. Çünki hər iki təriqət mənsublarının ortaq dəyərləri mövcuddur".

S. Axundzadənin sözlərinə görə, bu sabitliyi qəbul etməyən yeganə təriqət isə xəvariclər, sələfilərdir, yəni vəhhabilərdir: "Bunu açıq demək lazımdır. Öz varlıqlarını bu yolla sübut etməyə çalışırlar. Amma bilsinlər ki, radikalizmi insanlıq qəbul etmir.

Adam güllələmək, ziyarətgah partlatmaq, uşaq öldürmək heç bir din tərəfindən də normal qarşılanmır. Adını nə qoyurlar-qoysunlar Allaha ibadət edən insan qan tökmək, zülm etmək, ümumiyyətlə sabitliyi pozmaq kimi əməllər edə bilməz. Din bir bıçağa bənzəyir. Bıçaq cinayətkarın əlində cinayət alətidir, amma evdə-mətbəxtdə xeyirli bir məqsəd üçün istifadə olunan əşyadır.

Din də belə demək mümkünsə, xəvaricin, radikal birinin əlində silah kimi istifadə olunur. Amma həqiqi mömin üçün din ilahi bir yoldur və insanlığı aşılayır". Bir neçə gün əvvəl Sumqayıtda baş verən qarşıdurmaya diqqəti yönəldən S. Axundzadə deyib ki, radikal insanların din adından danışaraq cinayət törətmələrini pisləyir:

"Bu əməllərin kökündə Azərbaycanda sabitliyi pozmaq, siyasi ambisiyalar durur. İslam dinini hörmətdən salmaq üçün ortaya atılan bir oyundur". Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Sumqayıtdakı hadisələrlə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, dekabrın 11-də saat 20.30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən "Çay evi"ndə ekstremist təmayüllü "Xəvarici"lərlə "Sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş vermiş, nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri alıblar. Silahlı münaqişənin iştirakçısı olan 7 nəfər saxlanılıb.

AzNews.az