Azərbaycan yığmasının Olimpiya rekordları

13 Avqust 2012 08:31 (UTC+04:00)
Londonda keçirilən 30-cu yay Olimpiya oyunları Azərbaycan idmanının tarixinə qızıl hərflərlə həkk olunacaq. İyulun 25-də başlayan və 19 gün (futbol turnirinin rəsmi açılışdan 3 qabaq başladığını nəzərə almaq şərtilə) davam edən mötəbər yarışı ölkəmiz özü üçün rekord sayılacaq 10 medalla tamamladı. Bunlardan ikisinin qızıl olduğunu da nəzərə alsaq, London-2012-in hələ çox xatırlanacağını indidən demək mümkündür.

Halbuki Olimpiadanın son iki gününə qədər bu yarış bizim "üzümüzə gülmədi". Belə ki, Azərbaycanın hesabında qızıl medalların olmaması, müxtəlif idman növlərində favorit sayılan həmyerlilərimizin isə uğursuz çıxışı heç kimi qane etmirdi. Amma, Olimpiya oyunlarının 15-ci günündə sərbəst güləşçilərimiz Şərif Şərifovun (84 kq) və Toğrul Əsgərovun (60 kq) çempion adını qazanaraq, yarışlarının keçirildiyi "Ekzel Arena"da 1 saat ərzində 2 dəfə Azərbaycanın himnini səsləndirməsi vəziyyəti köklü surətdə dəyişdi. Sonda, olimpiya yığmamız yay Oyunlarını 2 qızıl, 2 gümüş və 6 bürünc medalla başa vurdu.

Xatırladaq ki, Şərifov və Əsgərovdan fərqli olaraq, digər güləşçilərimiz – Rövşən Bayramov və Mariya Stadnik Olimpiya oyunlarını gümüş, boksçular – Məhəmmədrəsul Məcidovla Teymur Məmmədov, habelə ağır atletimiz Valentin Xristov və güləşçilər Emin Əhmədov, Yuliya Ratkeviç və Xetaq Qazyumov bürünc medalla başa vurdular. Müqayisə üçün nəzərinizə çatdıraq ki, 1996-cı ildə Atlantada keçirilən Olimpiya oyunlarında ölkəmiz cəmi 1, Sidneydə 2000-ci ildə təşkil olunan yarışlarda 3, Afinada baş tutan turnirdə 5, 2008-ci ildə Pekində keçirilən Oyunlarda isə 7 medal qazanıb.

Bununla belə, Londonda olimpiya yığmamızın heç də bütün üzvləri onlara bəslənilən ümidləri tam doğrulda bilmədilər. Belə ki, 2008-ci ildə Olimpiya çempionu titulunu qazanmış təcrübəli cüdoçumuz Elnur Məmmədlinin elə ilk görüşdəcə məğlub olub, mübarizəni dayandırması, habelə 3 qat dünya çempionu, kanoeçimiz Valentin Demyanenkonun mükafatçılar sırasına düşə bilməməsi üzücü məqamlardan hesab oluna bilər. Ümumilikdə isə, 53 idmançı ilə qatıldığımız yarışda 8 nəfərlik cüdo komandamızın heç bir üzvünun yarımfinala belə vəsiqə qazana bilməməsı məyusedici haldır: Elnur Məmmədli, İlqar Müşkiyev və Kifayət Qasımova ilk görüşdəcə məğlub oldu; Rüstəm Orucov, Ramilə Yusubova və Elxan Məmmədov mübarizəni 1/8 final mərhələsində yekunlaşdırdı; Tərlan Kərimovla Elmar Qasımov isə 7-ci yer tutular.

Olimpiya yığmamızın tərkibində eyni sayda boksçular da iştirak edirdi, lakin cüdoçulardan fərqli olaraq, onlardan yalnız ikisi – Məhəmmədrəsul Məcidovla Teymur Məmmədov bürünc medallara sahib ola bildilər. Yeganə qadın boksçumuz Yelena Vıstropova, habelə Soltan Migitinov və Məhəmməd Abdulhəmidov yarışı 1/8 final mərhələsində, Elvin Məmişzadə, Vətən Hüseynli və Heybətulla Hacəliyev isə 1/16 mərhələsində dayandırdılar.

6 nəfərlik ağır atletika komandamız cəmi bir bürünc medalla kifayətləndi. 56 kq çəki dərəcəsində iştirak edən Valentin Xristovun iyulun son günlərində əldə etdiyi nailiyyəti komanda yoldaşlarından heç biri təkrar edə bilmədi. Yığmamızın bolqarıstanlı legioneri Veliçko Çolakov zədə səbəbindən yarışlardan kənarda qalmışdısa, Əfqan Bayramov çıxışını ilk mərhələdəcə yekunlaşdırdı, Boyanka Kostova 5-ci, İntiqam Zairov – 6-cı, Sərdar Həsənov isə 8-ci yeri tutdu.

Azərbaycan olimpiya yığmasının tərkibində ən uğurlu nəticələri isə sərbəst güləş üzrə komandamız əldə etdi. Belə ki, yarışlara 6 nəfərlə qatılan millimiz ümumilikdə 2 qızıl və 1 bürünc medal qazandı. Toğrul Əsgərov, Şərif Şərifov və Xitaq Qazyumovdan fərqli olaraq, Əşrəf Əliyev və Camaləddin Məhəmmədov ilk döyüşlərdəcə məğlub oldular, Cəbrayıl Həsənov isə 5-ci yerlə kifayətləndi.

Yunan-roma güləşi üzrə komandamız Londonda iki medal qazandı. Rövşən Bayramovun gümüşündən və Emin Əhmədovun bürüncündən əlavə, digər üç idmançı yarışları mükafatsız başa vurdular. Belə ki, Həsən Əliyev 5-ci, Şalva Qadabadze isə 7-ci yerlə kifayətləndi. Saman Təhmasibi isə 1/8 final mərhələsində büdrədi. Qadın güləşçiləriməzə gəldikcə, cəmi iki idmançı ilə yarışlara qatılan millimiz Mariya Stadnikin timsalında gümüş, Yuliya Ratkeviçlə isə bürünc medallara sahib oldu.

Akademik avarçəkmə və kanoe üzrə komandalarımız da idmansevərləri sevindirə bilmədilər. Belə ki, avarçəkənlərimiz Natalya Mustafayeva yarışı 12-ci, Aleksandr Aleksandrov isə 5-ci yerdə başa vurdu. Kanoeçilərimizə gəlincə, Sergey Bezuqlıy-Maksim Prokopenko cütlüyü 1000 metr məsafəyə yürüşdə 4-cü yerlə kifayətləndilərsə, daha titullu Valentin Demyanenko ümumiyyətlə, final mərhələsinin sonuncusu oldu.

Atıcılıq idman növündə iştirak edən İradə Aşumova 10 metr və 25 metr məsafələrdə 39 və 23-cü yerləri tutaraq, mükafatçılar sırasından xeyli uzaq qaldı. Eyni zamanda, üzgüçülər Oksana Hətəmxanova və Yevgeni Lazuka da müvafiq olaraq, 44 və 38-ci yerləri tutdular. Velosiped idman növündə ölkəmizi təmsil edən Yelena Çalıx isə fərdi yarışlarda 20-ci yeri tutsa da, şosse yarışında ümumiyyətlə finiş xəttinə çata bilmədi. Qılıncoynatma idman növündə yeganə təmsilçimiz Səbinə Mikina da ümidləri doğrulda bilmədi. Gənc idmançı Olimpiya oyunlarının 1/8 finalında mübarizəni yekunlaşdırdı. Atçılıq yarışlarında isə Camal Rəhimova böyük ümidlər bəslənilsə də, çaparımız 40-cı yerdən yuxarı qalxa bilmədi.

Gimnastika yarışlarında bu il ölkəmiz iki idmançı ilə təmsil olundu. Belə ki, bədii gimnastikamızın lideri hesab olunan Aliyə Qarayeva son ana qədər inamlı təsir bağışlasa da, axırda 4-cü pillə ilə kifayətləndi. İdman gimnastikasında isə Azərbaycanı ilk dəfə təmsil edən Şakir Şıxəliyev 40-cı yerdən yuxarı qalxa bilmədi.

Yüngül atletika yarışlarında da ölkəmiz ciddi uğurlar qazana bilmədi. Belə ki, çəkicatma yarışlarında iştirak edən Dmitri Marşin 20-ci, 5000 metr məsafəyə qaçışda ölkəmizi təmsil edən Layeş Abdullayeva və Hayle İbrahimov isə, müvafiq olaraq, 32-ci və 9-cu yerləri tutdular. Nəhayət, taekvondo yarışlarında millimizin şərəfini qoruyan Ramin Əzizov 1/8 final mərhələsindən, Fəridə Əzizova isə 1/16 finaldan irəliyə keçə bilmədilər.

Ümumilikdə, Azərbaycan yığması XXX yay Olimpiya oyunlarını 30-cu yerdə başa vurmaqla, öz əvvəlki rekordlarını yenilədi. Eyni nəticə qazanan Polşa millisi bizimlə eyni pilləni bölüşdü, Türkiyə komandası isə 32-cu yerlə yarışı bitirdi. İlk üçlüyə gəldikdə isə, ABŞ komandası 104 medalla Olimpiya oyunlarını lider kimi başa vurdu. İkinci yerdə Çin (87), üçüncü yerdə isə Böyük Britaniya millisi (65) qərarlaşdı.

Emin Abbasov
AzNews.az