Yazarlarımız xaricdə siyasi sığınacaq axtarır - VİDEO

14 Dekabr 2013 22:42 (UTC+04:00)
Keçmiş deputat Hüseyn Abdullayev Almaniyadan siyasi sığınacaq almasaydı, bəlkə də mən bu süjeti hazırlamayacaqdım. Millət vəkilliyindən, bəstəkarlıqdan tutmuş biznesə kimi hər bir işlə məşğul olan Hüseyn Abdullayevi inanmıram ki, kimsə tanımasın. Amma şəxsən mən xatırlayıram ki, onun adı bir vaxtlar mitinqlərdə insanlara xəsarət yetirən qoçu dəstələrinin himayəçisi kimi tanınırdı. O zaman tanıdığım jurnalistlərin çoxu da -hansı ki, əksəriyyətinin də yazdığı bir qara qəpiyə dəyməzdi- məhz belə təzyiqləri əsas gətirib özlərinə siyasi sığınacaq aldılar.

Ad çəkməyəcəm, amma həmkarlarımdan indi çoxunun yadına düşəcək ki, jurnalistlərimizdən hətta bəziləri özlərini döydürüb sonra aradan çıxdılar və bu gün İsveçdə filanda yaşayırlar. Hüseyn Abdulayev isə Almaniyanı seçib. Bu yerdə xatırladım ki, inkişaf etmiş ölkələr arasında Almaniya hər il 571,700 nəfər qaçqınlar ən çox sayda qaçqın qəbul edən ölkədir. BMT-nin Qaçqınlarla İş Üzrə Ali Komissarlığının hesabatlarından məlum olur ki, ötən il dünya üzrə 900 min nəfər siyasi sığınacaq üçün müraciət edib və o statistikada azərbaycanlıların da payı var. Nə qədərdir? Bu haqda səhih məlumatlar verilmir. Amma köhnə illərin statistikası var. Məsələn, 2008-ci ildə bu rəqəm 1834 nəfər olub. Bu ondan əvvəlki illə müqayisədə 21% çoxdur. Hər il də bu statistika artan xətt üzrə davam edir. Onların sırasında bütün təbəqələri əhatə edən insanlar var. Siyasitçisindən, jurnalistindən, iş adamından tutmuş şairinə, yazıçısına qədər. Məsələn, sonuncu bu istəkdə bulunanlar gənc yazarlar Günel Mövlud, şair Murad Köhnəqaladır. Mətbuatdan bildiyimə görə, hətta sonuncu əvvəlcə Litvaya, hansısa yazıçı dostu ilə görüşə getdiyini bildirib. Sonradan səsi İsveçdən gəlib və məlumatlara görə, hazırda Murad Köhnəqala təzə qalasını İsveçdəki qaçqın düşərgələrindən birində tikir. Köhnəqalanın status alması uçün onunla bir neçə dəfə sorğu-sual keçiriləcək və 5-6 aydan sonra o İçveçdə siyasi sığınacaq almış nə bilim neçənci azərbaycanlı olacaq.

Və yaxud, Günel Mövlud. xatırlayıram ki, o da Azərbaycanı tərk edəndə və bunun səbəblərini erməni mətbuatına açıqlayanda, yeri gəlmişkən siyasi sığınacaq almaq üçün bu əsas şərtdir, gərək ölkəni söyəsən, özü də xüsusilə erməni mətbuatında - kolleqaları onu qınamışdı. Günel kəskin, sərt nə yazdı ki, indi də siyasi sığınacaq istəyir? deyə. Bəli, mən də bu gün eyni fikirdəyəm. Düşünmürəm ki, bu gün siyasi sığınacaq alaraq Azərbaycanı tərk edənlərə bu ölkədə təzyiqlər var. Xeyr. Onları sadəcə Avropada firavan yaşayış xülyası cəlb edir. Hərçənd mən qaçqın düşərgəsindəki firavan yaşayışı, ümumiyyətlə qürbəti cənnət başa düşə bilmirəm. Amma hər halda Hüseyn Abdullayev və onun soyadını daşıyan və daşımayan Abdullayevlər zənnimcə bunun fərqində olmaya bilər. Amma gərək Günel bacımız, Murad Köhnəqala qardaşımız belə etməsin. Bəlkə də onların fikrincə. Azərbaycan sözün həqiqi mənasında köhnə qaladır və ümumiyyətlə qaladır, onda çıxış yolu Avropaya sığınmaq deyil. Azərbaycanı Avropaya çevirməkdir. O da zənnimcə beyin adamlarının bu ölkədə cəmləşməsi ilə mümkün olacaq, beyin axını ilə yox.