Moskvada azərbaycanlı iş adamının bazarı yandırıldı

16 Dekabr 2013 08:38 (UTC+04:00)
Azərbaycanlı iş adamı, adı "Forbes"in siyahısında olan Qod Nisanova məxsus "Sadavod" bazarında güclü yanğın baş verib.


AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğını nəzarət altına almaq üçün hadisə yerinə 29 texnika və 111 canlı qüvvə cəlb edilib.

Yanğın yerinə təhlükəsizliyi və sabitliyi bərpa etmək məqsədilə polis əməkdaşları gəlib.

Bu, məşhur iş adamının bazarında bu il baş verən artıq ikinci yanğındır. Bundan əvvəl oktyabr ayında yanan bazarın qəsdən yandırıldığına dair məlumatlar gəzir.

Moskvada yerləşən bu bazar təkcə Rusiyada yox, həm də MDB məkanında ən çox müştəri cəlb edən obyektlərdən biridir. 1997-ci ildə meyvə-tərəvəz satışı üçün yaradılan bazarın ərazisi hazırda 40 hektardır. Hər gün bu bazara 200 min insan gəlir.

Noyabrda Moskva meri Sergey Sobyanin bazarın bağlanacağını və onun yerində böyük ticarət mərkəzi yaradılacağını bildirib.

Qeyd edək ki, son zamanlar Rusiyada miqrantlara qarşı aparılan əməliyyatlar zamanı "Sadavod" bazarında minlərlə miqrant saxlanılıb.

Elnarə
AzNews.az