Bəzi magistral yollar buz bağlayıb

16 Dekabr 2013 10:38 (UTC+04:00)



Azərbaycanın bəzi magistral yolları buz bağlayıb.


Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, ötən gecədən respublika ərazisinə yağan güclü qar bəzi magistral yollarda nəqliyyatın hərəkətində problemlər yaradıb.

K. Əliyevin sözlərinə görə, Bakı-Şamaxı-Yevlax yolunun 38-ci kilometrliyindən asfalt örtüyü buz bağlayıb. Bu istiqamətdə şinləri qış mövsümünə uyğun olmayan avtomobillər Müşfiq postundan Bakı-Qazax-Kürdəmir istiqamətinə yönləndirilir.

Bundan başqa, Muğanlı-İsmayıllı yolunda buzlama və qar müşahidə edilir. Bu istiqamətdə isə şinləri qış mövsümünə uyğun olmayan avtomobillər Qəndob-Xaçmaz istiqamətinə yönləndirilir.

K. Əliyev, həmçinin Quba-Qusar avtomobil yolunun buz bağladığını bildirib.

Şöbə rəisi sürücülərə idarə etdikləri avtomobillərdə mövsümi təkərlərdən istifadə etmələrini, yüksək sürətdən uzaq olmalarını tövsiyə edib.

AzNews.az