ŞOK: Vergilər Nazirliyində silahlı insident - EKSKLÜZİV

16 Dekabr 2013 14:04 (UTC+04:00)
Bir müddət əvvəl Bakıda Vergilər Nazirliyinin binasını atəşə tutan şəxs saxlanılıb.


AzNews.az-ın əldə etdiyi məlumata görə, hadisə təqribən 2 həftə əvvəl baş verib. Bir neçə il Nazirlikdə təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində çalışmış Samir adlı bu şəxs gecə saatlarında nazirliyin əsas giriş qapısını və təhlükəsizlik kamerasını atəşə tutub. Buna səbəb kimi onun uzun illər çalışdığı vəzifəsindən gözləmədiyi halda azad edilməsi göstərilir.

Məlumata görə, həmin şəxsin qardaşı da Vergilər Nazirliyində işləyib. Hadisədən ötən müddət ərzində gizlənməyə müvəffəq olan şəxs 4 gün əvvəl saxlanılıb. Hazırda işin istintaqı Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində aparılır. Hələlik şəxsin müdafiəsi ilə bağlı tanınmış vəkillərdən heç biri ilə müqavilə imzalanmayıb. Onun hüquqlarını təyinat üzrə ayrılmış vəkil müdafiə edir.

Məsələ ilə bağlı əlaqə saxladığımız Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yalnız araşdırma apardıqdan sonra cavab verəcəyini söyləyib. AzNews.az-ın əməkdaşının təkrar zənginə isə "Baş Prokurorluğun Mətbuat Xidmətində bu barədə məlumat yoxdur" deyə cavab verib.

Vergilər Nazirliyinin Mətbuat Xidmətindən də eyni cavabı veriblər: "Bu barədə bizdə məlumat yoxdur".

Məsələ ilə bağlı əlavə məlumat verəcəyik.

Elnarə
AzNews.az