“Avstraliyadakı azərbaycanlıları bir yerə yığdım” - Yaqub Zurufçu

16 Dekabr 2013 17:50 (UTC+04:00)
Müğənni Yaqub Zurufçunun Avstraliya konsertləri müvəffəqiyyətlə başa çatıb.


Müğənninin AzNews.az-a verdiyi məlumata görə, konsertdə o taylı-bu taylı azərbaycanlılar bir yerdə olub:

"Uzaq qürbətdə o taylı-bu taylı azərbaycanlılar bir yerdəydi. Bütün azərbaycanlıları bir yerə toplamışdım. Həmişə olduğu kimi bu konsertimi də "Azərbaycan" mahnısı ilə açdım.

Şux xalq mahnıları sədalarında rəqs edən həmyerlilərimiz Cahangir Cahangirovun "Ana" mahnısı ifa olunan zaman göz yaşlarına hakim ola bilmədilər. Hələ mənim özüm də bu əsəri oxuyarkən kövrəldim. Əsər konsertə gələnlər tərəfindən sürəkli alqışlarla qarşılandı".

Gecədə Azərbaycanın Avstraliyada yeni açılmış səfirliyinin nümayəndələri və səfir Rövşən Cəmşidov da iştirak edib. Səhnəyə dəvət olunan səfir konsertdən məmnun qaldığını deyib.

Bahar Rüstəmli
AzNews.az