“Azərikimya”da qanvermə aksiyası başlayıb

16 Dekabr 2013 21:16 (UTC+04:00)
Dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyində "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramı çərçivəsində növbəti qanvermə aksiyası başlayıb.

Birliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, "Azərikimya" İB-nin dəvəti ilə Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunan 12 nəfərlik xüsusi tibb briqadası tərəfindən aparılan və həftə boyu davam edəcək aksiyanın ilk günündə etilen-polietilen zavodunun 100-dən artıq əməkdaşı talassemiyadan əziyyət çəkən uşaqlar üçün qan veriblər.
Sonrakı günlərdə anbar təsərrüfatının, təmir-tikinti, nəqliyyat və xüsusi texnika idarələrinin işçiləri bu könüllü humanitar aksiyada iştirak edəcəklər. Qanvermə aksiyası həftənin sonunda "Azərikimya" İB-nin baş ofisinin və "Kimyalayihə" İnstitutunun əməkdaşlarının qan verməsi ilə başa çatacaqdır.



AzNews.az