Rauf Mərdiyev: “Müxalifətçi gənclərin ittihamı əsassızdır”

13 Avqust 2012 15:34 (UTC+04:00)

Sentyabrda Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatı və "Azad Gənclik" təşkilatı gənclərin forumunu keçirməyi planlaşdırırlar. VHP GT sədri Pünhan İmamlı mətbuata açıqlamasında bildirib ki, foruma iqtidaryönlü gənclər təşkilatlarını da dəvət edəcəyik: "Biz onları dəfələrlə belə tədbirlərə dəvət etsək də, onlar iştirak etməyiblər. Bu da hamıya aydındır. Deməyə sözləri, haqlı arqumentləri yoxdur".

Məsələyə münasibət bildirən "İrəli" gənclər təşkilatının sədri Rauf Mərdiyev müxalifətçi gənclərin ittihamlarını əsassız adlandırıb. Təşkilat sədri AzNews.az-a açıqlamasında deyib ki, biz keçirilən bütün tədbirlərdə 100% təmsil olunuruq: "Son dövrlər demək olar, keçirilən tədbirlərin hamısında fəal iştirak etmişik. Məsələn, bir müddət öncə müxalifyönlü gənclərin təşkil etdiyi İranda həbsdə olan gənc şairlərlə bağlı tədbirdə iştirak etdik.

Hansı gənclər təşkilatı tədbirlə bağlı təklif göndərirsə, İrəli gənclər təşkilatı olaraq həmin toplantıya qatılırıq. İndi də İrandakı zəlzələ ilə bağlı təşəbbüs qrupu yaradılıb. Biz orada da fəallıq göstərəcəyik. Sentyabrda keçirilən Gənclər Forumuna İrəli gənclər təşkilatını dəvət etməyiblər. Heç forum barədə məlumatım da yoxdur. Amma təklif etsələr, məmnuniyyətlə iştirak edərik"

İlkin
AzNews.az