Mal əti bahalaşır

13 Avqust 2012 16:56 (UTC+04:00)

Yayın isti tempraturu və mübarək Ramazan ayı ətin və ət məhsullarının qiymətinə təsir göstərməyib. Əksinə, adıçəkilən əzaq məhsullarının satışında bahalaşma müşahidə olunur. Bazarda 1 kq dana ətinin satış qiyməti 8-9, 1 kq quzu ətinin qiyməti isə 9-10 manatadır. Hətta bəzi satıcılar quzu ətinin 1 kq-nı 10 manat 50 qəpiyə satırlar. Belə davam edərsə, Ramazan bayramı günlərində mal ətinin 1 kq-nın satış qiyməti 11 manata çata bilər.

Yaranmış vəziyyətlə əlaqədar sualımızı AzNews.az-a cavablandıran Kənd Təsərrüfatı Naziliyi Heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcov bildirdi ki, bazarda 1 kq qoyun ətinin satış qiyməti 5 manat, 1 kq dana ətinin satış qiyməti isə 4 manat olmalıdır: "Qiymətlər ucuz olmalıdır ki, əhali də ala bilsin.

Digər tərəfdən dananı kəsmək düzgün deyil. Başqa ölkələrdə, məsələn Türkiyədə bir yaşı tamam olmamış dananı kəsmirlər. Dana cəmi 100 kq ət verir. Gərək onu kökəltsinlər. Belə olan halda dana 350-400 kq ət verir. Azərbaycandan başqa heç bir ölkədə dana kəsilmir. Süni surətdə qiymətləri qaldırırlar ki, bununla da İqtisadi İnkişaf Nazirliyi məşğul olmalıdır".

İqtisadi İnkişaf Nazirlindən isə Az.News.az-a bildirdilər ki, ətin qiyməti dövlət tərəfindən tənzimlənən qiymətlər sırasına daxil deyil. Ətin qiyməti bazarda tələb və təklif əsasında formalaşır. İİN yalnız süni qiymət artımının qarşısını ala bilər.

Müşfiq
Az.News.az