Müsavata sərt ittiham: “Onlara mandat söz verilib”

7 Yanvar 2014 11:56 (UTC+04:00)
"Müsavat partiyasının rəhbərliyində olan insanlar ilk əvvəl Rüstəm İbrahimbəyovun fəxri sədrlikdə olmasını bəhanə edirdi.
Rüstəm müəllimin rəmzi xarakter daşıyan postdan getməsindən sonra da Müsavat Partiyası Milli Şuradan getmək məsələsini müzakirə mövzusu etdi. Əslində bu faktın özü göstərirdi ki, Müsavat partiyası Milli Şuradan getmək qərarını çoxdan verib və sadəcə, bəhanə axtarışında idi".


Bu sözləri "Axar.az"a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat partiyasının Milli Şuradan getməsi xəbərini şərh edərkən dedi. O bildirdi ki, Milli Şura hakimiyyətə qarşı mübarizə aparan təşkilatların birlik formatı idi. Müsavat rəhbərliyi bu birliyi öz korporativ maraqlarına qurban verdi:

"Milli Şura bütün müxalif düşərgənin birlik formatı idi və Prezident seçkilərində də bunu təsdiq edərək, cəmiyyətin dəstəyini aldı. Milli Şuradan çıxmaq qərarının arxasında Müsavat partiyasının rəhbərliyində olan şəxslərin özəl və korporativ maraqları durur".

Fuad Qəhrəmanlı Müsavat rəhbərliyini mandat alverində də ittiham etdi:

"Bu maraqlar 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı olub və Müsavata təklif edilən mandatlar ola bilər. Təəssüf ki, Müsavat partiyasının rəhbərliyi öz korporativ maraqlarına görə partiyanın siyasi kursunu dəyişdilər. Bu dəyişiklik Müsavatın hakimiyyətə qarşı loyallaşmasına səbəb olacaq. Çox güman ki, bu qərar təkcə cəmiyyətdə deyil, həm də Müsavat partiyasının daxilində etirazla qarşılanacaq".

AzNews.az