“Müsavat dağıdıcı bir qurum kimi yadda qalacaq” – Rafiq Manaflı

7 Yanvar 2014 15:35 (UTC+04:00)
"Müsavat Partiyası Milli Şuradan getməklə cəmiyyətdə dağıdıcı bir qurum kimi yadda qalacaq".

Bunu AzNews.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rafiq Manaflı bildirib.

Onun fikrincə, Müsavat Partiyasının bu addımı Milli Şuranın monolitliyinə təsir etdi:

"Fakt ondan ibarətdir ki, Milli Şura Müsavat Partiyasından zərbə aldı. Amma Müsavatın Milli Şuradan getməsi ilə qurumun dağılmasını söyləmək çox tezdir".

R.Manaflı bildirib ki, Milli Şuradan getməyi ilə Müsavat Partiyası da ciddi zərbə alacaq: "Bu zamanında baş verəcək.

Müsavat Partiyasının daxilində də kifayət qədər Milli Şura tərəfdarı var və bu da partiya daxilində fikir ayrılıqlarının yaranmasına səbəb olacaq".

VHP-nin Milli Şurada fərdi qaydada təmsil olunduğunu deyən R. Manaflı bildirib ki, hazırda partiyanın qurumdan getmək qərarı yoxdur.

Amid Əyyuboğlu
AzNews.az