Fətullah Gülənin azərbaycanlı dostu danışdı- Müsahibə

7 Yanvar 2014 16:04 (UTC+04:00)
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair, tərcüməçi Məmməd Aslanın müsahibəsi.


Tanınmış şair Məmməd Aslanın Azərbaycanda ən böyük Fəthullah Gülən tərəfdarlarından biri olduğunu, hətta 1980-ci illərin sonlarında Türkiyədə Gülən icmasının keçirdiyi şeir müsabiqəsinin də qalib olduğunu bilirdik.

Odur ki, Türkiyədə Ərdoğan iqtidarı və Gülən icması arasında gərginlik yaranan vaxtda böyük şair və mədəniyyət xadimi, 80-90-cı illərdə Türkiyə ilə mədəni körpülərin qurulmasında xüsusi xidmətləri olmuş M.Aslanı tapıb danışdırmaq istədik. 15 günlük axtarışlarımız nəticə verdi.

-Məmməd müəllim, necəsiniz?

- Allahdan yüksək heç nə yoxdur. İndi göydə odur, yerdə də mənəm. Bir qaranlıq gecədir, yəqin ki, onun məndən xəbəri var. Ancaq mənim dünyadan xəbərim yoxdur. Çünki hazırda xəstəyəm, yorğan-döşəkdə yatıram. İnşallah babatlaşım görüşərik.

-Allah şəfa versin. Dediniz ki, xəstəyəm! Xəstəliyiniz nə ilə bağlıdır?

- Şəkərim qalxmışdı, Mikayıl Müşfiqin ölüm günü idi, onun büstünü ziyarət etməyə getmişdim, ordan qayıdandan sonra xəstələndim, şəkərim qalxdı. Hazırda da yaxşı deyiləm, müalicə olunuram. Elə sizinlə də yerimdən danışıram.

-Yəqin ki, xəstəliyinizə görə Türkiyədə baş verən son hadisələri də izləyə bilmirsiniz?

- Yox, izləyə bilmirəm. Ancaq izləyə bilmədən də sizinlə danışa bilərəm. Çünki mən Türkiyə ilə bağlı çox məlumatlı adamam.

- Elədirsə, o zaman Türkiyədə baş verən "rüşvət əməliyyatı" hadisəsi ilə bağlı fikrinizi bilmək istərdim. Bu hadisələri doğuran səbəblərlə bağlı yəqin ki, sizin də fikirləriniz var?

- Əslində mən qəti inanmıram ki, Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan ilə Fətullah Gülən arasında söylənildiyi kimi ciddi problemlər yaşansın. Fətullah Gülən xoca Ərdoğana qarğış etməz, o, Ərdoğanın sağ əlidir. Çünki Fətullah Güləni bir çox bəlalardan Ərdoğan xilas edib. Ərdoğanın da bütün uğurunun və qüdrətinin başında Fətullah Gülən dayanır. Bunlar bir-birindən ayrılmaz adamlardır.

- Bəs indi niyə bir-birinə qarşı sərt fikirlər söyləyirlər?

- Bunu mətbuat belə göstərmək istəyir. Əslində onlar bir-birinə qarşı deyillər. O gün Fətullah Gülən xoca yaxşı bir söz dedi. Dedi ki, düşməni tanımaq və ayırd etmək, onunla bacarmaq çox asandır. Hətta nə qədər çətin olsa belə yenə asan yol tapmaq mümkündür. Ancaq münafiqlərlə çətindir. Münafiq o adamdır ki, üzdə özünü sənə dost göstərir, arxada isə öz işini görür. Türkiyədə indi bu cür adamlar mövcuddur.

İndi Türkiyə Şərqin böyük güclü dövlətidir. Ona görə də Türkiyəni sarsıtmağa çalışırlar. Bu birinci hadisə deyil. Tarixdə bu cür cəhdlər dəfələrlə olub. Allah Türkiyəni bu böhrandan xilas etsin. Hər halda mən həm Fətullah xocanı, həm də Ərdoğanı çox sevirəm. Mən yenə də o fikirdəyəm ki, bu şəxslər bir bütövdürlər. Fətullah Gülənin dedikləri kimlər tərəfindənsə başqa cür başa düşülə bilər.

Ancaq Fətullah Gülən xoca Ərdoğana heç zaman qarğış etməz. Fətullah Gülən xoca bizim dəyərimiz və müəllimimizdir. O, İslam yolunda Peyğəmbərdən sonra ən çox əzab görmüş adamdır. Fətullah Gülən Ərzurumda böyüyüb başa çatıb. Ərzurumda isə Türkiyənin taleyi həll olunub. Yəni, bu şəhər Türkiyənin yürüş nöqtəsi sayılır. Ona görə də mən qəti inanmıram ki, Ərdoğan ilə Fətullah Gülən arasında hər hansı nifaq var. Ola bilər ki, kimsə bunu anlamır. Ancaq onlar bir-birini yaxşı başa düşür.

- Ərdoğan iqtidarı Fətullah Güləni daha çox İslam adından istifadə etməkdə və insanları zərərli yola çəkməkdə ittiham edir. Bu məsələyə münasibətiniz necə olar?

- Bunu İslami dona girənlərə aid etmək olar. Ancaq Fətullah Gülən xoca İslami dona girən adam deyil. Fətullah Gülənin əqidəsi və daxili hamıya yaxşı bəllidir. Azərbaycan xalqının da ona iman borcu var. Hətta o vaxt qətliam olanda mən Fətullah Gülənin Azərbaycanla bağlı başına-dizinə vurub ağladığı kadrları efirə vermişəm.

Hətta o vaxt rəhmətlik Əbülfəz Elçibəy prezident olan dövrdə mənə dedi ki, sən dövlətin edə biləcəyi bir işi özün etdin, buna görə sağ ol! Fətullah Gülən harda haqsızlıq varsa, ona qarşıdır, məzlumun yanındadır. Mən tam əminəm ki, onun haqqında deyilənlər də bizim anlamadığımız tərzdə söylənilən fikirlərdir. Mən bir ziyalı kimi açıq deyim ki, bu mənim vicdanımın səsidir, imanımdır. Fətullah Gülən isə bu imanın yiyəsidir. İndi dünyanın bir çox yerində onun nur tələbələri var.

Nurun kölgəsi yoxdur, ancaq nur olmasa, kölgə də olmaz. Fətullah Gülən xoca çox böyük qüdrətə malikdir. Türkiyədə sevilən şəxslərin başında dayanan adamdır. Əgər indi Fətullah Gülən münafiqlərə qarşı üsyan edirsə, bu, Ərdoğana və ya dinə qarşı deyil. Bu, yuvası dağılmağa layiq adamlara qarşıdır. Bu cür adamlar həm Türkiyədə, həm də digər ölkələrdə var. Onlar İslam dini pərdəsi altında Fətullah gülənə və digərlərinə qarşı çirkin işlərlə məşğul olurlar.

- Sizə elə gəlmirmi ki, bu məsələdə Ərdoğanın ən böyük riski məhz Fətullah Gülənə məxsus olan "ÇAĞ Öyrətim İşlətmələri"nin məktəblərinin Türkiyədə bağlanılması barədə qərarı oldu?

- Mən sizə bir söz deyim. Hələ o vaxtı Ərdoğan baş nazir deyil idi, o zaman da "ÇAĞ Öyrətim İşlətmələri"ni bağlamaq istəyirdilər. O zaman Fətullah Gülən xoca da xəstə idi. Fətullah Gülən xoca isə onlara dedi ki, gəlin bu məktəblərin hamısını verim dövlətin nəzarətinə, ancaq onları bağlamayın. Çünki bu məktəblərin tələbələri orada yaxşı təhsil alıb üzümüzü ağ edirlər. Məktəbləri bağlamaq Allaha ağır və acıq gedər.

Baxın, Fətullah Gülən xoca məhz belə adamdır, o din-iman adamıdır. Əgər mənim bu dediklərim Ərdoğanın qulağına çatarsa, tam əminəm ki, o da bundan əsla inciməz. Ərdoğan da mənim nəzərimdə Fatehdən sonrakı adamdır. İndi hər cür iblislər və fitnələr baş alıb gedir, çox çətin zamandır. Fətullah Gülən isə Allah üçün edir. Allah həm Fətullah Gülən xocaya, həm Ərdoğana yar olsun.

Mən indi Türkiyədə iki qüdrətli adam tanıyıram ki, onlardan biri Fətullah Gülən xocadır, digəri isə Rəcəb Tayyib Ərdoğan. Əgər bu gün Ərdoğan olmasaydı, bəlkə də türkün başında tük qalmazdı. Allah etməsin ki, Ərdoğanın başına bir iş gəlsin.

- Bəs Fətullah Gülənlə nə qədər yaxın tanışsınız?

- Biz heç zaman Fətullah Gülənlə üz-üzə görüşməmişik. Ancaq mən uzaqdan-uzağa onun dünyasına köklənmiş adamam. Mən Fətullah Gülən xocaya bir şeir də yazmışam. Bu şeirdə mən onun varlığına bir güzgü tutmağa çalışmışam. /Publika.az/