Zaminbankın kapitalı 30 faiz artırılacaq

8 Yanvar 2014 10:05 (UTC+04:00)
2013-cü ildə Zaminbank korporativ idarəetmənin səviyyəsinin artırılmasına, korporativ prosedurların və daxili normativ bazanın təkmilləşməsinə, məlumat açıqlılığının artırılmasına xüsusi diqqət yetirib. Bu barədə bankdan bildirilib.

Bank tərəfindən yaradılmış korporativ idarəetmə sistemi öz effektivliyini və dünya praktikasının qabaqcıl standartlarına uyğun yenilənmə qabiliyyətini təsdiqləyir. Bankın əsas kapitalı olan müştərilərin etibarını qoruyub saxlayaraq, qarşılıqlı inkişaf və rifaha xidmət etməkdir.

Zaminbankın 2013-cü ildə inkişafı müxtəlif strateji istiqamətlərdə reallaşıb: xidmət şəbəkəsinin genişləndirilməsi, beynəlxalq əlaqələrin və "Partnyorluqdan mənfəət" mövqeyinin inkişaf etdirilməsi və s.

01 yanvar 2013-ci il tarixilə müqayisədə Zaminbank məcmu kapitalını 23,65% və ya 9769,5 min manat artıraraq 01 dekabr 2013-cü il tarixinə 51070,14 min manata çatdırıb. Beləliklə, Mərkəzi Bankın 01 yanvar 2014-cü il tarixinə Azərbaycanın bank sektorunda fəaliyyət göstərən maliyyə institutlarının məcmu kapitalının 50 mln. manata çatdırılmasını Zaminbank vaxtından əvvəl yerinə yetirib.

İl ərzində aktivlərinin artım tempinə görə ölkə bankları içərisində 15-ci yeri tutan Zaminbank öz aktivlərini əvvəlki 01 yanvar 2013-ci illə müqayisədə 13,56% artıraraq 01 dekabr 2013-cü il tarixinə 430 130,81 min manata çatdırıb.

01 dekabr 2013-cü il tarixinə Zaminbank kredit portfelini həcmini 248 232,64 min manata çatdırdı. Bu artım 01 yanvar 2013-cü il tarixilə müqayisədə 4,7% artım ilə də müşayiət olunub.

2013-cü il "Zaminbank" ASC üçün uğurlu illərdən olub. Risklərin qiymətləndirilməsi və idarəolunmasına yanaşma, bazar seqmentinin seçilməsi, konservativ və ölçülmüş kredit siyasəti bizə nəinki 2013-cü ili uğurla başa vurmağa, həmçimin 2014-cü ilə optimizmlə baxmağa imkan verir.

2014-cü ildə Zaminbankın əsas prioritet məsələrdən biri bankın məcmu kapitalının ən azından 30% artırılması, filial şəbəkəsinin genişləndirilməsi və müştərilərə xidmətlə əlaqədar göstərilən əməliyyatların keyfiyyət və kəmiyyətinin artımına nail olmaqdır.

AzNews.az