Zakir Həsənovun "vurduğu" generala yüksək vəzifə

8 Yanvar 2014 11:07 (UTC+04:00)
Müdafiə Naziri Zakir Həsənov bir müddət əvvəl vəzifədən azad edib, hərbi hissələrin birinə daha aşağı vəzifəyə göndərdiyi general-mayor Fazil Aşumovu yenidən mühüm posta təyin edib.

"Axar.az"ın əldə etdiyi məlumata görə, Yeni il ərəfəsində məzuniyyətə göndərilən və daha sonra vəzifədən azad edilən Müdafiə Nazirliyinin Rabitə İdarəsinin rəisi general-mayor Fazil Aşumov Prezident İlham Əliyevin fərmanı ilə yaradılan 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun Rabitə rəisi təyin olunub.

Məlumatda bildirilir ki, Zakir Həsənov Rabitə rəisinin nazirlikdəki vəzifəsinə xitam verdikdən sonra, onu Şəmkirdəki hərbi hissələrin birinə aşağı vəzifəyə göndərib.

Lakin qısa müddətdən sonra aşağı vəzifəyə göndərilərək cəzalandırıldığı güman edilən general-mayorun Naxçıvanda yaradılan Əlahiddə Ümumqoşun Ordusunun Rabitə rəisi kimi mühüm vəzifəyə təyin olunması müəmma doğurub. Bildirilir ki, Müdafiə nazirinin yanvarın ilk həftəsində yeni tədris ilinə hazırlığını yoxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Fazil Aşımov Əlahiddə Ümumqoşun Ordusu Komandanı general-leytenant Kərəm Mustafayevə təqdim edilib.

AzNews.az