Özəl laboratoriyalar brusellyoz faktlarını gizlədir

15 Avqust 2012 19:05 (UTC+04:00)


İl ərzində Azərbaycanda insanlar arasında brusellyoza yoluxma ilə bağlı 200-ə yaxın fakt aşkarlanıb. Əvvəlki illərdə isə bu rəqəm hətta 600-ə yaxın olub. Bu barədə məlumatı Respublika Taun Əlehinə Stansiyanın direktor müavini Şair Qurbanov verıb. Onun sözlərinə görə, insanlar arasında bruselloza yoluxma əsasən kustar üsulla hazırlanan pendirlərdən keçir: "Pendir ən azı 60 gün ərzində duzlu suda saxlanılmalıdır. Əks halda belə pendirdən istifadə qorxuludur. Brusellyoza əsasən Gəncə-Qazax zonasının sakinləri arasında təsadüf edilir ki, bu da həmin bölgnin sakinlərinin pendirdən çox istifadə etməsi ilə bağlıdır".

Brusellyoza bir sıra hallarda düzgün diaqnoz qoyulmaması ehtimalının da güclü olduğunu deyən, direktor müavini bu xəstəliyin daha çox revmatizmlə qarışıq salındığını bildirib: "Düzgün aparılmayan müalıcə xroniki vəziyyətə, hətta əlilliyə səbəb ola bilər. Urək və böyrək çatışmazlığı olan xəstələrdə isə brusellyoz hətta ölümlə nəticələnə bilər".

Brusellyozla bağlı müayinələrin bir sıra səhiyyə müəssisələrində, o cümlədən özəl laboratoriyalarda aparıldığını vurğulayan Ş.Qurbanov özəl laboratoriyalarda bu faktların bəzi hallarda gizlədildiyini də qeyd edib:"Dövlət Baytarlıq Xidmətinin apardığı iş nəticəsində ölkəmizdə brusellyoz xəstəliyinin azalması müşahidə olunur. Lakin bununla belə hazırkı rəqəmlər belə çoxdur".

Kamalə
AzNews.az