“Naməhrəm“lərin internet yazışmalarına MÜNASİBƏT

8 Yanvar 2014 20:12 (UTC+04:00)
Naməhrəm qadın və kişilərin internet vasitəsilə söhbəti əxlaqsızlıq hesab olunur


İranın ali dini rəhbəri Ayətullah Əli Xamneyi yad kişi və qadınların internetdə bir-biriylə söhbətini qadağan edən xüsusi dini fərman imzalayıb. Naməhrəm qadın və kişilərin internet vasitəsilə söhbətini əxlaqsızlıq hesab edən Xamneyi bununla bağlı öz saytında da bəyanat verib.

Qeyd edək ki, müvafiq dini qanun İran hakimiyyəti tərəfindən sosial şəbəkələri dəstəkləyən smartfonların bloklanmasından bir neçə gün sonra qəbul edilib.

Bəs Azərbaycanda islam dini naməhrəm kişi və qadınların internetdə yazışmasına necə baxır?

Modern.az saytı məsələ ilə bağlı Azərbaycanın tanınmış ilahiyyatçılarının mövqeyini öyrənib.

QMİ rəsmisi: ""Facebook"da sevgi mövzusunda bir-biriylə yazışmaq haramdır"

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Mirəziz Seyidzadə: "Xamneyi düz deyib. O, Ali dini liderdir. O deyibsə, əxlaqsızlıqdır, deməli əxlaqsızlıqdır. Ancaq işlə əlaqədar yazışmaq, məlumat axtarmaq olar. Bu əxlaqsızlıq sayılmır. Bir də var məhəbbət macərası. Bu, olmaz. Ümumiyyətlə, dində məhrəm və qeyri- məhrəm adamların sevgi, məhəbbət macərası mövzusunda bir-biriylə yazışması, danışması olmaz, bu haramdır. Qaldı ki, qalan məsələlərə, əgər işlə bağlıdırsa bunun ziyanı yoxdur".

Hacı Şahin Həsənli: "Mövzu əxlaqa zidd deyilsə, o zaman ünsiyyət saxlamağın eyibi yoxdur"

Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli: "İnsanların istər sosial şəbəkələrdə, istər canlı ünsiyyəti haqqında dində göstərişlər var. Yəni, naməhrəm kateqoriyasına aid olan insanlar var. Bir-birinə məhrəm olmayan kişi və qadının ünsiyyəti zərurətdən doğarsa və günaha səbəb olmazsa, icazə verilir. Əsas ünsiyyətin mövzusudur. Mövzu əxlaqa zidd olmazsa, insanı günaha təhrik etməzsə o zaman ünsiyyət saxlamağın eyibi yoxdur. Zəruri həddə ünsiyyət saxlamağa icazə verilir".

Elşad Miri: "Xamneyi elə bir fətva veribsə, mən indi durum nə deyim"

İlahiyyatçı Elşad Miri: "Xamneyi elə bir fətva veribsə, mən indi durum nə deyim. Ora İran İslam Respublikasıdır. Orada qadınlar ayrı avtobusda, kişilər ayrı avtobusda gedir. Onların qadınlarla bağlı ayrı, bizdə ayrı hökmlər var. Məsələn, bu gün mənim bir ilahiyyatçı olaraq səhifəmdə 10000-dən çox insan var. Onların arasında qadınlar da var, suallarını yazırlar. Mən neyləyim? Cavab verməyim? Mütləq bir qadın professor tapım gətirim, otuzdurum burada. Peyğəmbərimizin vəfatından sonra onun xanımı Ayşənin yanına kişilər də, qadınlar da gəlib peyğəmbərimizin ailə məsələləri, digər məsələlərlə bağlı suallar verirdi. Peyğəmbərimizin xanımı da bu suallara onların başa düşə biləcəyi şəkildə cavablar verirdi.

Sadəcə, qadınla kişi bir-birinə eşq, sevgi formatında deyil, işgüzar danışıq formasında yazışırlarsa, problem yoxdur. Günah sayıla biləcək bir məsələ deyil. Bununla bağlı heç bir qəbahət yoxdur".


AzNews.az