Tanınmışlar intihara cəhd edəcəyini deyən qaziyə baş çəkdi- Fotolar

9 Yanvar 2014 08:41 (UTC+04:00)



Qarabağ qazisi, 1-ci dərəcəli əlil, 2-ci dərəcəli 20 Yanvar əlili, Çeçenistanın Milli Qəhrəmanı Arif Məhərrəmov 20 Yanvar hadisəsinin növbəti ildönümündə intihara cəhd edəcəyini bildirib.

Buna səbəb qazinin səhəttində yaranan problemlər, həmçinin qarşılaşdığı sosial çətinliklər, müharibə əlil və veteranlarına cəmiyyətdə laqeyd münasibətlərdir.

Hazırda Bakıdakı 5 saylı Klinik Xəstəxananın reanimasiya şöbəsində müəyyən xəstəliklərdən müalicə olunan A.Məhərrəmov AzNews.az-a bildirib ki, özü ilə yanaşı həyat yoldaşı da 20 Yanvar hadisələri zamanı yaralanıb.

Uşaqları isə müəyyən xəstəliklərdən əziyyət çəkir: "Etiraf etmək nə qədər çətin olsa da mən artıq intihar həddinə çatmışdım.

2001-ci ildə prezident İlham Əliyev şəxsən Olimpiya Komitəsinin qarşısında məni görərək yaxınlaşdı, söhbət etdik. Hələ o zaman vəziyyətimlə maraqlandı, amma bəzi məmurlar öz hərəkətləri ilə məni sındırmağa çalışdılar. Mən Çeçenistanın Milli Qəhrəmanıyam, amma öz vətənimdə qəbul edilmirəm".

Qeyd edək ki, yanvarın 7-də "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu, "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyinin sədri Almaz Zeynalova, Xocalı rayonunun Kərkicahan qəsəbəsindən məcburi köçkün, 2-ci dərəcəli əlil Nazim Hüseynov, şəhid ailələrini üzvləri, hüquq müdafiəçisi Şəhriyar Əbilov, gənc yazar Fidan Talıbzadə xəstəxanaya gedərək Arif Məhərrəmovu intihara cəhddən çəkinməyə çağırıblar.

Milli Məclisin deputatı Adil Əliyev də A.Məhərrəmovu ziyarət edib. Millət vəkili onun qarşılaşdığı problemlərin həlli istiqamətində zəruri tədbirlər görülməsi üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldıracağını bildirib.

A.Məhərrəmov dövlət başçısı İlham Əliyevə müraciət edərək, səhhətində yaranmış problemlərlə əlaqədar yardım göstərilməsini xahiş edib.

Elnur
AzNews.az