Nazir oğlunun radiosu yayıma başladı- VİDEO

9 Yanvar 2014 09:26 (UTC+04:00)
Artıq yol hərəkəti və nəqliyyatla bağlı suallarınıza cavab tapmaq çətin olmayacaq, çünki Azərbaycanın radio məkanına yeni qədəm qoyan, 107.7 fm tezliyində yayımlanan "Auto FM" radiosu sizə bu işdə kömək göstərəcək. Sentyabr ayından yanvar ayınadək texniki yayımla fəaliyyət göstərən "Auto FM" artıq əsas yayımla dinləyicilərin ixtiyarına verilib.

Bir sözlə yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlanmaq, nəqliyyatın intellektual idarəetməsi sisteminin işləmə mexanizmini ətraflı öyrənmək istəyirsinizsə, "Auto FM"-ə qulaq asmağınız kifayətdir.

Radionun direktoru Elnur Baimov "AzərTAc"a radio barədə məlumat verib. "Bizim başqa radiolardan fərqimiz ondan ibarətdir ki, biz Nəqliyyat Nazirliyi nəzdində Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzinin kameraları vasitəsilə yollardakı vəziyyəti daim izləyirik və saatda bir neçə dəfə bu barədə məlumat veririk, məsələn, Gəncə prospektində qəza baş verib, sıxlıq var, alternativ yol kimi Şıxlinski küçəsindən istifadə edin.

Radionun hədəfi ölkənin ən böyük FM dalğası olmaqdır. Buna görə də, radionun fəaliyyətinə peşəkarlardan ibarət komanda cəlb olunub. Gün ərzində efirdə ən sol xəbərlər, müxtəlif əyləncəli, intellektual proqramlar təqdim olunacaq.

"Azərbaycanda ilk dəfə olaraq, bizdə 2 radio serialı çəkiləcək. Səhərlər "Taksist" serialı, axşamlar isə "Tıxac" serialı efirə gedəcək", - deyə, E.Baimov vurğulayıb.

Qeyd edək ki, "Auto FM" radiosunun təqdimatı yaxın vaxtlarda baş tutacaq.




AzNews.az