Müsavatdan piket təklifi

9 Yanvar 2014 10:32 (UTC+04:00)
"Partiyanın qurultayının keçirilməsi ilə bağlı bir müddət davamlı müraciət edirik, sonra başqa məsələlər ortaya çıxır və unudulur. Vaxt isə gedir. Bununla da partiyanın Nizamnaməsi pozulur".

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının başqanının müşaviri Sabir Məmmədli bildirib. Partiyadaxili məsələlərin mətbuata çıxardılmasının tərəfdarı olmadığını deyən S. Məmmədli bildirib ki, istəyi qurultayın keçirilməsi məsələsinin gündəmdə saxlanılmasıdır:

"Bir müddət əvvəl bununla bağlı hakimiyyətə müraciətlər olunmuşdu və proses davamlı olaraq media səhifələrində işıqlanırdı. Artıq bəzi yoldaşlar qurultay məsələsini sanki yaddan çıxardıblar. Sadəcə olaraq istəyirəm ki, bu məsələ yenidən gündəmə qayıtsın".

Müsavat funksioneri təklif edib ki, aidiyyəti hökumət qurumlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirilsin və bununla da ictimaiyyətin diqqəti mövcud vəziyyətə yönəlsin:

"Artıq qurultayın keçirilməsi 2 ildir gecikdirilir. Ona görə də partiyanın bəzi strukturları tam fəaliyyət göstərə bilmir".

Qeyd edək ki, Müsavat Partiyası qurultayının keçirilməsi ilə bağlı bir neçə dəfə hökumət qurumlarına müraciət edib.

AzNews.az