“Ermənistan muzdlu hərbçilərdən istifadə edir”- MÜSAHİBƏ

9 Yanvar 2014 16:35 (UTC+04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı AzNews.az-a müsahibə verib.


- Ermənistan hərbi birləşmələri işğal etdiyi Azərbaycan torpaqlarında qeyri-qanuni təlimlər keçirir. Bu təlimlərin getdikcə intensivləşməyi xəbərləri yayılır. Bununla bağlı nə deyə bilərsiniz?


- İşğal olunmuş ərazilərimizdə Ermənistanın hərbi təlim adı altında fəaliyyəti, bizim məlumatlarımıza görə son dəfə 2013-cü ilin dekabr ayına təsadüf edib.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalçı Silahlı Qüvvələrinin bölmələrinin ərazilərimizdə yerləşməsini - hərbi təlimlərin keçirilməsi və ya hər hansı digər formada iştirakından asılı olmayaraq, bunun yolverilməz olduğunu bildirir.

- Dağlıq Qarabağda ermənilər tərəfindən muzdlu döyüşçülərin xidmətə cəlb olunması haqda xəbərlər yer almaqdadır. Müdafiə Nazirliyində bununla bağlı məlumatlar varmı?


-Ermənistan daim öz işğalçılıq siyasətində muzdlu döyüşçülərin xidmətlərindən istifadə etmişdir. Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarında, ordumuz ilə təmas xəttinin qarşı tərəfində əsasən muzdlu hərbçilərin xidmətindən istifadə edir. Məhz bu səbəbdən də işğal olunmuş ərazilərimizdəki düşmən hərbi hissələrində nizam-intizam aşağı səviyyədədir və orada çoxlu sayda problemlər mövcuddur.

Eyni zamanda Azərbaycan tərəfi bu kimi halları nəzarətdə saxlayır və muzdlu döyüşçülərdən istifadə edilməsini beynəlxalq səviyyədə kəskin surətdə pisləyir.

-NATO standartlarının tətbiqi istiqamətində bu günə qədər bir sıra proqramlar həyata keçirilib. Ordunun bütün hərbi birləşmələrində bu standartlara tam keçidi nə zaman nəzərdə tutulur?


-Hazırda Müdafiə Nazirliyinin xüsusi təyinatli təhsil müəssisələri müasir standartlara uyğun proqramlarla fəaliyyət göstərir. Son illərdə təhsil sistemi NATO ölkələrinin hərbi təhsil sisteminə uyğunlaşdırılıb və yüksək ixtisaslı hərbi kadrların hazırlanmasını təmin edir.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında magistr təhsil pilləsi üzrə ilk qəbul həyata keçirilib. Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin maddi-texniki bazası yüksəldilib, proqramlara uyğun olaraq yeni trenajorlar quraşdırılıb istifadəyə verilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Simulyasiya Mərkəzində komanda-qərargah təlimlərini ən yüksək səviyyədə keçirmək məqsədilə yeni kompüter proqramı tətbiq edilib. Təhsil müəssisələrinin professor və müəllim heyəti Amerika Birləşmiş Ştatlarının, Türkiyənin, Litvanın, İordaniyanın, Pakistanın, o cümlədən NATO-nun hərbi-təhsil müəssisələrinin nümayəndələri ilə plana uyğun şəkildə qarşılıqlı təcrübə mübadiləsi aparır.

NATO-ya inteqrasiya mərhələli prosesdir və qarşılıqlı əlaqələr çərçivəsində bu işlər uğurla davam etdirilir.

Amid Əyyuboğlu
AzNews.az