Saxta içkilər sexı aşkarlandı - Lənkəranda

9 Yanvar 2014 22:51 (UTC+04:00)
Lənkəranda qanunsuz fəaliyyət göstərən istehsal sexi aşkarlanıb.
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran ərazi idarəsinin əməkdaşlarının bu gün keçirdikləri reyd zamanı şəhərin mərkəzində qanunsuz fəaliyyət göstərən istehsal sexi aşkarlanıb. Məlum olub ki, sexdə ayrı-ayrı şəxslərə məxsus əmtəə nişanı altında sanitar gigiyenik tələblərə əməl olunmadan alkoqolsuz içkilər istehsal olunub.

Daxil olan məlumat əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran ərazi idarəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı Lənkəran şəhəri Əliağa Vahid küçəsində yerləşən, fiziki şəxs Məmiyev Emin İmaməli oğluna məxsus olan, 2 il ərzində qanunsuz fəaliyyət göstərən istehsal sexində ciddi qanun pozuntuları aşkarlanıb. Həm də sexdə antisanitariya vəziyyəti və sanitar vgigiyenik tələblərin pozulması müşahidə edilib. İstehlakçıların hüquqlarının qorunması məqsədilə keçirilən reyddə digər maraqlı məqamlar da ortaya çıxıb.

"Araşdırma zamanı məlum olub ki, həmin şəxs tərəfindən müxtəlif şəxslərə məxsus əmtəə nişanı altında məhsullar istehsal edilib. Ümumi məhsulun sayı 15 min ədəddən çoxdur. Həmin məhsullardan labaratoriyada müvafiq analiz götürülməsi üçün nümunələr seçilmişdir. Bu məhsulların istehsalı və satışı qadağan edən tələbnamə təqdim edilib",- deyə Xidmətin Lənkəran ərazi idarəsinin rəis əvəzi Namiq İbrahimov bildirib.

Labaratoriya analizlərinin nəticəsinə uyğun olaraq əlavə tədbirlərin görülməsi planlaşdırılıb və müəssisənin fəlaiyyəti lazımi sənədlər təqdim olunana kimi dayandırılıb.


AzNews.az