Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Moskvada həbs edildi- FOTO (Yenilənib)

10 Yanvar 2014 10:05 (UTC+04:00)
Moskva aeroportunda İnterpol tərəfindən həbs edilən və fırıldaqçılıqda ittiham edilən Müdafiə Nazirliyinin keçmiş əməkdaşının kimliyi bəlli olub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu şəxs 1965-ci ildə Sumqayıtda anadan olmuş, 1986-ci ildə Yaroslavrlda Ali Hərbi Məktəbi bitirmiş Yadigarov İlqar Heydər oğludur: "O, Müdafiə Nazirliyinin əməkdaşı olmayıb. N saylı hərbi hissədə xidmət edib. 4 aprel 2011-ci ildə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılıb".

Amid
AzNews.az



***
09:30

Moskvanın "Domodedovo" hava limanında Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı saxlanılıb.


Beynəlxalq axtarışda olan bu şəxs Rusiyanı tərk etməyə çalışıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya DİN-in İrkutsk vilayəti üzrə idarəsinin saytında şübhəli şəxsin saxlanması barədə məlumat yer alıb. Onun saxlanması İnterpolun İrkutsk bölməsinin və DİN-in birgə əməkdaşlığı sayəsində mümkün olub. Aeroportda saxlanılan bu şəxsin Azərbaycanda fırıldaqçılıqda ittiham edilərək axtarışa verildiyi bildirilir.

Hüquq-mühafizə orqanlarının versiyasına görə, 2010-cu ildə o, Müdafiə Nazirliyinin əməkdaşı olarkən bəzi mühasibatlıq sənədlərinin hazırlanmasında saxtakarlığa yol verib. Beləliklə də 125 min dollar mənimsənilib.

O, mühakimədən yayınaraq 2011-ci ildə başqa adla Rusiya sərhədini keçib. İrkutsk vilayətinin Nijneudinski rayonunun Xudoelanski kəndinə gedib.

Ancaq hüquq-mühafizə orqanları onun şəxsiyyətini müəyyənləşdirib. Lakin şəxs qəfildən izi itirərək yoxa çıxıb. Məlum olub ki, Rusiyanı tərk etməyə çalışır. Bundan sonra hazırlanan birgə əməliyyatla adı açıqlanmayan şəxs aeroportda saxlanılıb.

Elnarə
AzNews.az