Rusiya Azərbaycana təsirini gücləndirməyə çalışacaq – “Stratfor”

10 Yanvar 2014 09:45 (UTC+04:00)
2014–cü ildə Rusiya keçmiş SSRİ respublikalarında əldə etdiyi uğurları daha da möhkəmləndirməyə çalışacaq.


Bu proqnoz Amerikanın "Stratfor" Analitik Mərkəzinin məlumatında yer alıb.

AzNews.az xəbər verir ki, analitik mərkəz Rusiyanın Gürcüstan və Moldovanın Avropa İttifaqı ilə yaxınlaşmasına mane olacağını bildirib: "Həmçinin Rusiya Azərbaycan və Ermənistana təsirini saxlamağa və gücləndirməyə çalışacaq. Ukraynada 2015-ci ilin əvvəlində keçiriləcək prezident seçkilərinə ciddi təsir göstərəcək.

Avrasiya tərəfdaşlığı isə Asiya ölkələrinin hesabına daha da möhkəmlənəcək. Bütün bunlar üçün Rusiyanın cəmi bir ili, yəni ABŞ-ın İranla danışıqlar aparacağı 2014-cü il var".

Mütəxəssislər belə hesab edir ki, Rusiya 3 Qafqaz respublikasında indiki mövqeyini qoruyub saxlamağa çalışacaq. Hərçənd Amerika-İran danışıqları bölgədə İran və Türkiyənin fəallaşmasına təsir göstərəcək:

"İran Azərbaycana siyasi və sosial sahələrdə təsirini artırmağa çalışacaq. Türkiyə isə Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi olmağa cəhd göstərəcək". Ümumilikdə isə "Stratfor" ekspertləri belə hesab edir ki, Rusiya 2014-cü ildə bütün cəbhələrdə mövqelərini möhkəmlədəcək: "Bununla belə Tehran və Vaşinqtonun yaxınlaşması kimi Rusiya tərəfindən qəbul edilməyən məqamlar da olacaq".

Elnarə
AzNews.az