Bələdçilərin aksiyası ilə bağlı Rəsmi açıqlama

10 Yanvar 2014 12:33 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" QSC qatar bələdçilərinin etiraz aksiyası ilə bağlı rəsmi açıqlama verib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən AzNews.az-a verilən məlumata görə, açıqlamada bildirilib ki, son vaxtlar sərnişinlərə göstərilən xidmətin səviyyəsinin daha da yüksəltmək, qatarlarda qanunsuz yüklərin daşınması səbəbindən sərhəd-keçid məntəqələrində ləngimə hallarının qarşısını almaq məqsədilə beynəlxalq sərnişin qatarlarında kişi bələdçilərin qadın bələdçilərlə əvəzlənməsi prosesi aparılır. Bu məqsədlə aparılan islahatlar zamanı kişi bələdçilər işdən azad olunmur, yerli istiqamətdə hərəkət edən qatarlarda işlə təmin edilirlər.

Məlumatda o da qeyd olunub ki, artıq beynəlxalq və yerli istiqamətdə hərəkət edən Bakı-Moskva, Bakı-Tbilisi, Bakı-Ağstafa, Bakı-Köçərli, Bakı-Balakən, Bakı-Gəncə sərnişin qatarlarında qadın bələdçilər çalışırlar: "Bu günlərdə Bakı-Xarkov sərnişin qatarında da qadın bələdçilərin xidmətindən istifadə edilməsi nəzərdə tutulur.

Bu qatarda çalışan kişi bələdçilər yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında öz fəaliyyətlərini davam etdirəcəklər. Bir faktı da qeyd edək ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında çalışan bələdçilərin əmək haqqı beynəlxalq istiqamətdə çalışanların əmək haqqından yüksəkdir".

Amid
AzNews.az