Heydər Əsədov BMT rəsmisi ilə görüşdü- Foto

10 Yanvar 2014 14:23 (UTC+04:00)
Kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanda səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) heyvandarlıq sənayesi üzrə baş eksperti Anton Benneti qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycanda istehlakçıların sağlam və təhlükəsiz ət və ət məhsulları ilə təminatını yaxşılaşdırmaq üçün ölkədə müasir və beynəlxalq standartlara cavab verən kənd təsərrüfatı heyvanlarının kəsim yerlərinin infrastrukturunun inkişaf etdirilməsi sahəsində FAO tərəfindən müvafiq texniki dəstəyinin göstərilməsi olub.

H.Əsədov Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, kənd yerlərinin iqtisadi inkişafında və kənd əhalisinin güzəranının dəstəklənməsində heyvandarlıq sektorunun oynadığı mühüm rolu və bu sahənin inkişaf etdirilməsində böyük potensialın olduğunu vurğulayıb.

O, heyvandarlıq məhsullarının regionlarda emal, əlavə dəyərin əmələ gəlməsi və satış üzrə iş yerlərinin yaradılmasına geniş imkanlar açdığını qeyd edərək, sektorun inkişafı ilə əlaqədar rəhbərlik etdiyi nazirliyin qarşısına qoyduğu məqsədlərdən, o cümlədən Azərbaycanda heyvan mənşəli ərzağa artan tələbi qarşılamaq üçün heyvandarlıq məhsullarının istehsalını və məhsuldarlığını artırmaq, heyvandarlıq müəssisələrinə investisiya qoymaq üçün fermerlərə və sahibkarlara əlverişli mühit yaratmaq, heyvandarlıq sektorunun inkişafı üçün müvafiq texnologiyaları ərsəyə gətirmək, heyvan xəstəliklərinə effektiv və səmərəli qaydada nəzarət etmək, xidmətlərin göstərilməsində səmərəliliyi və effektivliyi gücləndirmək istiqamətində aparılan işlərdən və qarşıya qoyulan məqsəd və hədəflərdən danışıb.

Görüş zamanı heyvan kəsimi yerləri ilə bağlı dünya ölkələrində olan qabaqcıl təcrübə, Avropa standartları, Azərbaycanda bu alt sektor sahəsində mövcud olan çatışmazlıqlar və bu sahənin inkişaf etdirilməsində mümkün yanaşmalar ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda kənd təsərrüfatı heyvanlarının kəsim yerlərinin infrastrukturunun inkişaf etdirilməsi sahəsində FAO-nun köməkliyi ilə strategiyanın və proqramın hazırlanması ilə əlaqədar təşkilatla əməkdaşlığın edilməsi barədə razılığa gəlinib.

AzNews.az